«Kitab. Dünya. Uşaq»

 

   Uşaq kitabxanasında dəyirmi masa keçirildi

  

   Mayın 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında «Kitab. Dünya. Uşaq» adlı dəyirmi masa keçirildi. Tədbirdə müasir uşaq ədəbiyyatındakı vəziyyət, kitabxananın bu yaxınlarda üzv olduğu Beynəlxalq Uşaq Kitabı Şurası vasitəsilə yeni əlaqələrin qurulması, ölkəmizin təbliği barədə söhbət açıldı.

  

   Kitabxananın direktoru Fizurə Quliyeva cari işlərdən, nəzərdə tutulan planlardan danışdı: «Kitabxanamızın üzv olduğu Beynəlxalq Uşaq Kitabı Şurasında 70-dən çox ölkə təmsil olunur. Bizbu imkandan istifadə edib, geniş aparmaq istəyirik. Təşkilat vasitəsilə artıq İtaliya, Estoniya, Moldovadan kitablar almışıq. Mayın 15-də «Eurovision»la bağlı geniş sərgimiz olacaq. Sərgidə bu kitabları və səfirliklərin bizə verdiyi nəşrləri nümayiş etdirəcəyik. Onu da deyim ki, biz də artıq 30 xarici ölkəyə Azərbaycan kitablarını göndərmişik. Bu il növbəti 30 ölkəyə də göndərmək niyyətindəyik. Görüləsi digər vacib işlər də var. Uşaq ədəbiyyatı ilə bağlı müsabiqə elan etməyi planlaşdırırıq. Müsabiqədə qalib əsərlər ingilis dilinə tərcümə edilib çap olunacaq».

   Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli uşaq ədəbiyyatındakı mövcud vəziyyətdən danışaraq, belə tədbir və layihələrin əhəmiyyətini vurğuladı: “Dəyirmi masa vacib bir məsələyə həsr olunub. Bəzən bildiyimiz mətləbləri, qənaətləri yada salmalıyıq ki, mövzular aktuallığını itirməsin. Hamı təsdiq edər ki, 15,17, 20 yaşa qədər oxuduğumuz kitabların yaddaşlarımızda buraxdığı izi ömrümüzün başqa illərində oxuduğumuz kitablar əvəz edə bilmir. Çünki uşaqlıq dövrü yaddaşımızın ən gözəl vaxtıdır. Çalışmalıyıq ki, uşaqların ədəbi zövqü 20 yaşına qədər formalaşsın. Azərbaycan nəsrinin elə örnəkləri var ki, onlar böyüklər üçün qəbul olunsa da, dil sadəliyinə görə uşaqların sevimli əsərlərinə çevrilib. Bu məsələ daim diqqət mərkəzində saxlanılmalıdır. Mövzunun şair və naşirlərlə birgə müzakirə olunması yaxşı haldır. Çünki onlar bir yerdə olmayanda yeni və maraqlı nəşrlər yaranmır».

   V.Bəhmənli uşaq ədəbiyyatı ilə bağlı problemlərə də toxundu: “Bu sahəyə daha çox diqqət ayrılmalı və xüsusi layihələr olmalıdır. Uşaqlar üçün yaxşı əsərlər yazılmalı, ədəbi nümunələr yeni intellektin səviyyəsinə uyğun olmalıdır. Çünki Azərbaycan 10-20 il əvvəlki ölkə deyil. Ədəbi proses davam edir, romanlar yazılır. Amma yeni gələn gənclər arasında uşaq ədəbiyyatı yaradanlar yoxdur. Bu baxımdan uşaq kitabxanasının planlaşdırdığı müsabiqə layihəsini dəstəkləyirik”.

   Daha sonra çıxış edən şair İlyas Tapdıq bildirdi ki, uşaq ədəbiyyatından danışarkən dünya ədəbiyyatı da nəzərə alınmalıdır: «Çünki uşaqlar tək bizim deyil, dünya ədəbiyyatı nümunələrini də oxuyurlar. Amma kitablar bəzən uşaqların zövqünə uyğun çap olunmur. Uşaq ədəbiyyatı uşaq dili ilə yazılmalıdır. Belə nümunələr hər gün yaranmaya bilər, amma mövcud olanlar daim göz qabağında olmalıdır. Bir çox müəlliflərimiz var ki, əsərləri çap olunmur, onlar unudulmaqdadırlar».

   Şair Oqtay Rza isə uşaq kitablarının alıcısının azlığından gileyləndi. Bildirdi ki, nəşr etdikləri kitabları əsasən oxuculara, məktəblərə hədiyyə edirlər. Yazıçı Qəşəm İsabəyli müsabiqə ilə bağlı təkliflərini irəli sürdü: «Belə bir müsabiqənin keçirilməsi gözəl haldır. Amma rəyasət heyəti yaşlı adamlardan deyil, uşaqlardan ibarət olmalıdır. Onu da deyim ki, uşaq kitabları lazımi səviyyədə redaktə olunmur. Bununla yanaşı, bu günün müasir yazısı yoxdur. Uşaqlara günün yazısını vermirik».

   Uşaq ədəbiyyatı tədqiqatçısı Füzuli Əsgərli isə müəlliflərə bildirdi ki, uşaqlara onların həzm edəcəyi qədər informasiya vermək lazımdır. Şair Zahid Xəlil də deyilənlərə qoşularaq, uşaq ədəbiyyatında tərcümənin önəmindən danışdı.

   Tədbirdə digər uşaq yazıçıları və uşaq ədəbiyyatı nəşr edən nəşriyyatların əməkdaşları da çıxış edərək, təkliflərini irəli sürdülər.

  

 

   Gülər

 

   Mədəniyyət.- 2012.- 4 may.- S. 6.