“Bu meydan, bu ekran”

 

   Müsabiqə qaliblərinin filmləri təqdim olundu

  

   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kino sahəsində gənclərə dəstək məqsədilə ənənəvi olaraq “Bu meydan, bu ekran” müsabiqəsi keçirilir. Mayın 2-də “Nizami” Kino Mərkəzində ötən il müsabiqənin qalibi olmuş gənclərin filmləri təqdim edildi.

  

   “Gənclərin qısa filmləri” kino axşamında Fariz Əhmədovun “Mayak” (“Orman“ prodüser mərkəzi), Sənan Vəliyevin “İşığa doğru” (“Art Qlobal production” şirkəti) və Emin Əfəndiyevin “Yuva” (“Buta-film” prodüser mərkəzi) filmləri nümayiş olundu.

   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə son illər gənc rejissorların sənətə artan marağını yüksək qiymətləndirdi, çəkilən yeni filmlərin bir çox beynəlxalq müsabiqələrdə iştirak edərək uğurlar qazanmasından danışdı.

   Sonra təqdim olunacaq filmlərin çəkiliş qrupu səhnəyə dəvət olundu. Hər üç filmin müəllifləri çəkiliş prosesinin özəllikləri haqqında danışdı. Çıxış edənlər gənc kinematoqrafçılar yaradılan şəraitə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıqlarını bildirdilər.

   Sonra filmlərə baxış oldu.

   Ataoğul arasındakı münasibətlərdən bəhs edən “Mayak” filmində narkoman oğlunu sağaltmaq məqsədilə onu kimsəsiz adaya aparan hərbiçi atanın cəhdləri önə çəkilir. Film boyu atasına tabe olmaq istəməyən Akif hər yolla onun yanından baş götürüb qaçmaq, öz istəklərinə görə yaşamaq istəyir. Filmdə atanın oğlu üçün bir növ mayak rolunu oynaması göstərilir. Həmçinin seçim azadlığı, hər kəsin öz istədiyi kimi yaşamaq istəyi qabardılır.

   “İşığa doğru” filmində kənd məktəblərinin birində qaçış üzrə yarışın qalibi olmuş oğlanın ailə dramı göstərilir. Bakıdakı yarışa dəvət alan uşaq xəstə anasını qoyub gedə bilmir. Filmdə məktəbli uşağın həyatın çətin zamanında əlacsız qalması, istəyi ilə ailəsi arasında seçim edə bilməsinin çətinliyi göstərilir.

   “Yuva” filmində Qarabağ müharibəsinin bir ailənin həyatında qoyduğu dərin izdən bəhs olunur. Müharibədə əsir düşən və 15 il sonra əsirlikdən evinə dönən kişi həyat yoldaşının başqası ilə ailə qurduğunu, lakin xoşbəxt olmadığını görür. Ata-babadan qalma evi, aradan xeyli zaman keçərək hadisələrin dəyişməsinə baxmayaraq, yuvası uğrunda mübarizəyə qalxan həmin şəxsin və bu hadisədə digər tərəflərin düşdüyü vəziyyət göstərilir. Filmdə Qarabağ müharibəsinə, işğal altındakı Qarabağa metaforik baxış da əks olunub. “Qaranquş qurduğu yuvadan getsə də, mütləq ora geri dönür” sözləri yuvaya (doğma torpağa) dönmə ideyasını təsdiqləyir.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2012.- 4 may.- S. 4.