Bakıda
Beynəlxalq Caz Gününə həsr olunmuş konsert
Xəbər
verdiyimiz kimi, aprelin 30-da dünyada ilk dəfə Beynəlxalq
Caz Günü qeyd edilib. Bu gün cazın universal
yaradıcılıq dili kimi xüsusi rolunun tanınması əlaməti
olaraq ötən ilin sonunda UNESCO tərəfindən təsis
olunub.
Əlamətdar gün münasibətilə
aprelin 27-də UNESCO-nun Parisdəki mənzil-qərargahında
keçirilən musiqi bayramına Azərbaycan da fəal dəstək
verib.
Mayın 2-də isə Bakı Caz
Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin
dəstəyi ilə Beynəlxalq Caz Günü münasibətilə
tədbir keçirildi.
Tədbirdə
çıxış edən nazirliyin Beynəlxalq əlaqələr
və mədəniyyət proqramları şöbəsinin
Beynəlxalq təşkilatlarla əməkdaşlıq və
proqramlar sektorunun müdiri Cahangir Səlimxanov bildirdi ki, 30
aprel - Beynəlxalq Caz Günü ilə bağlı Parisdə
keçirilən təntənəli mərasimdə Azərbaycandan
da istedadlı musiqiçilər iştirak ediblər: “Tədbirdə
Salman Qəmbərovun “Lətif” adlı kompozisiyası səsləndi.
1930-cu ildə çəkilmiş “Lətif” səssiz filminin
caz musiqisi ilə müşayiəti tamaşaçılarda
böyük maraq doğurdu. Bugünkü tədbir də həmin
mərasimin davamı sayıla bilər. Azərbaycanda caz
musiqisinin özünəməxsus ənənələri var.
İstedadlı gənc pianoçularımız çoxdur.
Caz pianoçular məktəbi professionallar yetirməkdə
davam edir”.
Musiqiçi Rauf Sultanov isə gənclərə
dəstəyin, onları böyük səhnəyə gətirməyin
vacib olduğunu bildirdi: “Gənclərə əsl musiqi yolunu
göstərməliyik. Caz mədəniyyətini düzgün
aşılamalıyıq. Biz də nə vaxtsa bu yolu
keçmişik. Bu mədəniyyət nəsillərə
ötürülməlidir və onlar da sonrakı nəslə
aşılamalıdırlar”.
Tədbirdə
çıxış edən Rahib Azəri Azərbaycanda caz
musiqisinin tarixindən, Rafiq Babayev, Vaqif Mustafazadə ilə
yanaşı tanınmış dünya cazmenlərindən
danışdı. Həmçinin caz musiqisinin sehri, onun
özünəməxsusluğu haqqında məlumat verdi.
Çıxışlardan sonra
söz caz musiqiçilərinə verildi. Konsert proqramında
Rauf Sultanovun rəhbərlik etdiyi musiqi heyəti
çıxış etdi. İstedadlı pianoçu mərhum
Emil İbrahimin tələbəsi, səhnədə ilk
addımlarını atan pianoçu Elbəy Məmmədzadə
də həmin qrupun tərkibində maraqlı musiqi nömrələri
ilə çıxış etdi. Müxtəlif
kompozisiyaların səsləndiyi konsert proqramında Elbəy
Məmmədzadənin “Poçtalyon” bəstəsi də yer
aldı. Sözlə ifadə olunması mümkün olmayan
caz musiqisi dinləyicilərini öz dünyasına, hər
notu ilə canlandırdığı əfsanəvi məkana
səyahətə apardı.
R.İsayeva
Mədəniyyət.-
2012.- 4 may.- S. 8.