Üzeyir bəyin ev-muzeyində həsrət dolu görüş
Mayın 4-də Üzeyir Hacıbəylinin
ev-muzeyində Şuşanın işğalının 20 ilinə
həsr olunmuş “20 il Şuşasız” adlı tədbir
keçirildi.
Tədbir
iştirakçıları əvvəlcə muzeydə
Üzeyir Hacıbəylinin büstü qarşısına tər
çiçəklər düzüb zaldakı nadir
eksponatlarla tanış oldular, Şuşa həyatını əks
etdirən fotosərgiyə baxdılar. Həsrət dolu
görüşü Ü.Hacıbəylinin ev-muzeyinin
direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar
Sərdar Fərəcov açaraq bildirdi ki, dahi bəstəkarın
ev-muzeyi 40 ilə yaxındır ki, Bakıda fəaliyyət
göstərir: “Buraya gələn ziyarətçilərin ilk
eşitdikləri söz Şuşadır. Çünki
dünya şöhrətli Üzeyir Hacıbəyli
Şuşada boya-başa çatıb, onun əsərlərində
Şuşa xatirələri də əksini tapıb. Bu gün
dünyanı qarış-qarış gəzən “Arşın
mal alan” məhz Şuşanın həyatını əks
etdirən bir əsərdir. Bu gün ürəyimizdə
Şuşa boyda bir nisgil daşıyırıq. Amma sabaha
ümidimizi itirmirik. Arzu edək ki, Şuşasız
yaşadığımız 20-ci il həsrətimizin,
nisgilimizin, ayrılığımızın son ili olsun”.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xalq artisti Firəngiz Mütəllimova, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, ədəbiyyat üzrə fəlsəfə doktoru, şair Ənvər Əhməd, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məleykə Alıqızı, bəstəkar Rauf Əliyev, professor Aydın Dadaşov çıxış edərək, Şuşasız keçən 20 ilin kədərini, acı xatirələrini, nisgilini doğma məkanda - Üzeyir Hacıbəylinin ev-muzeyində Şuşa həsrətli insanlarla bölüşdülər. Ürəyinin hər döyüntüsü Şuşa deyən çıxışçılar həsrətdən ümidə yol getdilər, Qarabağın tacı olan Şuşaya qayıdacaqları günün ümidi ilə yaşadıqlarını, Üzeyir bəyin narahat ruhunun məhz Şuşa qaytarılan gün rahat olacağını bildirdilər.
Tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin ifaçılıq kafedrasının müdiri, dosent Gülağa Zeynalov (tar) və Leyla Əmirovanın (piano) ifasında Süleyman Ələsgərovun “Xəyala dalarkən” kompozisiyası təqdim olundu. Sərdar Fərəcovun “Qarabağ” əsəri səsləndirildi. Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tədbirlər və bayram rejissorluğu ixtisası üzrə IV kurs tələbələri Vəsilə Fətəliyeva, Surəya Əzizova, Əkbər Rüstəmov, İlqar Babayev, Tərvin Quliyeva, Məryəm Quliyevanın ifasında “Yaddan çıxmaz Qarabağ” adlı kompozisiya iştirakçılara həzin anlar yaşatdı.
İtirilmiş torpaqlarımızı anmaq üçün bu il sonuncu il olsun. Tədbir bu arzu ilə başa çatdı.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 9 may.- S. 6.