Üzeyir şəcərəsindən bir yarpaq
O,
baharda doğulub. Anasını tez itirsə də, atası
Sadıx bəy, çox sevdiyi əmisi Bahadur bəy onu
qayğısız böyütmüşdülər.
Kiçik Südabə həyətdə palçıqdan
fiqurlar düzəltməyi çox sevirdi. Onun düzəltdiyi
gəlinciklərə, müxtəlif fiqurlara baxan atası və
sevimli əmisi qızın heykəltəraş olmaq arzusunu
duyurdular. Doğrudan da, Südabənin qəlbi sənət
eşqi ilə döyünürdü. Bakının 132
saylı məktəbini bitirən gənc qız sənədlərini
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə
təqdim edir.
1952-ci ildə Rəssamlıq Məktəbini
müvəffəqiyyətlə bitirən Südabə Əliverdibəyova
təhsilini Leninqradda (Sankt-Peterburq) davam etdirmək istəyirdi.
Qızını qayğısız böyüdən ata isə
övladının gözündən uzaq olmasına razı
ola bilmirdi. Lakin qızının sənətə məhəbbəti,
heykəltəraş olmaq arzusu atanın inadına qalib gəlir.
O, 1952-ci ildə V.N.Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinə
daxil olur. Tələbəlik həyatı gənc Südabənin
sənət haqqında dünyagörüşünün daha
da genişlənməsinə səbəb olur. O, görkəmli
müəllimlərdən dərs aldıqca, heykəltəraşlıqla
bağlı bilikləri daha da dərinləşir.
Leninqradın məşhur muzeylərini gəzdikcə, şəhəri
bəzəyən əzəmətli heykəlləri
gördükcə gənc qız abidələr yaratmaq,
görkəmli insanların heykəllərini düzəltmək
fikri ilə Bakıya tələsirdi.
1958-ci ildə Leninqradda təhsilini bitirən Südabə Əliverdibəyova doğma Bakıya qayıdır. Bu vaxtdan etibarən o, müstəqil olaraq sənət əsərləri yaratmaqla məşğul olur. “Çoban”, “Niyazinin büstü”, ”C.Məmmədquluzadənin büstü”, “H.B.Zərdabinin heykəli”, “Baramaçı qız” və digər əsərləri ilə Azərbaycan incəsənətinə öz töhfəsini verir. Bakının Sahil qəsəbəsində 1941-1945-ci illərdə faşizmə qarşı döyüşlərdə həlak olanların xatirəsinə həsr etdiyi “Ana” abidəsi isə öz monumentallığı ilə diqqəti daha çox cəlb edir. Bunlardan başqa heykəltəraşın “Nepallı qadın”, “Məhsəti Gəncəvi”, “Təyyarəçi qız”, “Ümid” kimi əsərləri də ona uğurlar qazandırmışdır. Bu əsərlər qalereyasında dahi Üzeyir Hacıbəylinin heykəli xüsusi yer tutur.
Yəqin ki, bu yazının sərlövhəsi oxucunun diqqətindən yayınmadı: “Üzeyir şəcərəsindən bir yarpaq”. Heykəltəraş Südabə xanım Əliverdibəyova dahi Üzeyir bəyin dayısı qızıdır. Məhz belə bir nəsildən olan Südabə xanımın incəsənətə olan bu vurğunluğu heç də təsadüfi deyil.
Südabə Əliverdibəyovanın əsərləri hazırda respublikamızın şəhər və rayonlarını bəzəməkdədir. Onun əlləri ilə yaradılan C.Məmmədquluzadənin büstü Milli Dram Teatrının lociyasındakı büstlər arasında özünəməxsus yer tutur. H.B.Zərdabinin əzəmətli heykəli isə M.F.Axundzadə adına Milli Kitabxananın fasadını bəzəyən heykəllər arasındadır. H.Cavidin ev muzeyindəki portreti, Niyazinin ev muzeyindəki büstü, Milli İncəsənət Muzeyində yer alan “Baramaçı qız” ksiloqrafiyası da Südabə xanımın əməyinin məhsuludur.
Hazırda Südabə xanım ömrünün müdrik çağını yaşayır. İndi onun çox sevdiyi sənətini oğlu Əhməd Bədəlov davam etdirir. O da anası kimi əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. Anasının yolu ilə gedərək V.N.Muxina adına Leninqrad Rəssamlıq İnstitutunun heykəltəraşlıq şöbəsinə qəbul olunmuşdur. 1984-cü ildə ali təhsilini başa vuran Əhməd Bədəlov vətənə qayıtdıqdan sonra Azərbaycanın heykəltəraşlıq sənətinə silsilə əsərlər bəxş etmişdir. Bu uğurlu işlərdən biri kimi H.Z.Tağıyevin büstünü misal gətirmək olar.
Südabə xanımın qızı Rəşadət isə ömrünü musiqiyə bağlamışdır. Musiqi məktəbi şagirdlərinə fortepianodan dərs deyir.
Biz bu istedadlar ailəsinə uğurlar arzu edir, onlardan yeni-yeni sənət inciləri gözləyirik.
Gülnarə
Çingizqızı,
Üzeyir
Hacıbəylinin
ev-muzeyinin Ekspozisiya
şöbəsinin
müdiri
Mədəniyyət.-
2012.- 9 may.- 12.