Balaca Aylanın böyük
uğuru
Ulu
öndər Heydər Əliyevin anadan olduğu günə həsr
edilən tədbirlər təkcə sayı ilə deyil,
sanbalı, rəngarəngliyi ilə də diqqəti cəlb
edir. Məktəblilər də həmin günü layiqincə
qeyd etmək üçün əllərindən gələni
edir, ürəklərindən keçənləri
nümayiş etdirmək istəyirlər.
Belə tədbirlərdən biri
bu günlərdə Vaqif Mustafazadə adına 2 saylı
Uşaq İncəsənət Məktəbində
keçirildi. Tədbir ərəfəsində iki nəfər
daha çox həyəcan keçirirdi: fortepiano sinfinin müəllimi
Şövkət Qarayeva və onun şagirdi Ayla. Bəs necə,
axı, aparıcı bir azdan belə bir elan edəcəkdi:
«Birinci sinif şagirdi Ayla Həsənovanın konsertinə
başlayırıq!»
Həmin gün məktəbdə
böyük canlanma vardı. Konsertin yaxşı keçməsi
üçün hamı ürəkdən
çalışırdı. Məktəbin direktoru Elxan Məmmədov
tədbirin keçirilməsinə şəxsən nəzarət
edirdi.
Konsertə çox məsuliyyətlə
hazırlaşmış Ayla Həsənova Azərbaycan və
xarici ölkə bəstəkarlarının əsərlərini
böyüklərə layiq ustalıqla ifa etdi. Onun hər
çıxışı hərarətlə
alqışlandı. Hələ çox balaca olan Aylanın
incəsənətə sevgisi, obrazlı desək,
özündən qat-qat böyükdür.
Tamaşaçılar onun bir neçə vokal ifasının
və gözəl rəqsinin də şahidi oldular. Aylanın
istedadına heyran qalan tamaşaçılar bu fidanın
nailiyyətini təcrübəli Şövkət müəllimənin
gərgin zəhmətinin bəhrəsi kimi qiymətləndirdilər.
Bilik və bacarığını uşaqlara böyük
ürək, hərarətli məhəbbətlə bəxş
edən Şövkət xanım
çalışdığı uzun illər ərzində
çox belə qabiliyyətli şagird yetişdirib. İndi
onların sorağı böyük konsert salonlarından gəlir.
Dahi Heydər Əliyevin doğum
günü münasibətilə təşkil olunmuş
konsertdə Aylanın dostları da çıxış etdilər.
Onlar da maraqlı ifaları ilə ulu öndərə
böyük məhəbbətlərini bildirdilər.
Sonda ürək sözlərini söyləyən müəllimlər və valideynlər yuxarıda deyilənləri bir daha vurğuladılar, bu konsert-tədbiri Aylanın ilk, Şövkət xanım Qarayevanın növbəti uğuru kimi qiymətləndirdilər. Onlar balaca istedada və müəlliminə yeni uğurlar, daha böyük müvəffəqiyyətlər arzuladılar.
Bahar Mehmanqızı
Mədəniyyət.- 2012.- 4 may.- S.
6.