Tale bağları”

 

   Türkiyə-Azərbaycan sənətkarlarının birgə sərgisi

  

   Mayın 2-də Milli İncəsənət Muzeyində görkəmli heykəltəraş, Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun, tanınmış türkiyəli rəssam Abidin Eldaroğlununfotoqraf Ozan Sağdıçın “Tale bağları” adlı birgə sərgisi açıldı.

  

   Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Rəssamlıq Akademiyası və Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə gerçəkləşib. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər iştirak edirdi.

   Sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanla Türkiyə arasında yaradıcılıq, sənət əlaqələrinin genişlənməsində belə tədbirlərin əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, iki qardaş ölkəni təmsil edən tanınmış sənətkarların birgə sərgisi mövcud mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək.

   Təhsil naziri Misir Mərdanov Ömər Eldarovun yaradıcılığından söz açdı, onun görkəmli sənətkar olmaqla yanaşı, Dövlət Rəssamlıq Akademiyasına rəhbər kimi yeni rəssam və heykəltəraşların yetişməsinə böyük töhfə verdiyini bildirdi.

   Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov mərhum sənətkar Abidin Eldaroğlunun (1901-1974) həyat yoldaşını və oğlunu, həmçinin fotoqraf Ozan Sağdıcı təbrik edərək birgə layihəyə qoşulduqlarına görə minnətdarlığını bildirdi, hər iki sənətkarın yaradıcılığından danışdı.

   Xalq rəssamı Səlhab Məmmədov üç sənətkarın birgə sərgisini Azərbaycan incəsənəti, mədəniyyəti üçün bayram adlandırdı. Abidin Eldaroğlunun sənətindən, onun əsərlərinin qiymətindən danışdı. İki qardaş ölkə arasında mədəni əlaqələrə töhfə verən bu cür sərgilərin ərsəyə gəlməsini alqışladı.

   Xalq rəssamı, Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov türkiyəli avanqard rəssam Abidin Eldaroğlufotoqraf Ozan Sağdıç yaradıcılığından danışaraq birgə sərginin keçirilməsindən məmnun olduğunu bildirdi.

   Daha sonra sərgiyə baxış keçirildi. Sərgidə 50-dən artıq foto, heykəltəraşlıq və rəsm əsərləri nümayiş olunur. Ömər Eldarovun “Zamanın dörd rəngi”, “Niyazi”, “Rabindranat Taqor”, “Mahatma Qandi” və digər heykəlləri, Abidin Eldaroğlunun müxtəlif nömrəli kompozisiyaları, Ozan Sağdıçın isə “Dəniz qızı”, “Təlim”, “Sahildə”, “Maraqlanan” və başqa işləri maraqla qarşılandı.

   Qeyd edək ki, Abidin Eldaroğlunun rəsmləri Madrid, Brüssel, Paris, Berlin, Vyana, VenesiyaMilan şəhərlərində sərgilənib. Bundan əlavə, rəssam bir çox ölkələrdə təşkil olunmuş biennalelərdə mükafatlara layiq görülüb. Ozan Sağdıç Ankara Fotoqraf Sənətçiləri Dərnəyinin fəxri üzvüdür. Fotoları bir çox jurnallarda, nəşrlərdə işıq üzü görüb.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2012.- 4 may.- S. 8.