“Azərbaycan miniatürü: ənənə və müasirlik

 

   Mayın 4-də Xətai Sənət Mərkəzinin miniatür sənəti qalereyasında “Azərbaycan miniatürü: ənənə və müasirlik” adlı sərgi açıldı.

  

   Mərasimdə çıxış edən Xətai Sənət Mərkəzinin bədii rəhbəri, Xalq rəssamı Arif Hüseynov sərginin Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsinə gələn qonaqları Azərbaycan rəssamlarının qədim miniatür ənənələri ilə tanış etmək, təsviri sənətimizin qədim tarixi qaynaqlara söykəndiyini dünya xalqlarına çatdırmaq məqsədilə təşkil edildiyini dedi.

   Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev miniatür sənətinin tədqiqi sahəsində görülən işlərdən danışdı. Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov miniatür sənətində iz qoyan rəssamların işlərindən ibarət sərgini təşkil etdiyinə görə A.Hüseynova minnətdarlığını bildirdi. Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun aparıcı məsləhətçisi Əsəd Quliyev çıxış edərək, ənənə və müasirlik əsasında yaradılan sərgi nümunələrinin təsviri sənətə yeni qədəm qoyan gənc nəslin yaradıcılıq yolunun istiqamətləndirilməsində də mühüm rol oynayacağını bildirdi.

   Sənətşünaslıq doktoru Cəmilə Həsənzadə sərgidə ingilis dilində versiyası təqdim olunan “Azərbaycan miniatür sənəti” (Azerbaijan Miniature Painting) kitabı haqqında məlumat verdi. Kitaba daxil olan miniatür sənəti tarixindən və rəssamlarından danışdı.

   Sərginin ekspozisiyasında XV-XVI əsrlərdə yaşayıb yaratmış Təbriz miniatür məktəbinin görkəmli nümayəndələri Soltan Məhəmməd Təbrizi, Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Kəmaləddin Behzad, həmçinin milli miniatür sənətimizin bədii-estetik dəyərlərini öz yaradıcılığında əks etdirən rəssamlarımız Əzim Əzimzadə, Mircavad Cavadov, Rasim Babayev, Toğrul Nərimanbəyov, Altay Hacıyev, Arif Hüseynov, Siruz Mirzəzadə və digərlərinin əsərləri təqdim olunur. Onlarla bir sırada gənc rəssamlardan Cəmilə Həşimova, Orxan Hüseynov, Aytən Şirzadova, Leyla Salamova və başqalarının əl işləri də yer alıb.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2012.- 9 may.- S. 10.