Sənətdə
iz qoyanlar
Milli musiqi mədəniyyətimizin inkişafı və
təbliğində xidmətləri olan sənət
ocaqlarından biri də Xan Şuşinski adına Ağdam
Rayonlararası Muğam Məktəbidir. Bu günlərdə
məktəbin direktoru, Əməkdar mədəniyyət
işçisi və “Qarabağ bülbülləri”
ansamblının bədii rəhbəri Rafiq Rüstəmli ilə
görüşdük.
- Rafiq müəllim, incəsənətə,
musiqiyə necə gəlmisiniz? Öncə bu barədə
danışmağınızı istərdik...
- Qulluqçu ailəsində
böyümüşəm. Nəslimizdə
tanınmış musiqiçi olmayıb. Ancaq taleyin qismətidir,
digərlərindən fərqlənəcək qədər məlahətli
səsim olub. Bu da çox erkən yaşlarımdan diqqət
çəkib. Məktəbin bayram tədbirlərində, kəndimizin
el şənliklərində başqaları kimi mən də
oxuyardım. Bunu valideynlərim də bilirdi. Bir gün kəndimizin
hörmətli ziyalılarından biri atam Rəhim kişiyə
deyir ki, Rafiqin şirin səsi var, onu musiqi məktəbinə
qoysan yaxşı olar. Bu sözdən sonra atam məni
Üzeyir Hacıbəyli adına Ağdam Musiqi Texnikumuna
apardı. Məktəbin direktoru Əlipaşa Daşdəmirovla
görüşdük. O, səsimə qulaq asdı və
bildirdi ki, səsin yaxşıdır. Onun məsləhəti
ilə atam məni 1 saylı Ağdam şəhər uşaq
musiqi məktəbinin tar şöbəsinə
yazdırdı. Musiqinin əsaslarını, məna
çalarlarını Cəlal Əliyevdən öyrəndim...
- Kənddə yaşaya-yaşaya,
rayon mərkəzinə - musiqi məktəbinə gedib-gəlmək
11-12 yaşlı uşaq üçün çətin
deyildimi?
- Çox çətin idi. Ancaq nə
etmək olardı. Çünki günün birinci
yarısında Xındırıstan kənd orta məktəbində,
ikinci yarısında isə rayon mərkəzində musiqi məktəbində
oxuyurdum. Çox vaxt Qərvənddən Xındırıstana
qədər olan doqquz kilometr yolu piyada gedirdim... Orta məktəbi
və musiqi təhsilimi başa vurub üç il hərbi xidmətdə
oldum. Sonra Ü.Hacıbəyli adına Ağdam Musiqi
Texnikumunun tar şöbəsinə daxil oldum. İkinci kursda
ikən xanəndəlik sinfinə müşayiətçi təyin
olundum. Təhsilimi başa vurduqdan sonra təyinatla elə həmin
texnikumda qalıb işlədim. Sonra Dövlət İncəsənət
İnstitutunda oxudum. 1985-ci ildə təhsilimi başa vurdum. Həmin
ərəfədə Xan Şuşinski adına Ağdam
Rayonlararası Muğam Məktəbi yarandı və məni
ora direktor təyin etdilər. Onu da qeyd edim ki, 1986-cı ildə
respublika üzrə uşaq musiqi məktəblərində səs
sinfi üçün tədris proqramını
hazırlayıb ovaxtkı Mədəniyyət Nazirliyinə təqdim
etdim. Həmin tədris proqramından bu gün də istifadə
olunur. 2011-ci ildə proqram cüzi dəyişikliklərlə
yenidən nəşr olunub...
- Muğam məktəbində
“Qarabağ bülbülləri” adlı ansamblın
yaranması barədə nə deyə bilərsiniz?
- 1971-ci ildə Ağdamda Pioner və
Məktəblilər Evinin nəzdində “Qarabağ
bülbülləri” adlı uşaq musiqi ansamblı
yaranmışdı. Az vaxt ərzində xeyli uğurlu yetirmələri
vardı. Tacir Şahmalıoğlu, İlhamiz Paşayev, Arzu Fərhadov,
Əli və Elbrus Hüseynov qardaşları və s. 1985-ci
ildə isə mərhum şair Nüsrət Kəsəmənli
televiziyada “Dünyaya pəncərə” verilişində
“Qarabağ bülbülləri” ansamblının
keçmiş üzvlərinin acınacaqlı həyatından
bəhs etdi. Bundan sonra Ağdam Rayon Partiya Komitəsinin 1-ci
katibi məni və mədəniyyət şöbəsinin
müdirini qəbul etdi. Bildirdi ki, yeni yaranmış muğam
məktəbinin nəzdində bir uşaq musiqi ansamblı
yaradın. Adını da “Qarabağ bülbülləri”
qoyun. Yeni ansambl belə yarandı. Həmin vaxt məktəbin
səs sinfinə 30 nəfər qəbul yeri ayrıldı.
1986-cı ildə televiziyada ilk
çıxışımız oldu. 1987-ci ildə Azərbaycan
Dövlət Filarmoniyasında konsert proqramı ilə
çıxış etdik...
- Xarici ölkələrə
qastrol səfərlərinizlə bağlı nə deyərdiniz?
- Respublikadan kənarda ilk
çıxışımız 1988-ci ilin fevralında Moskvada
olub. 1989-cu ildə İraqda Babilistan festivalında iştirak
etdik. 1990-cı ildə on gün Türkiyədə qastrolda olduq.
1991-ci ildə Ankara şəhərində beynəlxalq
uşaq festivalında məktəbin “Qarabağ bülbülləri”
ansamblı uğurlu çıxışına görə
şəhər valisi tərəfindən medallarla təltif
olundu. Həmin il Daşkənddə keçirilən festivala
qatıldıq. Sonrakı illərdə bir çox festival və
müsabiqələrdə iştirak etmişik. 2004-2006-cı
illərdə respublika üzrə xor müsabiqələrində
ardıcıl olaraq uğurla çıxış etdik. 2005-ci ildə Fransada - Lion konservatoriyasında, Lil operasında
muğam konserti verdik. 2006 və 2008-ci illərdə yenidən Fransaya səfərlərimiz
oldu. 2009-cu ildə İsveçrədə
Azərbaycan mədəniyyəti
günlərində məktəbin
muğam üçlüyü
də iştirak etmişdi. Bu gün məktəbimizin
65 nəfərdən ibarət
xor kollektivi də var.
- Bir muğam bilicisi kimi deyə bilərsizmi, “Qarabağ bülbülləri” adı
nə vaxt yaranıb? Bu ad ilk dəfə kimə verilib?
- Bu barədə
maraqlı bir fakt deyə bilərəm. 1956-cı ildə Moskvada keçirilən Ümumdünya
Gənclər Festivalında
Azərbaycan gəncləri
də təmsil olunurdu. Gənc musiqiçilərin festivalında muğam ifaçısı Vəli
Məmmədov “Qızıl
medal” alır. Münsiflər heyətinin üzvləri onu yekdilliklə “Qarabağ bülbülü”
(“Karabaxskiy slovey”) adlandırırlar. İlk dəfə
“Qarabağ bülbülü”
adı belə yaranıb.
- Çoxsaylı
qastrol səfərlərindən
yəqin çoxlu xatirələr yadda qalıb...
- Fransada konsertdə idik. Qısa bir fasilə oldu. Bu vaxt səhnəyə yaşlı,
nurani bir kişi qalxdı.
Yaxınlaşıb gözlərimdən öpdü və ağladı. Dedi ki, o, əslən
şuşalıdır. Çoxdan Fransada
yaşayır. Özünə hər cür şərait yaradıb.
Ancaq ürəyində
doğma yurd, torpaq həsrəti var. “Sizi gördüm, bir anlıq toxtaqlıq tapdım”, - dedi...
- Rəhbərlik
etdiyiniz məktəb haqqında nə deyərdiniz. Qayğılarınız,
gələcək planlarınız...
- Məktəbimiz
Binəqədi rayonunun
Biləcəri qəsəbəsində
284 saylı orta məktəbin binasında
yerləşir. Məktəbdə 7 şöbə fəaliyyət
göstərir. 236 nəfər şagirdin təlim-tərbiyəsi ilə
54 müəllim məşğul
olur. 17 sinif otağımız var. Arzular
da ki, tükənməzdir...
Bu gün sənət aləmində
tanınan bir çox isimlər bizim məktəbin, “Qarabağ bülbülləri”
ansamblının yetirmələridir:
əməkdar artistlər
Səbuhi İbayev, Firuz Səxavət, opera solisti Humay Məmmədova,
Habil Hacıyev, Fəqani Əliyev, Cabir Şuşalı,
\"Muğam\" müsabiqəsinin
iştirakçısı Ehtiram
Hüseynov, Ayaz Qasımov, Azər Rüstəmov və başqaları. İndiyədək uğurlu çıxışlarımıza
görə 25 fəxri
diplom, 1 qızıl,
4 stolüstü medal almışıq.
Daha nə deyim, bizi illərlə
yaşadacaq və gələcək nəsillərə
tanıdacaq izimiz var...
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 9 may.- S. 12.