Şuşa Azərbaycan musiqisinin məbədidir

 

   Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qayasına, ab-havasına hopmuşdur. Belə şəhərlərə misal olaraq Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanda isə Qarabağın Şuşa şəhərini göstərmək olar. Hətta xalq arasında belə bir məşhur kəlam vardır ki, “Şuşada körpələr bələkdə belə muğam üstə ağlarlar”.

  

   Musiqimizin məbədi və beşiyi olan füsunkar Şuşa şəhərinin əsası 1750-ci ildə Qarabağın ilk xanı Pənah xan tərəfindən qoyulmuşdur.

   Uzun illər, qərinələr boyu Şuşa maddi nemətlərdən daha çox milli-mənəvi nemətlər, böyük sənətkarlar yetirib. Vaxtilə Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Sadıqcanın, Əbdülbağı Zülalovun, Üzeyir bəy Hacıbəylinin, Bülbülün, Yusif Vəzir Çəmənzəminlinin, Firudin bəy Köçərlinin, Cabbar Qaryağdıoğlunun, Qurban Pirimovun, Seyid Şuşinskinin, Fikrət Əmirovun, Rəşid Behbudovun, İslam Abdullayevin, Xan Şuşinskinin, ZülfüVasif Adıgözəlovların, Bədəl, Əfrasiyab və Fərhad Bədəlbəylilərin, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun və adlarını qeyd etmədiyim yüzlərlə mədəniyyət korifeylərinin ruhunda, ürəyində məhz Cıdır düzündən başlayan ləpirlər iz qoyub. Sənət yollarında cığıra, yola dönüb. Füzuli yüklü karvana, Vaqif avarlı durna qatarına sarvanmehman olub. “Qafqazın konservatoriyası” təbiri və təyinini Şuşa haqlı olaraq qazanmışdır. Bu konservatoriyanın yuxarıda adlarını qeyd etdiyim parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycanın musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.

   XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın bir sıra şəhər və rayonlarında musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunurdu. Bakıda Məşədi Məlik Mansurovun məclisi, Şamaxıda Mahmud ağanın, Şuşada Xarrat Qulu Məhəmməd oğlununMir Mövsün Nəvvabın musiqi məclislərinin Azərbaycan musiqisinin inkişafında önəmli rolu olmuşdur.

   Şuşada birinci musiqi məclisi Şərq musiqisinin bilicisi Xarrat Qulu (1823-1883) tərəfindən təşkil edilmişdir. Bu məclis əvvəl dini məqsədlə yaransa da, burada həm də muğam sənəti öyrənilirdi. Məhərrəmlik qurtarandan sonra (onun keçirilməsinə bir neçə ay hazırlaşırmışlar) xanəndələr bu muğamları artıq toylardabaşqa yerlərdə ifa edirdilər.

   Xarrat Qulunun məclisi Azərbaycanın muğam sənətinin inkişafında böyü rol oynamışdır. Bu məclisin üzvlərindən olan Hacı Hüsü, Məşədi İsi, Əbdülbağı Zülalov, Dəli İsmayıl, Keştarlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu Şuşa vokal məktəbinin nümayəndələridir.

   Xarrat Quludan sonra 80-ci illərdə Şuşada “Məclisi Fərəmüşan” (“unudulmuşların məclisi”) və musiqiçilərin məclisi yaranır onlara Azərbaycanın XIX əsrin mütərəqqi xadimi, alimi, şairi, musiqişünası, rəssamı Mir Möhsün Nəvvab (1833- 1918) rəhbərlik edir. O, Şuşada doğulmuş, yaşamış, yaratmış və orada da vəfat etmişdir. Ensiklopedik biliyə və nadir istedada malik olan Nəvvab Azərbaycan elmini, musiqi sənətini, ədəbiyyatını xeyli zənginləşdirmişdir. Nəvvabın məşhur xanəndə Hacı Hüsü, Mirzə Sadıq, Cabbar Qaryağdıoğlu, Xurşidbanu Natəvan ilə birlikdə yaratdığı “Musiqiçilər cəmiyyəti”ndə musiqi sənətinin estetik problemləri, xanəndə ifaçılığı, klassik muğamları müşayiət edən şeirlər müzakirə olunurdu. Bir çox musiqiçilər öz ilk təhsillərini məhz bu cəmiyyətdə almışlar. Burada müzakirə olunan problemlərdən bəziləri öz əksini və sonrakı inkişafını Nəvvabın musiqi sənəti haqqında yazdığı “Vüzuhül-ərqam” (“Rəqəmlərinin izahı”) risaləsində (1884) tapmışdır.

   Mən böyük tarzən Sadıqcan (Mirzə Sadiq Əsəd oğlu, 1846-1902) haqqında qeyd etmək istərdim. Mirzə Sadıq Azərbaycanda və Cənubi Qafqaz xalqları arasında böyük şöhrət qazanmışdı. İran şahının oğlunun toyunda böyük bacarıq və ustalıq göstərdiyinə görə şah onuŞiri-Xurşid” qızıl medalıyla təltif etmişdi.

   Mirzə Sadığın musiqimizin tarixində xidmətləri böyükdür. O, çoxəsrlik tarı rekonstruksiya edərək təkmilləşdirmiş, beş simli zəif səslənən tara altı sim də əlavə etmiş, tarın qolundakı pərdələrin sayını isə azaldaraq 17-yə endirmişdir. Tarın rezonansını artırmaq üçün də Sadıqcan bir sıra işlər görmüş, ona zildə səslənən yeni pərdələr əlavə etmiş, həmçinin “lal barmaqüslubunu icad etmişdi.

   Əvvəllər tarı diz üstə əyilərək çalırdılar. Tarı sinə üzərində tutaraq ifa edən Mirzə Sadıq yeni Azərbaycan tarının yaradıcısı idi. Onu “tarın atası” adlandırırdılar. Mirzə Sadıq tarla bərabər muğamları da təkmilləşdirmiş, tarın qolunaZabul” pərdəsini, “Mirzə Hüseyn” segahına isə “Müxalifi” əlavə etmişdir.

   1897-ci ildə Şuşada yazıçı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə həvəskar aktyorların ifasında dahi Azərbaycan şairi Füzulinin poeması əsasında “Məcnun Leylinin məzarı üstündə” musiqili səhnəcik göstərildi. Məcnun rolunu məşhur xanəndə Cabbar Qaryağdıoğlu (1861-1944) oynayırdı. 1902-ci ildə “Fərhad və Şirinmövzusunda ikinci belə musiqili səhnə qoyuldu. Fərhad rolunu yenə də Cabbar Qaryağdıoğlu ifa edirdi. Cabbarın səsini məşhur italyan tenoru Karruzo ilə müqayisə edirdilər. S.Yesenin onu “Şərq musiqisinin peyğəmbəri” adlandırmışdı. Hələ 1906-1912-ci illərdə onun səsi Kiyev, MoskvaVarşava səhnələrində vala yazılmışdı. Cabbar Qaryağdıoğlu Azərbaycan vokal sənətinin tarixində yeni səhifə açmışdır.

   Şuşanın xanəndəlik məktəbinin korifeylərindən olan Xan Şuşinski (1901-1979) haqqında söz açdıqca qeyri-ixtiyarı Səməd Vurğunun “Azərbaycan” şeirinin bu misraları yada düşür:

  

   Könlüm keçir Qarabağdan,

   Gah bu dağdan, gah o dağdan.

   Axşamüstü qoy uzaqdan,

   Havalansın Xanın səsi,

   Qarabağın şikəstəsi.

  

   İndi bu misralar adamı xüsusilə kövrəldir, acıdır. Xan Şuşinski Üzeyir bəyin “Qaragöz” mahnısını xüsusi şirinliklə oxuyardı. Xanın özü bir sıra mahnıların müəllifi idi. Onlardan “Qəmərim”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağından”, “Ölürəm, ay ceyran bala” və nəhayət, Şuşaya həsr etdiyi, dillər əzbəri olan “Şuşanın dağları, başı dumanlı” mahnılarını misal göstərmək olar.

   Digər dahi şuşalı Üzeyir Hacıbəyli (1885-1948) Şərqdə ilk opera olanLeyli və Məcnun”u 1907-ci ildə yazmağa başlayır. Amma bu operanın mövzusu bir qədər əvvəl - 1897- ci ildə hələ bəstəkar Şuşada yaşayarkən onun qəlbində həkk olunmuşdu. Şuşada göstərilən “Məcnun Leylinin məzarı üstündə” tamaşasında balaca Üzeyir özüxorda oxumuşdu.

   Müsəlman Şərqində ilk opera olanLeyli və Məcnun”un premyerasından (12 yanvar 1908) sonra Azərbaycan musiqisində yaranmış elə forma, elə janr tapmaq olmaz ki, o, Üzeyir bəyin adı ilə bağlı olmasın. “Leyli və Məcnun” operası musiqi mədəniyyəti tarixində ilk muğam operası oldu. O, Ü.Hacıbəylinin “Şeyx Sənan” , “Rüstəm və Zöhrab”, “Şah AbbasXurşidbanu”, M.MaqomayevinŞah İsmayıl” kimi muğam operalarının üslubunu müəyyənləşdirdi.

   Azərbaycan musiqisinin klassiki, opera sənətinin banisi, görkəmli musiqişünas, alovlu publisist, istedadlı dramaturq, pedaqoqictimai xadim Ü.Hacıbəylinin yaradıcılıq yolu Azərbaycan musiqi mədəniyyətinin yaranması və inkişafı tarixinin mühüm dövrünü əks etdirir. Məhz elə buna görə onun anadan olduğu gün (18 sentyabr) ölkəmizdə “Üzeyir musiqi günükimi qeyd edilir.

   Şuşa musiqiçilərindən biridahi Bülbüldür (1891-1961). Ü.Hacıbəyli dəfələrlə etiraf etmişdir ki, özünün şedevri olanKoroğlu” operasını yaradarkən ən əvvəl Bülbülün səsini nəzərdə tutmuşdur. Hələ 12 yaşında ikən bu oğlan Qarabağ toylarında, şənliklərində iştirak edib oxuyardı. Şuşa konservatoriyasında keçirdiyi illər, İtaliyada ən yaxşı Belkanto ustalarından aldığı dərslər, rus, sovetdünya musiqi ustalarının sənətindən öyrəndikləri Bülbülü tamamilə yeni tipli Azərbaycan müğənnisi etdi. O, Azərbaycan vokal sənətinin banisi oldu.

   Bülbül xalq alətlərinin səslərinə xüsusiyyətlərinin saxlanılmasını çox vacib sayırdı və ona görə də “Tar məktəbi”, “Kamança məktəbi”, “Balaban məktəbi” dərsliklərinin çap olunmasının təbliğatçısı olmuşdu. Onun təşəbbüsü ilə Şuşada ilk uşaq musiqi məktəbi açılmışdı (1932). Yeri gəlmişkən, həmin uşaq musiqi məktəbinin bu il 80 yaşı tamam olur. 1961-ci ildə ölümündən 2 ay əvvəl, Bülbül doğma Qarabağda, anadan olduğu Şuşada konsert vermişdir. O, sanki Şuşa ilə vidalaşmağa gəlmişdi...

   Şuşa bəstəkarlıq məktəbinin ən gözəl nümayəndələrindən biriSüleyman Ələsgərovdur (Süleyman əmi). Bəli, bu insan biz şuşalıların əmisi olub. Kimin nə dərdi olubsa Süleyman əmiyə müraciət etməklə özündə bir sakitlik tapıb. Bəstəkar 2 operanın (“Bahadır və Sona”, “Solğun çiçəklər”), 12 musiqili komediyanın, 2 simfoniyanın, 6 kantatanın, bir sıra kamera-instrumental əsərlərin, tar ilə xalq çalğı alətləri orkestri üçün 3 konsertin, 200-dən artıq mahnı və romansın müəllifidir.

   Süleyman Ələsgərovun ən dahi xüsusiyyətlərindən biri elə o idi ki, o, insanlara öz mehribanlığı və qayğısını heç zaman əsirgəmirdi.

  

   * * *

 

   Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa 1992-ci il may ayının 8-də erməni hərbi birləşmələrinin hücumu nəticəsində işğala məruz qaldı. Ürək yanğısı ilə qeyd etmək istərdim ki, erməni təcavüzü nəticəsində Şuşanın zəbt edilməsi mədəniyyətimizə olduqca ağır zərbə endirmişdir. Mədəniyyət və təhsil ocaqlarımız - 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 8 uşaq musiqi məktəbi, Dövlət Rəsm Qalereyası, 248 tarixi memarlıq abidəsi dağıdılmış, viran edilmişdir. 30 minə yaxın şuşalı elindən-obasından didərgin düşüb və respublikamızın 50-dən çox rayonunda məskunlaşıb.

   Bəli, belə bir çətin vaxtda Şuşa kimi müqəddəs mədəniyyət ocağını yaşatmaq lazım idi. Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Təsəvvürünüzə gətirin, əyləşməyə bir stulumuz belə yox idi. Çox çətinliklərlə üzləşdik, ancaq mən bu günlər onunla fəxr edirəm ki, Şuşa mədəniyyətinin dağılmasına imkan vermədik. Onu, demək olar ki, yeni sətirdən, amma qədim bünövrə üzərində qurduq. Bünövrəsi möhkəm olan bina heç vaxt uçmaz, kökü sağlam olan ağac qurumaz, deyirlər. 20 ildir ki, Şuşa Mədəniyyət və Turizm Şöbəsi məcburi köçkün həyatı yaşayır. 20 ildir ki, fikrimiz, qəlbimiz, ürəyimiz Şuşadadır, cismimiz isə məcburi köçkün həyatı yaşayır və bir an da olsa belə Şuşanı unutmur. Əlimizdən gələni edirik ki, Şuşanı görməyən gənclər, yeniyetmələr onu unutmasınlar.

   Uşaq musiqi məktəblərimiz, mədəniyyət evləri, kitabxana, muzey və rəsm qalereyasının işlərini bərpa etmişik. Yüzlərlə şuşalı gənc bu gün ata-babalarının qoyub getdiyi yolu davam etdirirlər. Mütəmadi olaraq Şuşa şəhərinin tarixi abidələrini əks etdirən tabloların sərgiləri təşkil olunur. Bundan sonra da var gücümüzlə çalışacağıq ki, Şuşanın mədəni irsi qorunub saxlanılsın.

  

 

   Zahid Abbasov,

   Şuşa Rayon Mədəniyyət

   Turizm Şöbəsinin müdiri

 

   Mədəniyyət.- 2012.- 4 may.- S. 10.