Milli musiqi alətləri laboratoriyası

 

   “Çalışırıq, elə alətlər hazırlayaq ki, onları dünya arenasına çıxara bilək”

  

   Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən “Milli musiqi alətlərinin təkmilləşməsi” elmi-tədqiqat laboratoriyası 2003-cü ildə yaradılıb. Laboratoriya milli musiqi alətlərinin təkmilləşməsi və bütün registrlərdə səslənə bilən musiqi alətlərinin yaradılması ilə məşğuldur. 2011-ci ilin dekabrında və bu ilin martında laboratoriyada hazırlanan alətlər ictimaiyyətə təqdim olunub. Bu sırada balabanın üç növü (bas, piklo və tenor), bas kaman və Qarabağ kamanının yeni formaları yer alıb.

   

   İncəsənət Gimnaziyasının həyətində yerləşən laboratoriyada bizi Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, professor Vaqif Əbdülqasımov, laboratoriyanın rəhbəri Məmmədəli Məmmədov və burada çalışan ustalar böyük səmimiyyətlə qarşıladılar. Növbənöv musiqi alətlərinin məkan tutduğu otaqlar xoş təəssürat yaradırdı. Vaqif və Məmmədəli müəllim bizi laboratoriyanın işi ilə tanış etdilər:

   - Laboratoriyada milli musiqi alətlərini təkmilləşdirir və yeni musiqi alətlərini ərsəyə gətiririk. Hansı orkestr alətləri çatışmır, onlar üzərində işləyirik. Xüsusən də simli musiqi alətləri üzərində. Ümumi diapazona uyğunlaşmayan alətlərimiz var ki, onları yenidən işləyib daha mükəmməl halda təqdim edirik. Vaxtilə istifadə olunan musiqi alətlərimizi müasir dövrün tələblərinə uyğunlaşdırmaq, imkanlarını genişləndirmək, səslərini təmizləmək lazımdır. Başlıca məqsədimiz isə gəncləri bu işə cəlb etməkdir. Burada çalışan ustalar İncəsənət Gimnaziyasında oxuyan 6-7-ci sinif şagirdlərini öyrədib öz davamçılarını yetişdirirlər. Azərbaycanda öz işinin gözəl bilicisi olan ustalarımız çoxdur. Bizim bir fərqli cəhətimiz var ki, ustalarımız bu işə elmi-tədqiqat nöqteyi-nəzərindən yanaşırlar. Bu gün laboratoriya bir-birindən maraqlı ixtiralar təqdim edir. Hər bir alətlə bərabər onun haqqında məlumat hazırlanır. Ustalarımız çalışır ki, qədim musiqi alətlərini daha da təkmilləşdirsinlər. Alətlərdə təkmilləşmə olarsa, ifaçılıqda da böyük uğurlara imza atmaq mümkündür.

   Məsələn, götürək elə tar alətini. Bilirik ki, tar otaq havasına uyğun ifa olunur. Bu gün isə geniş konsert salonlarında, açıq havada da ifa etməliyik. Buna görə elə bir dəri tapmaq lazımdır ki, həm keyfiyyətini saxlasın, həm açıq havada ifa edərkən yığılmasın. Bu da problemdir. Sim məsələsi çətinliklər yaradır. Hələ sovet dövründə bizdə alətlər üçün sim xaricdən alınırdı. Burada yeni tar növü bas tar, bas kaman düzəltmişik, amma onlara sim tapmaq çətindir. Bu alətlərə gitara kontrabasın uyğun gələn simlərini əlavə etmişik. Hazırda bu layihələr üzərində işlənir.

   Simli alətlərdən əlavə laboratoriyada balaban, zərb alətləri, zurna da hazırlanır. Bizdə bu sahədə mütəxəssislər azlıq təşkil edir. Hər hansı bir orkestrdə ifa edən musiqi qrupunun aşağısı 5 oktava həcmində diapazonu olmalıdır. Bizim nəfəsli alətlərdə bu həcmdə olanı yoxdur. Xalq çalğı alətləri orkestrində olan balabanın həcmi cəmi iki oktava yarımdır. Vaxtilə Şusada Şərq musiqi alətləri fabriki vardı, orada 100-dən çox usta çalışırdı. Şərq musiqi alətləri təkcə balaban, tar-kamanla tamamlanmır, ona görə bu ənənəni qoruyub yaşatmalıyıq. Hazırda müəllimlərimiz uşaqlara həm dərs deyir, həm yeni alətlər ərsəyə gətirirlər. Gənclər böyük həvəslə musiqi alətlərinin hazırlanmasını öyrənirlər. Sənət yaşasın deyə kadrlar yetişdiririk. İnşallah, 2013-cü ildə binamız hazır olandan sonra daha böyük uğurlara imza atacağıq.

   Hazırda santurun yeni formasını yaratmışıq. Bu, iki butanın birləşməsindən əmələ gələn, səs diapazonu ilə fərqlənən yeni bir alət növüdür. Daha bir ixtiramız qanun, santur tarın - üç alətin birləşməsindən yaranan yeni bir musiqi alətidir. Cəng musiqi alətinin yeni bir modeli hazırlanıb onun üzərində təkmilləşmə işləri aparmışıq. Tarın elektron variantını, kökdən düşməyən yeni tar növünü s. hazırlamışıq. Bir neçə il əvvəl bəm kamança hazırladıq indi bu kamançadan orkestrdə istifadə edilir. Çalışırıq elə alətlər hazırlayaq ki, onları dünya arenasına çıxara bilək.

   Sonra ustalarla söhbət edirik. Məzahir usta bu sənətə doğulub boya-başa çatdığı Şuşada yiyələnib. Oradakı fabrikdə tar aləti hazırlayırmış. Sonralar müxtəlif alətlərin hazırlanmasını da öyrənir. Oğlu da laboratoriyada onunla birlikdə işləyir. Kamança alətləri hazırlayır. Hazırda santur bas tarın üzərində işləyirlər.

   Musa usta bu sənətin sirlərini Füzuli rayonunda öyrənib. Zərb alətləri, simli alətlərlə daha çox işləyir. Düzəltdiyi alətləri bir çox görkəmli sənətkarlar ifa edir.

   Babaxan usta balaban hazırlayır, eyni zamanda bu alətdə ifa edir: “Qırx ilə yaxındır bu işlə məşğulam. Nəfəs alətlərinin hər növünü hazırlayıram. İncəsənət gimnaziyasında dərs deyirəm. Çalışıram ki, gələcək nəsillər bu sənəti unutmasınlar. Uşaqların işə marağından razıyam. 2007-ci ildə təqdim etdiyimiz balaban hazırda orkestrdə istifadə olunur. Üç növünü icad etdik müəllif hüququ aldıq. İnşallah, 3-4 ildən sonra gəlin görün, biz nələr yaradacağıq”.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 4 may.- S. 11.