Çoxdan
gözlənilən görüş
Əli
Qasımov: “30 illik fasilədən sonra qastrola gəldiyimiz
Bakıda tamaşaçıların alqışlarını
eşitmək bizə çox xoş idi”
Qədim
Gəncə tarixən Azərbaycanın elm, maarif və mədəniyyətinin
inkişafına böyük töhfələr verib. Gəncə
həm də zəngin ənənələri olan teatr, sənət
mərkəzlərimizdəndir. Hələ 1895-ci ildə
şəhərin bir sıra maarifpərvər
ziyalıları və həvəskarlarının
iştirakı ilə Gəncədə böyük
yazıçı-dramaturqlar M.F.Axundzadə və N.Vəzirovun
pyesləri oynanılıb.
Həmin tarixdən etibarən
ziyalıların bir araya gəldiyi məclislərin səyi ilə
teatr tamaşalarının sayı da artmağa başladı.
Bu işdə 1906-cı ildə yaradılmış “Gəncə
müsəlman məclisi”nin xidmətləri daha önəmlidir.
Ə.Haqverdiyevin 1910-cu ildə yerli həvəskarlardan təşkil
etdiyi teatr truppası gəncəli sənətsevərlərin
diqqətini cəlb edir. Gəncədə yaşayıb yaradan
dramaturq, teatr nəzəriyyəçisi Mirzə Məhəmməd
Axundzadənin tərcüməsində əcnəbi
dramaturqların əsərləri də səhnələşdirilir.
1915-ci ildə Gəncədə fəaliyyət
göstərən “Qız məktəbi” tələbələrinin
ilk dram truppası yaradılır. M.C.Əmirovun “Seyfəl-mülk”
operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulur.
Bu illərdə həmçinin həmkarlar klubu nəzdində
dram dərnəyi də fəaliyyət göstərir. Dərnək
istedadlı aktyor truppası ilə yanaşı, rəngarəng
repertuarı ilə seçilir. Görkəmli rejissor Adil
İsgəndərov, tanınmış sənətkarlar Barat
Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev
məhz bu truppada fəaliyyət göstərmişlər.
Gəncə teatrının tarixinə
nəzər saldıqda maraqlı bir fakt da ortaya
çıxır. Belə ki, 1932-ci ilin dekabrından Gəncədə
fəaliyyət göstərən teatrın tarixi 1921-ci ildə
görkəmli aktyor Hacıağa Abbasovun təşəbbüsü
və rəhbərliyi ilə “Azad Tənqid-Təbliğ
Teatrı” kimi fəaliyyətə başlayan və sonradan
“Bakı İşçi Teatrı” adlandırılan sənət
ocağının tarixi ilə üzvü şəkildə
bağlıdır. Belə ki, 1932-ci ilin dekabrında
teatrın yaradıcı kollektivi Gəncəyə
köçürülür və burada “Tənqid-Təbliğ
Teatrı” adı ilə fəaliyyət göstərir. Teatr Gəncəyə
köçdükdə Abbas Mirzə Şərifzadə,
Ağasadıq Gəraybəyli, Fatma Qədri, İsmayıl
Talıblı, Əhməd Salahlı, İsmayıl Əfəndiyev,
Atamoğlan Rzayev kimi sənət fədailəri də Gəncəyə
köçür və öz fəaliyyətlərini burada
davam etdirirlər.
Müxtəlif illərdə
müxtəlif adlarda fəaliyyət göstərən sənət
ocağı 1990-cı ildən Gəncə Dövlət Dram
Teatrı adı ilə fəaliyyətini davam etdirir.
Böyük sənət yolu
keçən Gəncə Dövlət Dram Teatrı artıq
117-ci mövsümünü yaşayır. Yeni
festivalları, yeni repertuar, daim yeniləşən
tamaşaçıları və yeni qastrollarla. Bu günlərdə
teatrın kollektivi 30 illik fasilədən sonra Bakı səhnəsində
çıxış etdi. Gəncə
Dövlət Dram Teatrının direktoru Əli Qasımovla
söhbətimiz də bu zamana təsadüf etdi. Bu
qastrol səfərini çoxdan gözlədiklərini deyən
direktor təəssüratlarını bizimlə
paylaşdı:
- Hər qastrol, tamaşaçılarla
hər yeni sənət görüşü bizim
üçün bir bayrama, təntənəyə
çevrilir. Mütəmadi olaraq qonşu
rayonlarda qastrol səfərlərində olur, əsasən
Şəmkir, Qazax, Ağstafa, Goranboy, Şəki, Samux,
Sabirabad teatrsevərləri qarşısında
repertuarımızdakı ən maraqlı nümunələri
nümayiş etdiririk. Bakıda isə
teatrımız sonuncu dəfə 1982-ci ildə qastrolda
olmuşdu. Düzdür, bu illər ərzində
müxtəlif festivallar çərçivəsində
paytaxtda tamaşa göstərmişik, amma qastrol səfərimiz
olmayıb. Müəyyən çətinliklər
ucbatından bu istəyimizi gerçəkləşdirə
bilmirdik. Amma son illər dövlət tərəfindən
teatrlara göstərilən diqqət və qayğı, bu sahənin
inkişafı ilə bağlı qəbul olunan qərarlar
bizim işimizə də müsbət təsir edib,
teatrımız respublikamızın inkişaf edən teatr
mühitində öz sözünü deməyə
başlayıb. Bakıda Milli Dram Teatrının səhnəsində
repertuarımızdan iki tamaşanı - M.F.Axundzadənin 200
illik yubileyi ilə əlaqədar olaraq dövlət
sifarişi ilə hazırlanmış «Hekayəti
müsyö Jordan və Dərviş Məstəli şah» və
N.Qoqolun «Evlənmə» əsərlərini təqdim etdik. Kollektivimizin böyük həyəcan və məsuliyyətlə
hazırladığı tamaşalar maraqla
qarşılandı. Və təbii ki, bu
bizi çox sevindirdi. 30 illik fasilədən
sonra qastrola gəldiyimiz Bakıda tamaşaçıların
alqışlarını eşitmək bizə çox xoş
idi.
- Bəs yerli tamaşaçılar,
Gəncə sənətsevərləri necə,
teatrınızı daim diqqətdə saxlayırlarmı?
- Özünün tarixi ənənəsi
olan Gəncə teatrı da ölkədə gedən yeni teatr
prosesində aktiv iştirak etməyə
çalışır. Bu yerdə bir məqamı
da vurğulayım ki, bizim teatrın özünün aydın
sezilən dəst-xətti olub. Amma bu
gün ona sadiq qalmaq elə də asan deyil. Məsələn, bizim repertuarda daim böyük ədəbi
nümunələr, tarixi dramlar, faciə janrında
yazılmış əsərlər ağırlıq təşkil
edib. Bu da, təbii ki,
tamaşaçıların tələbindən qaynaqlanıb.
Çünki onlar bizdən komediyadan, ailə-məişət
mövzusundan daha çox tarixi dramlar istəyiblər. Bu
proses indi də var. Amma, təəssüflər olsun ki, bu
mövzuda yeni əsərlər ya yaranmır, ya da bədii məziyyətləri
arzu olunan səviyyədə olmur.
- Qeyd etdiyiniz mövzulara, yəqin
ki, əsas etibarilə yaşlı və orta nəsil
tamaşaçıları maraq göstərir. Bəs
gənc tamaşaçıların sizin teatrdan istəkləri
nədir?
- Təəssüf ki, bu gün
ümumilikdə gənc nəslin teatra marağı zəifdir.
Təbii ki, son illər maraq artmağa
başlayıb, amma bu, istədiyimiz səviyyə deyil. Açığı, bu gün bizdən «Vaqif»,
«Oqtay Eloğlu» gözləyən gənclərin
arzusundayıq. Tamaşaçı klassika,
dünya ədəbi nümunələri ilə yanaşı,
yeni dövrün mənzərəsinin də səhnə həllini
istəyir. Bundan başqa, klassik nümunələrə
yeni, daha müasir yanaşma istəyir ki, bu da müəyyən
məqamlarda birmənalı qarşılanmır. Ümumilikdə indi tamaşaçının nə
istədiyini yəqin etmək elə də asan deyil.
Müasir dövrün vizual müxtəlifliyi fonunda buna nail olmaq üçün daim
tamaşaçı ilə təmasda olmalısan.
- Təbii ki, yenilik heç də
hər zaman birmənalı qarşılanmır. Amma bu gün
teatrların qarşısına qoyulan birinci tələb məhz
yeni sənət, səhnə meyarlarının tətbiqidir...
- Bu, qaçılmazdır. Yeniləşmə, islahat prosesi teatrın xarici
görünüşündən tutmuş məqsəd və
məramında, nüvəsində də özünü
büruzə verməkdədir. Amma əsas
şərt istənilən yeniliyi qəbul etdirə bilmə
bacarığıdır. Bu isə bir o qədər
asan deyil. İstər yaradıcı heyət,
istərsə də tamaşaçılar üçün.
- Qeyd etdiyiniz yeniləşməyə
aktyor potensialınız necə cavab verə bilir?
- Gəncə teatrının
yaradıcı potensialı həmişə güclü
olmuşdur. Görkəmli rejissor və
aktyorların bizim teatrda qoyduğu ənənə bu gün də
davam etdirilir. 40 nəfərlik aktyor
truppamız repertuara daxil edilən əsərlərin yüksək
səviyyədə hazırlanmasında əlindən gələni
edir. Amma əksər teatrlar kimi, bizdə də
gənc aktyorlara tələbat qalmaqdadır. Nədənsə artıq gənclər teatra gəlmək
istəmirlər, daha tez tanınmaq üçün incəsənətin
başqa sahələrinə yönəlirlər. Amma ümumilikdə teatr həmişə onu sevən,
əzab-əziyyətlərinə qatlaşanları öz
qoynunda barındırır. Yəqin indi o
böyük sevgi ilə yaşayanlar azdır.
- Bir az da
rejissuradan danışaq. Teatrın
aparıcı simalarından olan rejissorlarla işi necə
qurursunuz? Son dövrlər teatrınıza gələn
yeni fikirli gənc rejissorlar və onlara münasibətinizi də
bilmək maraqlı olardı...
- Hər bir rejissorun
özünün yaradıcılıq üslubu və
baxış tərzi var. Bu müxtəlifliyin teatra cəlbi, təbii
ki, labüd və vacibdir. Çünki
tamaşaçı daim yenilik axtarır. Bu
isə aktyorlardan potensial imkanlarını ən müxtəlif
yönlərə istiqamətləndirməyi də tələb
edir. Bu mənada əsas yük aktyorun, əsas
məsuliyyət isə rejissorun üzərinə
düşür. Düşünürəm
ki, yaxşı rejissor istənilən aktyordan gözəl
yaradıcılıq nümunəsi ala bilər. Əsas odur ki, nə istədiyini izah edə bilsin.
Digər tərəfdən, bir rejissor, onun dəst-xətti,
tamaşaçıya illərlə qəbul etdirdiyi tərz
istər-istəməz yeniliyin qısa zamanda qəbuluna da mane
olur. Buna görə də artıq teatrlar
yeni düşüncəli, fərqli zövqlü və onu qəbul
etdirə bilən rejissorlar axtarışındadırlar.
Amma Gəncə teatrında özünün
yaradıcılıq xəttini qoyan Əməkdar incəsənət
xadimi Vaqif Şərifov kimi rejissor da var. 40 illik sənət,
səhnə təcrübəsi olan bu sənətkarı kənara
qoyub hər şeyi teatra yeni gələnlərin öhdəsinə
buraxmaq da düzgün olmaz. Çünki
onların hər birinin öz yeri, öz
yaradıcılığı var və tamaşaçı
bunu aydın sezərək dəyərləndirə bilir.
Məsələn, son illər teatrımıza gələnlər
yeni səhnə, teatr meyillərini təlqin edirlər ki, bu da
maraqlıdır. Amma bu bəzən birmənalı
qarşılanmır. Müəyyən məqamlarda
tamaşaçı bununla barışmır.
- Məsələn, nə ilə? Bu gün aktyordan tələb olunan səhnə
plastikası, jest, ümumilikdə müasir oyun üslubunun nəyi
pisdir ki?
- Mən pisdir demirəm, sadəcə,
müəyyən məqamlarda tamaşaçıları buna
alışdırmaq çətin olur. Məsələn,
bəzi klassik əsərlərdəki yeni yanaşma bəzən
tamaşaçıya yad görünür. Ümumiyyətlə,
yenilik yaxşı şeydir, amma onu qəbul etdirmək bir az çətindir.
- Deməli, gəncəli teatrsevərlər
daim ənənəvilik tərəfdarıdırlar?
- Gəncə tamaşaçıları
bu gün onları düşündürən əsərlərə
üstünlük verirlər. Teatrımızın
ampluasına öyrəşən
tamaşaçılarımız həm də çox tələbkardırlar.
Amma ümumilikdə bu mənada, yəni
rejissorların yaradıcılıq imkanlarını sərgiləmək
baxımından heç bir problemimiz yoxdur. Artıq tamaşaçılarımız yeni
üslublu gənc rejissorların işlərini də sevərək
izləyirlər. Son illər
teatrımıza təyinatla gələn baş rejissor
Gümrah Ömər və gənc rejissor İradə Gözəlovanın
quruluşları maraqla qarşılanıb.
- Bayaq gənclərin teatra
marağının azalmasından şikayətləndiniz. Yeni aktyorların formalaşması üçün
çıxış yolu kimi göstərilən teatr
studiyasından necə, gözlədiyiniz nəticə hasil
olurmu?
- Bəli, teatr studiyası bizdə
fəaliyyət göstərir. İldə təxminən
10-12 gəncin cəlb olunduğu studiyadan 1-2 nəfəri
seçib teatra cəlb edə biliriksə, buna sevinirik. Son üç ildə studiyanın fəaliyyəti
sayəsində 5-6 gənc teatrda fəaliyyət göstərməyə
başlayıb. Amma, təbii ki, bu,
azdır.
- Bildiyim qədərilə,
mayın 5-dən növbəti qastrola gedirsiniz. Bu
barədə də məlumat verməyinizi istərdim.
- Biz mayın 5-dən 13-dək
qardaş Türkiyənin Giresun şəhərində səfərdə
olacağıq. Orada M.F. Axundzadənin
«Müsyö Jordan və Dərviş Məstəli şah» əsərini
nümayiş etdirəcəyik.
Söhbətləşdi: Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 4 may.- S. 7.