Əziz Şərif və Tiflis Azərbaycan teatrı
Görkəmli ədəbiyyatşünas,
filologiya elmləri doktoru, professor, əməkdar
elm xadimi Əziz Şərifin (1895-1988) ömrünün
müəyyən illəri
Tiflis şəhəri ilə
bağlı olmuşdur.
O, ötən əsrin
əvvəllərində Tiflis gimnaziyasında təhsil almış, daha sonra təhsilini Moskva şəhərində
davam etdirmiş,
1920-1935-ci illərdə Tiflisdə
mətbuat sahəsində
çalışmış, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində
məsləhətçi işləmişdir.
Əziz Şərif həm
gimnaziyada təhsil aldığı illərdə,
həm də əmək fəaliyyəti
dövründə Tiflis ədəbi
mühiti, o cümlədən
teatr mühiti ilə dərindən maraqlanmışdır. Ədib
özü sonralar bu barədə belə yazmışdır:
«Mənim həyatımda
olduğu kimi, gündəlik və müxtəlif yazı-pozularımda
da teatr müəyyən yer tutur. Uşaq vaxtımdan, Tiflisdə gimnaziyada oxuduğum illərdən mən teatra və teatr yaradıcılarına
yaxın olmuş, Tiflisdə Azərbaycan teatrının fəaliyyətində
iştirak etmiş və bütün ömrüm boyu teatr tamaşaları haqqında Tiflis mətbuatında,
bəzən də Bakı mətbuatında yüzlərlə irili-xırdalı
məqalə və resenziya yazıb çap etdirmişəm»
(Əziz Şərif.
«Keçmiş günlərdən», Bakı,
1977, səh. 148).
«Mədəniyyət»in
oxucularına məlumdur
ki, 1912-ci ilin aprel ayında Tiflisdə azərbaycanlıların
yaşadığı «Şeytanbazar»
məhəlləsində teatr
tamaşaları göstərmək
üçün Azərbaycan
Xalq Evi - «Auditoriya» açılmışdır.
Açılış mərasimində
şəhər idarəsinin
rəisi, habelə görkəmli ziyalılar
- Əbdürrəhim bəy
Haqverdiyev, Firudin bəy Köçərli,
Mirzəli Abbasov və başqaları çıxış etmiş,
Azərbaycan teatrının
tarixi və inkişafı, bu sənətin əhəmiyyəti
barədə danışmışlar.
Bundan sonra Tiflis Azərbaycan
teatrı öz tamaşalarını burada
göstərməyə başlamışdır.
Bununla yanaşı, Əziz Şərifin teatrla təması da canlanmış, o, məhz
həmin vaxtdan tədricən suflyor, tərcüməçi və
publisist kimi formalaşmışdır.
Professor Abbas Hacıyevin «Tiflis Azərbaycan
teatrı» kitabından:
«Əziz Şərif cavan yaşlarından
Tiflis ədəbi mühitinə
bağlı idi. Tiflis Azərbaycan teatrı aktyorlarını,
mühərrirləri tanıyırdı.
Teatrın göstərdiyi tamaşaların
çoxuna baxır, məşqlərdə, müzakirə,
müsamirə və Şərq axşamlarında,
xeyriyyə cəmiyyətlərinin
yığıncaqlarında iştirak edirdi».
Əziz Şərifin xatirələrindən
məlum olur ki, o, gimnaziyada oxuya-oxuya Tiflis Azərbaycan
teatrının bütün
tamaşalarına baxmış,
həm də teatrın işlərində
yaxından iştirak etmişdir. «Gündəlik»dəki
qeydlərindən məlum
olur ki, ədib 1912-ci il
aprelin 22-də «Auditoriya»da
göstərilən «Pəhləvani-zəmanə»
tamaşasında suflyorluq
etmişdir.
Həmin il aprelin
axırlarında tanınmış
türk aktyoru Osman bəy Bektaşi həyat yoldaşı Mərziyə
xanımla İstanbuldan
Tiflisə gəlmişdir.
Onlar Əziz Şəriflə tanış olmuş,
Tiflis aktyorları ilə
birlikdə tamaşa hazırlamaq və göstərmək arzusunda
olduqlarını bildirmişlər.
Yerli aktyorlar bununla razılaşmış və
bu məqsədlə türk yazıçısı
Namiq Kamalın «Zavallı cocuq» pyesi seçilmişdir.
Əziz Şərif tamaşanın məşqlərində
suflyor kimi iştirak etmiş, nəhayət, may ayında
«Auditoriya»da göstərilən
tamaşada suflyor olmuşdur. Ədibin yazdığına görə, tamaşa uğurla keçmiş və tamaşaçılar
tərəfindən rəğbətlə
qarşılanmışdır.
Əziz Şərifin həmin
illərdə Tiflis Azərbaycan
teatrının tamaşaları
barədə mətbuatda
dərc etdirdiyi məqalələr və gündəlikləri bu teatrın tarixi, aktyor və rejissor işi ilə bağlı araşdırmaların aparılmasında
xüsusi əhəmiyyət
kəsb edir. Əlbəttə, ədib bu truppanın problemlərini
də unutmurdu.
O, Nəcəf bəy
Vəzirovun «Hacı Qəmbər» pyesinin tamaşası haqqında yazdığı məqalədə
dramaturqun yaradıcılığını
yüksək dəyərləndirir,
aktyorların oyununu bəyənir və bununla yanaşı, azərbaycanlı
qızların səhnədə
görünmədiyinə təəssüflənirdi:
«Keçən məqalələrimin
birində mən müsəlman aktrisalarına
aid çətin və
incə bir mətləbə yüngülvari
toxunmuşdum. Ancaq bu,
azdır. Ümumiyyətlə, türk qadınlarından
və xüsusilə aktrisalardan həmişə
yazmaq, qızları olan ataları qızlarını səhnə
üçün qurban
verməyə çağırmaq
lazımdır. Səhnə qadınsız
yaşaya bilməz.
Tutaq ki, bizə kömək
edən rus qadınlarından bizim iki aktrisamız vardır, biz onlara çox minnətdarıq,
lakin nə üçün bizim öz içimizdən aktrisamız yoxdur» (sitat professor Abbas Hacıyevin «Tiflis Azərbaycan
teatrı» kitabından
götürülmüşdür).
Məlumdur ki, Əziz Şərif
ömrünün 75 ili müddətində
sistematik olaraq gündəlik yazmış,
daha sonra isə bunların əsasında öz xatirələrini qələmə
almışdır. Bununla yanaşı,
onun zəngin şəxsi arxivi olmuşdur. Ədib hələ sağlığında
öz arxivini təmənnasız olaraq Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə
vermişdir (Yeri gəlmişkən, bu barədə professor Ataxan
Paşayevin «El» jurnalının
son sayında maraqlı
bir məqaləsi dərc edilmişdir).
Təbii
ki, ədibin arxivində Tiflis Azərbaycan
teatrı ilə bağlı müxtəlif
materiallar vardır.
«Gündəlik»lərdən
məlum olur ki, görkəmli aktyor və rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı,
professor Rza Təhmasib
(1894-1980) Tiflisdə təhsil
alarkən «Müsəlman
Artistləri İttifaqı»nın
teatr truppasına daxil olmuş və ilk sənət addımlarını burada
atmışdır.
Əziz Şərifin «Keçmiş
günlərdən» kitabından:
«Öz ilk rolunu hazırlayan Rza (Rza Təhmasib - A. B.) dərin həyəcan
keçirirdi. Sözlərini yaxşı əzbərləmişdi
və dəfələrlə
bütün rolunu mənim yanımda və mənim replikalarımla ifa edir, səhnəyə çıxmağa hazırlaşırdı.
Hər necə olursa-olsun, bu ilk tamaşa («Qaçaq Kərəm» tamaşası nəzərdə
tutulur- A. B.) Qaçaq Kərəmin
silahdaşlarından birinin
rolunu ifa edən gənc Rza Təhmasibin gələcək həyat
və fəaliyyət
yolunu müəyyənləşdirmişdi».
Əziz Şərifin xatirələrində
onunla birlikdə gimnaziyada oxuyan və aktyor kimi tez-tez səhnəyə
çıxan Həbib
Kərimov-Köçərlinski və Nadir İbrahimovun fəaliyyəti ilə bağlı maraqlı məqamlar vardır.
Ədib hər iki gənc
aktyorun istedadını
xüsusi qeyd etmiş və eyni zamanda onların
sənət sahəsində
deyil, başqa sahələrdə fəaliyyət
göstərdiklərinə təəssüflənmişdir.
Əziz Şərif 1912-ci ildə fransız yazıçısı Melxior
Lengelin «Tayfun» dramını rus dilindən Azərbaycan dilinə tərcümə
etmişdir. Tərcümə Tiflis Azərbaycan teatrının
aktyorları tərəfindən
bəyənilmiş və
tamaşaya qoyulması
qərara alınmışdır.
Sonradan Tiflisdə qastrol səfərində olan böyük səhnə xadimi Hüseyn Ərəblinski «Tayfun»u hazırlamağı öz
öhdəsinə götürsə
də, məlum olmayan səbəblərdən
bu tamaşa hazırlanmamışdır.
Əziz Şərifin şəxsi
arxivində Tiflis Azərbaycan
teatrının tamaşalarının
proqramları da toplanmışdır. Bu proqramlarda xüsusi bir məqam diqqəti cəlb edir. Belə ki, Əziz Şərif baxdığı
tamaşalarda iştirak
etmiş aktyorların
oyununu qiymətləndirmişdir.
Bu «qiymətlər» aktyorların
adı və soyadı qarşısında
yazılmış «misilsiz
dərəcədə gözəl»,
«gözəl», «çox
yaxşı» «yaxşı»,
«ortabab», «pis» və s. sözlərlə
ifadə edilmişdir.
Əziz Şərifdən «yüksək
qiymət» almış
aktyorlar sırasında
Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı,
Əşrəf Yüzbaşov
kimi ustad aktyorlar, habelə Nadir İbrahimov və Həbib Kərimov-Köçərlinski
kimi istedadlı gənclər vardı.
Əziz Şərif «Keçmiş
günlərdən» kitabında
onun müasiri olmuş istedadlı gənc aktyor Nadir İbrahimov haqqında danışarkən belə
yazmışdır: «Nadir İbrahimov
milli teatr və musiqi sahəsində görkəmli
bir sima olmuş və incəsənətimizin inkişafında
müəyyən rol oynamışdır. Mən arzu
edərdim ki, milli səhnə və musiqi tariximizdə onun da adı çəkilsin,
çünki Nadir doğrudan
da buna layiq
bir sənətkar idi».
Bu sözlər
Ustadın özünə
də aiddir.
Adilxan Bayramov,
filologiya elmləri
doktoru
Mədəniyyət.-
2012.- 4 may.- S. 13.