Sərgilər
yaraşığı, dillər əzbəri: Qarabağ
atları
Qırat, Bozat... Çoxəsrlik tariximizdə xalq qəhrəmanlarının
yel qanadlı atının yüksək bədiiliklə səciyyələndirilən
rəmzləri. Folklorumuzda Azərbaycan atlarının,
xüsusilə Qarabağ atlarının rəmzi təsvirinə
tez-tez rast gəlinir...
Diqqət yetirsək görərik
ki, tarixdə Qarabağ atları haqqında nə qədər
dəyərli faktlar, fikirlər var. Hələ eradan əvvəl
IV-III əsrlərdə Makedoniyalı İsgəndər,
İran hökmdarı Dara öz süvari qoşunlarında
Qarabağ atlarının sayını artırırdılar.
...Atlar eramızdan əvvəl III
minillikdən etibarən əhliləşdirilib. Azərbaycanda
da atçılıqla ən qədim zamanlardan məşğul
olunub. Herodot yazır ki, Midiyada Nise adlanan geniş bir vadi var.
Orada çox şahanə atlar bəslənilir. Qədim
Albaniyada da atçılıq inkişaf edib. Midiyalılar və
albanlar atdan orduda və təsərrüfat işlərində
geniş istifadə edirlər.
Qarabağ atları mənşəyini
ən qədim zamanlarda Azərbaycan ərazisində mövcud
olan Manna, Midiya atlarının nəslindən
götürüb. Təkamül nəticəsində bu cinsdən
iki qol ayrılıb. Onlardan biri türkmən xalqının
yetişdirdiyi Axaltəkə atı, digəri Azərbaycan
xalqına məxsus olan Qarabağ atıdır. Bunun da dörd
tipi mövcuddur: Maymun, Qarnıyırtıq, Əlyetməz
(Ceyran ) və Toxmaq.
Qarabağ
atçılığının “qızıl dövrü”
XVIII-XIX əsr hesab edilir. Cinsin ən tipik nümunələri
Qarabağ xanları Pənah xan, İbrahim xan, Mehdiqulu xan, Cəfərqulu
xan və Xurşidbanu Natəvanın (Usmiyevlərin)
zavodlarında yetişdirilib. Bu atlar bir çox beynəlxalq sərgilərdə
iştirak ediblər. Məsələn, xan qızı Natəvana
məxsus “Əlyetməz” adlı ayğır 1867-ci ildə
Ümumrusiya At Sərgisində, “Xan” ləqəbli Qarabağ
atı isə həmin il Fransada keçirilən sərgidə
yüksək mükafat alıb.
Qarabağ atları bir çox
keyfiyyətləri ilə bərabər, həm də rənglərinin
orijinallığı və cazibədarlığı ilə
də diqqət çəkiblər. 1867-ci ildə Parisdə
keçirilən at sərgisində fransız qadınları
gümüş medala layiq görülmüş “Xan” ləqəbli
Qarabağ atının rənginə valeh olurlar. Onlar öz
saçlarını həmin atın rənginə
oxşadaraq açıq qızılı-kürən boyayırlar.
Bu, sonralar nəinki Fransada, hətta bir çox Avropa ölkələrində
də dəb olur...
Azərbaycan atları müəyyən
təbii-tarixi şəraitin təsiri nəticəsində dəyişib.
Nəticədə bir sıra yerli at cinsləri əmələ
gəlib. Bunlardan Qarabağ, Qazax (Dilboz), Quba və Şirvan
atları geniş yayılıb. Məşhur Qarabağ
atları xalqımızın əsrlər boyu
apardığı seleksiyalar nəticəsində yaranıb.
Qarabağ atının əsas yayıldığı yer Azərbaycanın
Qarabağ zonası olub. Ən yaxşı atlar Şuşa,
Ağdam, Füzuli, Cəbrayıl və bu rayonlara yaxın ərazidə
yayılıb. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və
Rusiyanın cənubunda yerləşən bir çox at
zavodlarına da aparılıb. Mütəxəssislərin
fikrinə görə, Qarabağ atları Rusiya və Avropada
atçılığın inkişafına böyük təsir
göstərib. Məlumata görə, 1823-cü ildə
ingilislər Mehdiqulu xanın zavodundan çox baha qiymətə
60 baş madyan alıb aparıblar...
Qarabağ atı başqa at cinslərindən
ilk növbədə rənginə görə fərqlənir.
Belə ki, Qarabağ atı çox nadir və qeyri-adi bir rəngə-parıldayan
narıncı rəngə malikdir. Sarı-qızılı,
qızılı-qonur rənglər də əsasən
Qarabağ atlarına məxsusdur. Yalı və quyruq tüklərinin
ucları qızarmış, tünd-şabalıdı rəngdə
olur. Çox az hallarda kəhər (qırmızı), boz və
çal rənglərə də təsadüf olunur. Bu atlar hədsiz
dərəcədə yaraşıqlı olmaları ilə də
seçilir. Tipik dağ minik atı olan Qarabağ
atının bədəni harmonik, mütənasib və
yığcam, arxası və beli düz, döşü və
gövdəsi enlidir. Orta boylu, başı balaca, gözləri
iri-mənalı, ayaqları yaraşıqlı, temperamentli və
oynaqdır. Dərisi nazik, tükləri yumşaq və
parıltılıdır. Yerişi geniş və cəld,
bütün hərəkətləri çevikdir. Quyruq
tüklərinin nazik olması bu cins atlara xüsusi gözəllik
verir...
Tədqiqatçıların
fikrincə, at cinslərinin ad çoxluğuna baxmayaraq, mahiyyətcə
bütün bu cinslərin hamısı Cənubi Qafqazın əsas
at cinsi olan Qarabağ atının nəsli dəyişmiş
qollarıdır. Qarabağ atları Kabardin və Don at cinslərinin formalaşmasında da əsaslı rol oynayıb. Mənbələrdən məlumdur ki,
1839-cu ildə Dona aparılmış
919 atın əksəri
Qarabağ cinsli olub. Donun aparıcı at zavodu
sayılan Platovun zavodu, demək olar ki, Qarabağ
atları ilə komplektləşdirilir.
Orta Asiya ölkələrinin
də at cinslərinə
Qarabağ atının
təsiri olub. Çingiz xan və Teymurləngin
Azərbaycana yürüşündən
sonra Orta Asiyaya çoxlu sayda at aparılır.
Qazaxıstan tədqiqatçılarının
fikrincə, bu ölkənin qərb bölgələrində yetişdirilən
atların təkmilləşdirilməsinə
Qarabağ atlarının
müəyyən təsiri
olub.
Məşhur rus rəssamı Vasili Vereşşagin
1870-ci ildə yazıb:
“Həyatımda gördüyüm
ən yaxşı atlar Şuşada Cəfərqulu xana məxsusdur. Heç yerdə bu cür atlar görməmişdim. Mən
bir cins erkək atın rəsmini çəkdim”.
Artıq ölkəmizdə - Bakı,
Şəki və Qazax şəhərlərində
atçılıq idmanının
inkişafına geniş
meydan verilib. Bakıda beynəlxalq tələblərə cavab
verən ippodrom yaradılıb. Şübhə
yoxdur ki, bu da ölkəmizdə
atçılığın inkişafına böyük
imkan və şərait yaradır...
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 4 may.- S. 15.