Muzeydə
klassik musiqi gecəsi
Avstriya bəstəkarı Frans Yozef Haydnın 280 illiyi
qeyd edildi
Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Klassik musiqisevərlər
klubu” mayın 2-də görkəmli dirijor və bəstəkar
Niyazinin mənzil-muzeyində Avstriya bəstəkarı Frans
Yozef Haydnın (1732-1809) anadan olmasının 280 illiyinə həsr
edilmiş tədbir keçirdi.
Tədbiri giriş sözü ilə
Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov açdı. Sonra
tədbirin aparıcısı, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Səadət Səttarova bəstəkar
haqqında tədbir iştirakçılarına geniş məlumat
verdi. Qeyd olundu ki, Frans Yozef Haydn Vyana klassik məktəbinin
banilərindən biri olmaqla yanaşı, həm də
simfoniya və simli kvartetin yaradıcısıdır. Bəstəkar
Vyana yaxınlığındakı Rorau kəndində
dünyaya gəlib. Məktəbdə müxtəlif musiqi alətlərində
ifa etməyi və ifaçılığı öyrənir,
1740-cı ildən Vyanadakı Stefan xoruna qəbul olunur. 17
yaşınadək xorda oxuyur və paralel olaraq bəstəkarlığı
öyrənir.
1761-ci ildə Haydn macar knyazı
Esterqazinin sarayında xidmətə başlayır. Knyaz
musiqini çox sevdiyi üçün Haydn onun yanında
işləməkdən zövq alırmış. Amma sarayda
böyük bir xor kapellasına rəhbərlik etdiyi
üçün bəstəkarlığa vaxt ayıra
bilmirdi. Esterqazinin ölümündən sonra bəstəkar
İngiltərəyə gedir və bu səfər onun həyatında
dönüş yaradır. Burada “London” simfoniyasını,
“Orfey və Evrilika” operasını yazır. Bəstəkarın
Londondakı çıxışları böyük müvəffəqiyyət
qazanır və o, 1794-cü ildə yenidən bu şəhərə
qayıdır. Bəstəkar Oksford Universitetinin fəxri doktoru
adına layiq görülür. Vyanaya qayıtdıqdan sonra
Haydn onlarla kvartet, trio, sonata və mahnı bəstələyir.
Bəstəkarın son əsəri 1801-ci ildə
yazdığı “İlin fəsilləri”
oratoriyasıdır. Haydn 1809-cu il mayın 31-də vəfat
edib.
Tədbirdə Azərbaycan Dövlət
Simli Kvartetinin, Bakı Musiqi Akademiyası tələbələrinin
və Bülbül adına orta ixtisas musiqi məktəbi
şagirdlərinin ifasında bəstəkarın əsərləri
səsləndirildi.
L.Azəri
Mədəniyyət.- 2012.- 4 may.- S.
4.