Xalça
Muzeyində “Şuşanın sənət inciləri”
İşğal öncəsi muzeyin Şuşa
filialından fədakarlıqla xilas olunmuş eksponatların sərgisi
Mayın 4-də L.Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində Şuşa şəhərinin
işğalının 20-ci ildönümü ilə
bağlı «Şuşa səsləyir» adlı tədbir
keçirildi.
Tədbir
iştirakçılarına 1992-ci ildə şəhərin
erməni qüvvələri tərəfindən
işğalından öncə muzeyin Şuşa
filialından fədakarlıqla xilas olunmuş eksponatlardan ibarət
“Şuşanın sənət inciləri” sərgisi təqdim
olundu. Sərgidə XIX-XX əsrin əvvəllərinə aid
«Bağçadagüllər», «Ləmpə», «Atlı-itli»,
«Buynuz», «Xanlıq, «Balıq», «Açma-yumma», «Bəhmənli»,
«Malıbəyli», «Qasımuşağı», «Şuşa»,
«Şabalıd buta» kimi xovlu xalçalar, xalça məmulatları,
tikmələr, geyimlər, zərgərlik nümunələri
nümayiş etdirilir. Sərgi iştirakçıları həmçinin
əjdaha təsvirli «Vərni» xalçasının toxunma
prosesi ilə də tanış oldular.
Tədbirdə
çıxış edən muzeyin direktoru Röya
Tağıyeva 20 il öncə Şuşa filialından
eksponatların çıxarılmasından
danışdı. Bildirdi ki, muzey işçilərinin fədakarlıqları
sayəsində bu nümunələri qorumaq mümkün olub:
“1992-ci ildə erməni işğalı ərəfəsində
Şuşa muzeyləri arasında yalnız Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin Şuşa filialı öz eksponatlarını tam
olaraq xilas edə bilib. Muzey əməkdaşlarının fədakarlığı
nəticəsində XIX-XX əsrlərə aid olan 200-dən
çox xalça və xalça məmulatı, 30-a
yaxın bədii tikmə və geyim, 40-a yaxın zərgərlik
məmulatı xilas edilib. Əməkdaşlarımız bu
eksponatları xilas etmək üçün həyatlarını
təhlükə altına atıblar. Muzey sərvətlərinin
qorunub saxlanması, təbliği həm fədakarlıq, həm
də sevgi tələb edir. Bu fədakarlıq sayəsində
bu gün Şuşa mədəniyyətinin,
xalçalarının bu zəngin nümunələrini
geniş ictimaiyyətə təqdim edə bilirik”.
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayev də sərgidə nümayiş
olunan eksponatları vaxtında Şuşadan
çıxaranları fədakar adlandırdı: «Şuşa
vuruşub, uzun müddət atəş altında qalıb. Və
bu ağır günlərdə insanlar mədəni irsimizin
xilası üçün əllərindən gələni
ediblər. Şuşa bizim mədəniyyət mərkəzimizdir.
Bu gün burada sərgilənən eksponatları vaxtilə
Şuşadan çıxaran insanlar əsl fədakarlıq
göstəriblər. Vaxt gələcək, bu eksponatlar yenə
Şuşada sərgilənəcək».
Muzeyin Şuşa filialının
direktoru Hicran Əliyeva ötənləri yada saldı: «1989-cu
ildən filiala rəhbərlik etmişəm. Şuşaya gələn
turistlər muzeyə baxmamış oranı tərk etmirdilər.
İşğal zamanı Şuşadakı evimdən
heç nə çıxarmamışam. Amma muzeydəki
eksponatları xilas etməklə tariximizi, irsimizi bu gün, gələcək
nəsillər üçün saxlaya bildik”.
Mədəniyyət və Turizm
Nazirliyinin Muzey işi sektorunun böyük məsləhətçisi
Əli İsmayılov bildirdi ki, sərgilənən
eksponatlarda xalqımızın mədəni irsi əks olunub:
«Azərbaycanın qədim mədəni sərvətlərinin
qorunmasında iştirak edən insanların xidməti əvəzsizdir.
Çünki bu eksponatların dəyəri
böyükdür, onlarda xalqımızın mədəni
irsi yaşayır. İşğal altındakı
torpaqlarımızda mədəni abidələrimizi erməniləşdirirlər.
Bu eksponatlar isə bizim Qarabağdakı, Şuşadakı zəngin
irsimizi dünyaya sübut edir».
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəzinin direktoru Vilayət İsmayılov
da çıxış edərək, nümayiş olunan
eksponatların əhəmiyyətindən danışdı.
Tədbirdə daha sonra muzeyin
uşaq teatrının ifasında «Vərni» xalçasına
həsr olunmuş musiqili tamaşa, Mədəniyyət və
İncəsənət Universiteti tələbələrinin
ifasında Şuşaya həsr olunmuş kiçik tamaşa
təqdim olundu.
Gülər
Mədəniyyət.- 2012.- 9 may.- S.
6.