Tarixi həqiqətlər plakatların dili ilə
Mayın 2-də Rəssamlar
İttifaqının Vəcihə Səmədova adına sərgi
salonunda tanınmış rəssam Kirman Abdinin “Əsrlərin
yaddaşı - nəsillərin yaddaşı” bədii plakat sərgisi
açılıb. Mərasimdə Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilov,
Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram
Hacızadə, Mədəniyyət və Turizm Nazirliyinin
aparıcı məsləhətçisi Əsəd Quliyev və
başqaları çıxış edərək, sərginin
əhəmiyyətindən danışıblar. Bildirilib ki,
son vaxtlar ölkəmizdə plakat janrında bir süstlük
yaranıb. Bu mənada istər respublikamızda, istərsə
də xarici ölkələrdə keçirilən bədii
plakat müsabiqələrində dəfələrlə fəxri
diplomlarla təltif edilmiş Kirman Abdinin həmin janra yeni nəfəs
gətirdiyini söyləmək olar. Qeyd olunub ki, ermənilərin
əsrlər boyu xalqımızın başına gətirdikləri
müsibətləri gələcək nəsillərə
çatdırmaqda rəssamlar üçün plakat janrı
daha mükəmməldir.
Mərasimdə
çıxış edən rəssam Kirman Abdin bildirib ki, sərgidə
nümayiş olunan plakatların əksəriyyəti siyasi məzmun
daşıyır: “Məqsədim xalqımızın
başına gətirilən müsibət və dəhşətləri
bu və ya digər formada gənclərə, gələcək
nəsillərə çatdırmaqdır”.
Sərgidə rəssamın 50-dək
əsəri nümayiş olunur. “Bakı, 20 Yanvar, 1990” o
müdhiş hadisəni, “Yetər parçalanmaq” plakatı
tarixən itirdiyimiz torpaqları gözlərimiz önündə
canlandırır. “Dünənimdən bu günümə gələn
yol”, “Qan yaddaşı”, “Əsrin müqaviləsi”, “Daş
olsaydım əriyərdim, torpaq idim dayandım” və s.
plakatlar da tamaşaçılarda zəngin təəssürat
yaradır.
Sərgi bir həftə davam edəcək.
Mədəniyyət.- 2012.- 4 may.-
S. 8.