Təbi
dəniz kimi dalğalanan
şair
Mirzə Ələkbər Sabir -150
II yazı
Kitabxana
tariximizə qısa səyahət
Ölkəmizdə kitabxana işinin zəngin tarixi var. Hələ orta əsrlərdə Azərbaycanda
saray, dini, xüsusi elmi və şəxsi kitabxanaların mövcud olduğu məlumdur. Saray kitabxanaları
arasında böyük
dövlət xadimi və sərkərdə Şah İsmayıl Xətai tərəfindən
Təbrizdə yaradılan
kitabxananı xüsusi
qeyd etmək gərəkdir. 1522-ci ildə Şah İsmayıl Xətai kitabxana işi haqqında dövlət fərmanı imzalayır.
Bu dövrün dini kitabxanaları arasında Ərdəbildəki
Şeyx Səfi rəsədxanasının kitabxanası,
elmi kitabxanalar arasında isə fondunda 400 mindən çox kitab olan Marağa rəsədxanasının kitabxanası
mühüm yer tutur.
XIX əsrdə
Azərbaycanda yeni milli ictimai kitabxanalar,
habelə bir çox görkəmli simaların şəxsi kitabxanaları yaradılır.
Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundovun kitabxanaları o dövrün ən qiymətli kitabxanalarından
sayılır. 1859-cu ildə Şuşada,
1868-ci ildə Gəncədə,
1887-ci ildə Bakıda
ictimai kitabxanalar açılır. 1887-ci ildə Bakıda üç kitabxana fəaliyyət göstərirdi.
XIX əsrin sonlarında
Bakıda neft sahəsi işçiləri
üçün texniki
ədəbiyyat kitabxanaları
yaradılır. XX əsrin əvvəlində
Azərbaycan milli mədəniyyətinin inkişafı
üçün çalışan
ziyalılar xeyriyyə
cəmiyyətləri təşkil
edir, kitab nəşrini yaymağa çalışır, kitabxana
və qiraətxanalar açırdılar.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) M.Ə.Sabir
adına Kitabxana və Bakı Dövlət Universitetinin kitabxanası yaradılır. 1920-ci ildə Azərbaycanda 965 məktəb kitabxanası,
Bakı və onun ətraf rayonlarında 50-yə yaxın,
rayon və kəndlərdə
isə 100-dən çox
kitabxana fəaliyyət
göstərirdi.
Səbail rayonu, İslam
Səfərli küçəsi
13. Köhnə Bakının köhnə
ünvanlarından biri.
90 ildir Mirzə
Ələkbər Sabirin
adını daşıyan
kitabxana bu ünvanda yerləşir.
Qocaman mədəniyyət
müəssisəsinin tarixi
isə bir az da əvvəldən başlayır...
...1919-cu ildə
görkəmli ictimai xadim və ədiblər
- Nəriman Nərimanov,
Dadaş Bünyadzadə,
Əbdürrəhim bəy
Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli
bir araya gələrək ictimai təşkilat olan “Xəzər sahili istehlak cəmiyyəti” adlı ictimai təşkilat yaradıb bu təşkilatın hesabına kitabxana açırlar. Xalqın maariflənməsi və milli şüurun
oyanması yolunda atılan bu xeyirxah addım çox keçmir ki, öz bəhrəsini
verir. Oxucular kitabxanaya ayaq
açır, maarifpərvər
şəxslərin vasitəsilə
kitabxananın fondu yaradılır. Nəticədə oxucuların sayı gündən-günə çoxalır.
Kitabxana
1922-ci ildən görkəmli
satirik şair M.Ə.Sabirin adını daşıyır.
Hətta evdar qadınları
mütaliəyə cəlb
etmək üçün
evlərə kitab aparılır. Bu minvalla kitabxana insanların diqqətini cəlb edir və şəhərin ən sevilən kitabxanalarından birinə
çevrilir. 1939-cu ildə müəssisəyə
Mərkəzi Şəhər
Kitabxanası adı verilir.
Kitabxana Böyük Vətən
müharibəsi (1941-1945) illərində
də öz missiyasını ləyaqətlə
yerinə yetirir.
Kitabxana işçiləri arxa cəbhədəki hərbi
xəstəxanalarda yaralılara
kitab, qəzet, jurnal oxuyur, cəbhələrə kitab,
jurnal, qəzet göndərir. Zaman-zaman kitabxanada
ənənəvi olaraq
yazıçı-şairlərlə görüşlər, ədəbi
gecələr, aktual mövzularla bağlı diskussiyalar keçirilir.
Köhnə və doğma ünvan
Böyük Sabirin anadan olmasının 150 illik yubileyi ərəfəsində
yolumuzu köhnə və doğma ünvandan - M.Ə.Sabir adına Mərkəzi
Şəhər Kitabxanasından
saldıq.
Kitabxananın hazırkı vəziyyəti
barədə kitabxananın
müdiri Gülşən
Abbasova ətraflı məlumat verdi.
Bildirdi ki, kitabxanada 6 şöbə - oxu zalı, xidmət şöbəsi, rus şöbəsi, biblioqrafiya,
elektron informasiya xidməti və mübadilə şöbələri
fəaliyyət göstərir.
Kitabxananın
24 işçisinin əksəriyyəti
ali təhsilli,
yüksək ixtisaslı
kadrlardır. Oxucuların əsasını
müəllim və tələbələr təşkil
edir. Kitabxanaya bölgələrdən də oxucular müraciət edir.
Məlumat-biblioqrafiya
Kitabxanada məlumat-biblioqrafiya işini biblioqraflar aparır. Kitabxanaya daxil olan bütün dövri mətbuat və yardımçı materiallar
(məqalələr, məcmuələr,
lüğətlər, göstəricilər)
bu şöbədə
yerləşir. Kitabxananın aldığı qəzet və jurnal məqalələri biblioqrafiya
şöbəsində yerbəyer
edilərək kartotekalara
düzülür. Şöbədə oxuculara yazılı, şifahi və telefonla məlumatlar verilir. Yeri gəlmişkən, kitabxanada 3 kompyuter var.
2011-ci ildə məlumat-biblioqrafiya
şöbəsində 2000 oxucuya məlumat verilmişdir.
Kataloqlar
Kitabxanada olan kataloqlar
Bakı şəhərində
ən qədim kataloqlardan sayılır.
1922-1923-cü illərdə
təşkil olunan kataloqlar illər keçdikcə yeniləşmiş,
təkmilləşmiş və
oxucuların sorğu mənbəyinə çevrilmişdir.
Kitabxanada xidmət kataloqları,
əlifba kataloqları
və sistemli kataloqlar (Azərbaycan və rus dilində)
oxucuların ixtiyarına
verilir. Ümumən kataloqlarda 40 minə
qədər çap kartockaları var ki, ildə 8-10 minə yaxın oxucu bu kataloqlardan
istifadə edir.
Hazırda kitabxananın fondu
139559 kitabdan ibarətdir.
2011-ci ildə kitabxananın
15051 oxucusu olub ki, onların da 4582 nəfərini ali məktəb tələbələri, 2193 nəfərini
təqaüdçülər, 1987 nəfərini qulluqçular,
yerdə qalanını
isə başqa peşə sahibləri təşkil edib. Bir fakt da
maraqlıdır ki,
2011-ci ildə 27251 nəfər
oxucu din, fəlsəfə,
psixologiya, 45447 nəfər
oxucu filologiyaya və bədii ədəbiyyata, 25653 nəfər
iqtisadiyyata aid kitablar üçün kitabxanaya
müraciət edib.
Ədəbiyyat dərnəyi
1922-ci ildən
kitabxanada «Gənc qələmlər», «Qızıl
qələmlər», «Gənc
texniklər» və başqa ədəbi dərnəklər fəaliyyət
göstərir. Bu dərnəklər müxtəlif
illərdə N.Nərimanov,
S.Vurğun, Ə.Haqverdiyev
tərəfindən yaradılıb.
İllər sonra «Qızıl
qələmlər» inkişaf
edib «Pərvanə» ədəbi məclisi adı ilə fəaliyyət göstərib.
Zaman-zaman bu dərnəklərə
Azərbaycanın tanınmış
yazıcı və şairləri iştirak edib. Dərnəyin ilk aparıcıları sırasında N.Nərimanov,
Ə.Haqverdiyev, S.Vurğun,
S.Rüstəm və başqalarının adı
yer alır. Hazırda dərnəyə şair Qəşəm Nəcəfzadə
rəhbərlik edir.
Dərnəyin 50 üzvü var.
Kütləvi tədbirlər
Kitabxanada vaxtaşırı kütləvi tədbirlər
keçirilir. Bu ilin yanvar-aprel aylarında kitabxanada bir sıra maraqlı
tədbirlər gerçəkləşib.
20 Yanvara həsr olunmuş sərgi, XX əsrin ən dəhşətli soyqırımına
həsr olunmuş «Xocalı sükut etdi» adlı sərgi, 2 Fevral - Gənclər Günü münasibətilə «Gənclər
bu gün və sabah» adlı konfrans, şair Nəriman Həsənzadənin 80 illiyinə
həsr olunmuş sərgi və neçə-neçə yaddaqalan
tədbirlər keçirilib.
Hazırda kitabxana Mirzə
Ələkbər Sabirin
150 illik yubileyinə ciddi hazırlaşır və Bakı İncəsənət Gimnaziyası
ilə birlikdə ədəbi-bədii kompozisiya
hazırlayır. Tədbir bu
ay gerçəkləşəcək.
Sabirin 150 illik yubileyində
bu qocaman kitabxananı təmirli, müasir texniki avadanlıqlarla təmin olunmuş görmək çox xoş olardı. Çünki şəhərimizin ən qocaman kitabxanasının əsaslı
təmirə ehtiyacı
var. Ümid edirik ki, xalqının maariflənməsi yolunda nicatı elmdə, kitabda görən Sabirin ruhunu yaşadan mədəniyyət
müəssisəsi paytaxtımızın
ən nüfuzlu kitabxanalarından biri olaraq qalacaq.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 9 may.- S. 13.