Vulkana doğru
Ölkəmizdəki
palçıq vulkanları ekoturizm üçün geniş
imkanlar açır
Mayın 4-də Mədəniyyət və Turizm Nazirliyi,
AMEA-nın Geologiya İnstitutunun “Palçıq vulkanizmi”
şöbəsi və “GEO Travel” turizm şirkətinin təşkilatçılığı
ilə Qobustan rayonunda yerləşən palçıq
vulkanlarına infotur keçirildi. İnfoturda Mədəniyyət
və Turizm Nazirliyinin ekspertləri, ölkəmizdə fəaliyyət
göstərən turizm şirkətlərinin, Geologiya
İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşları
və KİV nümayəndələri iştirak edirdilər.
Mədəniyyət və Turizm
Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı
sektorunun aparıcı məsləhətçisi Cəmil Kəlbəliyev
bildirdi ki, infoturun keçirilməsində məqsəd 2011-ci
ilin “Turizm ili” elan edilməsi ilə bağlı ölkə
başçısı tərəfindən təsdiq
edilmiş Tədbirlər Planının 30-cu bəndinin
(“Palçıq vulkanizmi” turizm marşrutunun
hazırlanması) icrasını təmin etməkdir. Onun
sözlərinə görə, ölkəmizdəki
palçıq vulkanları dünyanın möcüzələrindən
biri hesab olunur: “Bu məkanların turizm nöqteyi-nəzərindən
tanıdılması və təşviq edilməsi, eyni zamanda
müvafiq turist proqramlara daxil edilməsi hazırda prioritet məsələ
hesab olunur. Ona görə də turizm şirkətləri əməkdaşlarının
və KİV nümayəndələrinin palçıq
vulkanları haqqında geniş məlumatlı olması
vacibdir”.
Lökbatan vulkanı Azərbaycanın ən aktiv
palçıq vulkanıdır
Səfərin proqramına uyğun
olaraq infotur iştirakçıları Bakının Ələt
qəsəbəsi istiqamətində yerləşən
Lökbatan vulkanına baş çəkdilər. Geologiya
İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin
baş elmi işçisi, geologiya-mineralogiya elmləri üzrə
fəlsəfə doktoru Orxan Abbasov vulkan barədə məlumat
verdi. Qeyd olundu ki, Bakıdan 15 km cənub-qərb istiqamətində
Xəzər dənizi sahilində eyni adlı neft-mədən
sahəsində yerləşən Lökbatan vulkanı
oroqrafik cəhətdən zirvəsində iki günbəz
şəkilli yüksəklikdən ibarətdir. Bu iki yüksəklik
arasında 1887-ci ildə üçüncü dəfə
püskürmədən sonra əmələ gəlmiş
yüksək krater sahəsi var. Vulkanın mütləq
hündürlüyü 98, yer səthinə nisbətən
hündürlüyü isə 130 metrdir.
Mütəxəssisin sözlərinə
görə, püskürmələrin sayına görə
dünyada rekordçu olan Lökbatan vulkanı Azərbaycanın
ən aktiv palçıq vulkanıdır: “Bu vulkan 1829-cu ildən
başlayaraq indiyə qədər 22 dəfə
püskürüb. Axırıncı dəfə isə
2001-ci ilin oktyabrında püskürüb. Püskürmələr
yer səthinə böyük həcmdə vulkan
brekçiyasının çıxması, qazların
alışıb yanması, alovun bəzən 300-400 metr
hündürlüyə qalxması ilə müşayiət
olunub. Ətrafdakı vulkan brekçiyasının
örtüyü 425 ha sahəni əhatə edir”.
Orxan Abbasov Lökbatan vulkanı
haqqında bəzi maraqlı faktları da nəzərə
çatdırdı: “Azərbaycanda neft hasilatı tarixinin bir
çox səhifələri Lökbatan palçıq
vulkanı ilə bağlıdır. Uzun zaman palçıq
vulkanizminə neft və qaz yataqlarının
dağılması amili kimi baxılırdı. Lakin
1933-cü ildə Lökbatan palçıq vulkanında
qazılmış 45 saylı quyu 20 min ton debitlə fontan
vurdu. Bununla da sübut olundu ki, vulkanlar yataqları
dağıtmır. 45 saylı quyu isə hələ də
istismardadır”.
Daşgil vulkanında cəmi 6 püskürmə olub
İnfotur çərçivəsində
növbəti baş çəkdiyimiz məkan Daşgil
palçıq vulkanı oldu. Ələt dəmir yolu
stansiyasından 2-2,5 km şimalda, Daşgil strukturunun qərb
hissəsində yerləşən vulkan müstəvi şəkilli,
eninə istiqamətdə yastı təpə
formasındadır. Geologiya İnstitutunun “Palçıq
vulkanizmi” şöbəsinin mühəndisi Arif Hüseynovun
dediyinə görə, vulkanın yer səthindən
hündürlüyü 100 metrdir: “Vulkanın sahəsində
intensiv şəkildə qaz ayrılır, lilli su
çıxır. Daşgil ilk dəfə 1926-cı ildə
püskürüb. Vulkanın köhnə kraterindən qərbdə
qazların, neft qabarcıqları qatı palçıq
ayıran aktiv qrifonlar yerləşir. Mərkəz hissədə
həmçinin krater hissəsinin şərqində iki
böyük salz var. Onlardan birində diametri 15 metr olan
güclü qaz ayrılması və lilli su axını
müşahidə olunur. Vulkandan çıxarılan
brekçiyanın ümumi həcmi 253 milyon kubmetr, onun orta
qalınlığı 55 metr, örtüyü 460
hektardır”. İndiyə qədər Daşgil vulkanında 6
iri püskürmə olub. Onlardan birincisi 1982-ci ildə,
sonuncusu isə 2001-ci ildə baş verib.
Biz orada olanda vulkanda bir neçə
kiçik püskürmə oldu. Bu zaman yaranan mənzərə
o qədər gözəl idi ki, onun ecazkarlığına,
vulkanik süxurların qəribə dünyasına heyran
olmamaq mümkün deyildi.
Qoturdağda 100 ildən çoxdur ki, fasiləsiz
püskürmə baş verir
Qoturdağ palçıq vulkanı
Qobustan ərazisində yerləşir. Bakıdan 70 kilometr cənub-qərbdə,
Ayrantökən adlanan sahənin 3 km-liyində yerləşən
vulkanın hündürlüyü 150 metrdir. Vulkan dərinliyi
15-20 metr, diametri 150 metr olan kəsik konus şəklindədir.
Orxan Abbasovun sözlərinə görə, Qoturdağ
vulkanı aktivlik baxımdan digərlərindən fərqlənir:
“100 ildən artıqdır ki, vulkanda gözəl mənzərə
müşahidə olunur: fasiləsiz qeyri-adi püskürmə
prosesi baş verir ki, bu da uzunluğu 50 metr, eni 15 metr olan
nalşəkilli krater boğazından çıxan günbəzşəkilli
palçıq kütləsinin əmələ gəlməsinə
səbəb olur. Yarıquru brekçiya yuxarı
sıxılıb çıxır və parçalanaraq yamac
boyu aşağı axır. Bu hadisə ilk dəfə
1926-cı ildə müşahidə olunub. Bu proses 1966-cı
ilə qədər davam edib. Sonra isə həmin ilin oktyabrında
və 1970-ci ilin yazında adi püskürmə baş verib”.
Mütəxəssisin sözlərinə
görə, Azərbaycan dünyada palçıq
vulkanlarının geniş yayıldığı ölkə
kimi tanınır. Onun sözlərinə görə, Yer
kürəsindəki 800-dək palçıq vulkanından təxminən
320-si ölkəmizin ərazisindədir. Əsasən Bakı
və Abşeron yarımadasında, eləcə də Qobustan
və Şamaxı rayonları ərazisində
yayılmış palçıq vulkanlarının bəziləri
təbiət abidəsi kimi formalaşıb.
Dünya təcrübəsində
palçıq vulkanları yerləşən və əsrarəngiz
mənzərəyə malik yerlərə turistləri cəlb
etmək üçün turlar təşkil olunur, bu yerlərdə
müalicə müəssisələri, kurortlar inşa edilir.
Bəs Azərbaycan necə, təbiətin bəxş etdiyi bu
imkandan yetərincə yararlana bilirmi?
Orxan Abbasov deyir ki, bu təbiət
abidələrinin turizm obyekti kimi tanıdılması ölkəmizdə
turizmin bir istiqaməti kimi nəzərdən keçirilir.
Ölkə Prezidentinin 2007-ci il 15 avqust tarixli sərəncamı
ilə Bakı və Abşeron yarımadasının
palçıq vulkanları qrupu Dövlət Təbiət
Qoruğu yaradılıb: “Son illər Bakı və Abşeron
yarımadasında yerləşən palçıq
vulkanlarına olan antropogen təsirlərin artması
onların mühafizəsini aktuallaşdırıb və
ölkə Prezidentinin sərəncamı ilə ərazidə
təbiət qoruğunun yaradılması bu zərurətdən
irəli gəlib. Bununla yanaşı, palçıq
vulkanları ərazilərinə turizm marşrutlarının
tərtib edilməsi üçün müəyyən məsələlərin
həllini tapması lazımdır. “Xüsusi mühafizə
olunan təbiət əraziləri və obyektləri
haqqında” qanuna əsasən, qoruq ərazilərində
turizm fəaliyyəti qadağan edilir. Bu səbəbdən
Bakı və Abşeron yarımadasındakı
palçıq vulkanlar qrupu Dövlət Təbiət
Qoruğuna Milli Park statusu verilərsə, o zaman
palçıq vulkanlarının marşrutları üzrə
turistlərin fəaliyyətinə icazə verilə bilər.
Qoruq statusu ərazidəki 52 palçıq vulkanına
şamil edilib. Bu vulkan ərazilərinin böyük turizm
potensialı var”.
Qeyd edək ki, palçıq
vulkanlarının ekoturizmdən əlavə, müalicəvi
turizmin təşkilində də xüsusi əhəmiyyəti
ola bilər. Mütəxəssisin dediyinə görə,
dünya təcrübəsində mədə-bağırsaq,
periferik və mərkəzi əsəb sistemi, uroloji, oynaq,
radikulit, dəri və s. xəstəliklərin müalicəsində
vulkan palçığından geniş istifadə olunur. Bu
baxımdan palçıq vulkanlarının
yaxınlığında müalicə obyektlərinin
yaradılması vacibdir.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 9 may.- S. 9.