Məktəbdə
“Turizm günü”
Mayın
3-də Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin
təşəbbüsü, Mədəniyyət və Turizm
Nazirliyinin təşkilati dəstəyi ilə adıçəkilən
təhsil ocağında “Coğrafiya həftəsi” çərçivəsində
“Turizm günü” keçirildi. Tədbirdə qonaq qismində
paytaxtın müxtəlif orta məktəblərindən
şagird və müəllimlər də iştirak edirdilər.
«Turizm günü» ilə əlaqədar
məktəbdə nazirlik tərəfindən xüsusi stend
quraşdırılmışdı. Tədbirin
iştirakçılarına ölkəmizin turizm
potensialına aid müxtəlif reklam-çap məhsulları
təqdim olundu.
Məktəbin coğrafiya müəlliməsi
Dilarə Zeynalova «Coğrafiya həftəliyi» çərçivəsində
şagirdlərin müxtəlif mövzularda təqdimatlar
hazırladığını, yeni ideyalarla
çıxış etdiyini bildirdi. Onun sözlərinə
görə, belə tədbirlər məktəblilərin
ölkəmizi daha yaxından tanımasına səbəb
olur.
Məktəbin direktoru Gülşən
Orucova qəzetimizə açıqlamasında bildirdi ki, təhsil
ocağında müxtəlif fənlər üzrə belə
həftəliklər tez-tez təşkil edilir. Onun sözlərinə
görə, «Turizm günü» ilk dəfə keçirilsə
də, məktəbin şagirdləri daima Azərbaycanın
turizm potensialı haqqında məlumatlandırılır:
«Şagirdlər Bakıda yerləşən muzeylərə,
Yanardağa, Atəşgaha, Qobustana və digər tarixi məkanlara
ekskursiyalara aparılır. Orada onlara Azərbaycanın tarixi,
mədəniyyəti, təbiəti haqqında geniş məlumatlar
verilir. Ekskursiyadan sonra şagirdlər gəzdikləri məkanla
bağlı təqdimatlar hazırlayır, öz fikirlərini
yoldaşları ilə bölüşürlər.
Bugünkü tədbiri təşkil etməkdə də əsas
məqsədimiz məktəbimizin şagirdlərinin Azərbaycan
haqqında daha çox məlumat əldə etməsidir. Təşəbbüsümüzü
dəstəklədiyinə görə Mədəniyyət və
Turizm Nazirliyinə təşəkkürümüzü
bildirirəm».
Mədəniyyət və Turizm
Nazirliyinin Turizmin marketinqi və təbliğatı sektorunun
müdiri Vüqar Şıxəmmədov 6 saylı məktəbin
təşəbbüsü ilə baş tutan tədbirin Azərbaycanda
ilk dəfə keçirildiyini söylədi. O, şagirdlərin
ölkəmizin turizm potensialı ilə yaxından
tanış olması, turizm haqqında ümumi məlumatlar əldə
edə bilməsi baxımından tədbiri yüksək qiymətləndirdi:
«Bugünkü tədbirdə nazirlik tərəfindən məktəbdə
quraşdırılmış stenddə müxtəlif xarici
dillərdə hazırlanmış 20 adda reklam-çap məhsulu
nümayiş olunur. Bakı şəhərinə və
regionlarımıza həsr olunmuş broşürlar,
kitabçalar, fotoşəkillər şagirdlərə
paylanır. 6 saylı məktəbdə bir neçə xarici
dil tədris olunduğundan burada təhsil alan şagirdlərin
bu çap məhsulları ilə tanış olmasında
heç bir problem olmayacaq».
Sonra məktəbin akt zalında
müxtəlif siniflərdə təhsil alan 100-ə yaxın
şagirdin iştirakı ilə turizm mövzusunda açıq
dərs keçirildi. Dərsdə Vüqar Şıxəmmədov
məktəblilərə və qonaqlara Azərbaycanda turizmin
inkişaf mərhələləri, son 10 il ərzində
turizm sahəsində əldə edilən uğurlar, istifadəyə
verilən mehmanxana və mehmanxana tipli obyektlər, Bakıda və
ölkəmizin regionlarında fəaliyyət göstərən
istirahət mərkəzləri, Azərbaycan üçün
perspektivli turizm istiqamətləri haqqında geniş məlumat
verdi. Onun çıxışı ölkəmizin turizm
imkanlarını əks etdirən reklam filmləri ilə
müşayiət olunurdu. Nazirlik təmsilçisi bu
görüntülərin gün ərzində bir neçə
dəfə dünyanın müxtəlif telekanallarında
nümayiş edildiyini də diqqətə
çatdırdı.
Sonra o Azərbaycan Turizm
İnstitutu, orada tədris edilən ixtisaslar haqqında məlumat
verdi. Qeyd olundu ki, orta məktəbi bitirib turizm mütəxəssisi
olmaq istəyən gənclər ATİ-ni seçəcəkləri
təqdirdə, seçimlərində peşman olmayacaqlar.
Azərbaycan turizminin böyük gələcəyi
olduğunu deyən çıxışçı
Şahdağ Qış-Yay Turizm Kompleksi barədə də
iştirakçılara məlumat verdi. Sonra V.Şıxəmmədov
şagirdləri maraqlandıran sualları cavablandırdı.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 4 may.- S. 3.