Ölkəmiz
Almatıda keçirilən turizm sərgisində
təmsil olunub
Ruslan Quliyev: «Qazaxıstanda Azərbaycan sanatoriyalarına
böyük maraq var»
Aprelin
25-dən 27-dək Qazaxıstanın Almatı şəhərində
«KİTF-2012» adlı beynəlxalq turizm sərgisi
keçirilib. Ölkəmizi sərgidə “Millennium
Tourism&Congress DMC” turizm şirkətinin direktoru Ruslan Quliyev,
Naftalanda yerləşən «Çinar» və «Qaşaltı»
sanatoriyalarının rəhbərləri təmsil edib.
Ruslan Quliyev qəzetimizə
açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi
şirkət Almatı sərgisində ilk dəfə
iştirak edib: «Bizimlə birlikdə sərgidə Naftalanda fəaliyyət
göstərən «Çinar» və «Qaşaltı»
sanatoriyaları da öz məhsullarını nümayiş
etdirirdi. Ziyarətçilərə etdiyimiz təkliflər,
Naftalan və Duzdağ da daxil olmaqla, Azərbaycanın
sanatoriyalarında müalicələrin təşkil edilməsi
ilə bağlı idi. Bir məqamı nəzərinizə
çatdırım ki, son vaxtlar Qazaxıstandan bizə
xüsusilə də Naftalan kurortları ilə bağlı
çoxlu müraciətlər olur. «KİTF-2012» sərgisində
bu marağın bir daha şahidi olduq. Bundan əlavə, ziyarətçiləri
biznes turların təşkili, Xəzər sahilində istirahətin
təşkil olunması, ekoloji marşrutlar da
maraqlandırırdı. Sərgiyə gələnlərə
həmçinin ölkəmizin cənub regionuna
reallaşdırılan «Uzunömürlülər»
marşrutunu, «İpək Yolu» layihəsi üzrə həyata
keçirilən marşrutu təklif etdik».
Şirkət direktoru sərgi
çərçivəsində bir çox əməkdaşlıq
sənədləri imzaladıqlarını da dedi: «Sərgi
günlərində çoxsaylı əməkdaşlıq təklifləri
aldıq. Bu təkliflər həm yerli şirkətlər, həm
də sərgidə iştirak edən digər ölkələrin
təmsilçiləri tərəfindən idi.
Düşünürəm ki, burada
bağladığımız müqavilələrin yaxın
vaxtlarda bəhrəsini görəcəyik. Son bir neçə
gündə həm müalicəvi, həm də beynəlxalq
layihələrlə bağlı müraciətlər
almışıq».
R.Quliyev Mədəniyyət və
Turizm Nazirliyinə onlara verdiyi dəstəyə görə təşəkkürlərini
də bildirdi. Qeyd etdi ki, nazirlik rəsmi olaraq sərgidə təmsil
olunmasa da, ziyarətçilərə təqdim etmək
üçün onları lazımi reklam-çap məhsulları
ilə təmin edib.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 4 may.- S. 9.