Xalq üçün yaşanan ömür
Onun şəxsiyyətinin böyüklüyü,
uzaqgörənliyi memarı olduğu Azərbaycan dövlətinin
inkişaf və yüksəlişində öz təsdiqini
tapır
Mayın 10-da zəmanəmizin qüdrətli siyasətçisi, böyük dövlət xadimi, 30 ildən artıq bir dövrdə Azərbaycan xalqının həyatında, taleyində tarixi rol oynamış Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü tamam olur.
İstər
sağlığında, istərsə vəfatından sonra Heydər Əliyev haqqında
çoxsaylı kitablar, qəzet-jurnal məqalələri
yazılıb və bundan sonra
da yazılacaq. Ona ithaf olunmuş ədəbi
əsərlər, musiqi nümunələri,
tablolar, onun həyat və
fəaliyyətindən bəhs edən filmlər də bundan sonra uzun
illər işıq üzü görəcək.
Və bütün bu yazılan, lentə alınan, nota və kətana köçürülən
əsərlər onun zəngin portretinin bir neçə cizgisini, fəaliyyətinin bir
neçə istiqamətini dolğun əks
etdirməyə müvəffəq olur. Çünki Heydər Əliyev o qədər nəhəng şəxsiyyət
və dövlət xadimi idi ki, onu
bir əsərdə tam
və bitkin şəkildə təsvir etmək
mümkünsüzdür. Biz
də bu yazıda böyük
öndər haqqında, onun şəxsiyyəti
barədə bəzi məqamları, sadəcə, qeyd etmək istərdik.
* * *
Heydər
Əliyev orta məktəb illərində
teatra maraq göstərmiş,
hətta bədii özfəaliyyət dərnəyində Hamleti oynamışdı. O, aktyorluq
sənətinin ardınca getmədi, amma özünün ən böyük
rolunu doğma
xalqının, Azərbaycanın həyatında oynadı. O,
həyatı boyunca dəfələrlə Şekspirin
qəhrəmanının məşhur dilemması ilə
üz-üzə dayanmış və hər dəfə bu mübarizədən qalib
çıxmışdı. 1993-cü ilin
yayında xalq kömək üçün
ona üz tutanda Azərbaycan dövlətçiliyi də
"olum ya ölüm" sualı ilə üz-üzə
idi. O, tarixi qərarını
verdi, ölkəyə rəhbərliyə
qayıtdı, sabitlik yaratdı, gənc
respublikanı inkişaf relsinə
çıxardı, onun dünya
birliyində layiqli yer
tutması üçün əlindən
gələni etdi.
* * *
Heydər Əliyev ali məktəbdə öncə memarlıq, sonra isə tarixçi təhsili almışdı. Lakin nə memar peşəsində işlədi, nə də tarixçi oldu. Bununla belə, o, siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirdi: müstəqil Azərbaycan dövlətinin memarı oldu, Azərbaycanın ən yeni tarixini isə öz əməlləri ilə yazdı. Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsidir. "Müstəqil Azərbaycan dövlətçiliyi Heydər Əliyevin şah əsəridir" - bu, sadəcə, gəlişi gözəl söz deyil, yaşadığımız tarixin, çağdaş günümüzün gerçəyidir.
O, Azərbaycana
rəhbərlik etdiyi və böyük siyasətdə olduğu
bir qərinədən artıq dövrdə
xalqın taleyində tarixi rol
oynayıb. Azərbaycanın hər bir
bölgəsində onun quruculuq
fəaliyyətinin izləri var. Təkcə
paytaxtda Heydər Əliyev quruculuğunun
nümunəsi olan onlarla
nəhəng tikili, sənaye müəssisəsi,
mədəniyyət, təhsil və səhiyyə
ocağı var. Bu gün Bakıda Heydər Əliyevin
adını daşıyan möhtəşəm saray da vaxtilə onun rəhbərliyi altında Azərbaycanda
aparılmış tikinti-quruculuq işlərinin
bir nişanəsidir. Həmin
saray onun
iştirakı ilə nə qədər təntənələrin
şahidi olmuş,
Heydər Əliyev bu sarayda
neçə-neçə böyük tədbirlər
keçirmiş, nitqlər söyləmiş,
nəhayət, 1993-cü ildə hakimiyyətə qayıdandan
sonra Azərbaycan Prezidenti
kimi burada xalqa və dövlətə sədaqət
andı içmişdi. 2003-cü il aprelin 21-də auditoriya qarşısında, Ali
Baş Komandanı olduğu
hərbçilər önündə son
çıxışını da bu sarayda etmişdi.
Tale elə gətirdi ki,
2003-cü ilin 15 dekabrında xalq özünün böyük oğlunu məhz
bu saraydan son mənzilə yola
saldı.
* * *
O, birincilik üçün, lider olmaq üçün yaranmışdı. Bu keyfiyyətlər onda fitrətən vardı.
Onun liderlik bacarığı,
potensialı çalışdığı
bütün işlərdə,
tutduğu bütün
vəzifələrdə özünü
göstərmişdi. Heydər Əliyev sovet dövlətinin rəhbərliyində
yeganə azərbaycanlı,
türk-müsəlman olaraq
təmsil olunanda da onun liderliyi
bariz idi. Təsadüfi deyil ki, üstündən illər
ötəndən sonra
da keçmiş
SSRİ-nin müxtəlif
bölgələrində - sıravi işçidən
akademikədək - hər
kəs onu ehtiramla anır.
* * *
Heydər Əliyev həyatı
boyu həmişə xalqa arxalanmışdı.
"Mənim həyat amalım bütün varlığım
qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin
iqtisadi, siyasi, mənəvi inkişafına
xidmət olub. Bu yolda bütün
gücümü və
iradəmi yalnız müdrik və qədirbilən xalqımdan
almışam. Ən çətin
anlarda, ən mürəkkəb vəziyyətlərdə
yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün
uğurlarımı təmin
edib".
Müstəqil Azərbaycan dövlətinin
keçdiyi sınaqlar,
dövlətçiliyimizin ən ağır günlərində Heydər
Əliyevin göstərdiyi
qətiyyət bu sözlərdəki gerçəyi
dəfələrlə təsdiqləyib.
O, dünya azərbaycanlılarının prezidenti
idi. 1993-cü ilin dekabrında prezident vəzifəsində
Fransaya etdiyi ilk xarici səfərdən dönəndən sonra jurnalistlərlə söhbətində
belə bir faktı təəssüflə
qeyd etmişdi ki, xaricdəki azərbaycanlılar mütəşəkkil
deyil, Azərbaycan gerçəkləri dünyada
yetərincə tanınmır,
təbliğ olunmur.
Məhz buna görə
Heydər Əliyev prezidentliyi illərində
dünyadakı azərbaycanlıların
təşkilatlanması, Azərbaycanın
tarixi gerçəklərinin,
milli mədəniyyətimizin
dünyada geniş yayılması üçün
səylərini əsirgəmirdi.
Heydər Əliyev Azərbaycanın
güclü dövlətçilik
xəttini, onun siyasi və iqtisadi əsaslarını
yaratmaqla yanaşı,
Azərbaycan xalqının
milli intibah və inkişafının
təməl sütunu
olan ideyanın - azərbaycançılıq məfkurəsinin
banisi oldu. Çünki o, vətənpərvər lider olmaqla bərabər,
eyni zamanda böyük azərbaycanlı
idi. Heydər Əliyev Azərbaycanın
türk dünyasında
layiqli yerini tutması, türk dövlət və toplumları arasında inteqrasiyanın güclənməsində
böyük xidmətlər
göstərib. Onun
tarixi səyləri nəticəsində dahi Məhəmməd Füzulinin
500 illik yubileyi, böyük türk dastanı «Kitabi-Dədə
Qorqud»un 1300 illik yaşı UNESCO səviyyəsində
bütün dünyada
qeyd olundu.
Bütün bunlarla yanaşı,
Heydər Əliyevin «azərbaycançılıq» ideyasını
ümummilli məfkurə
olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi
və dünya azərbaycanlılarının həmrəyliyi
naminə göstərdiyi
tarixi xidmətdir.
Çünki məhz bu ideya Azərbaycan dövlətinə qarşı
bir çox istiqamətlərdən yönələn
təhdidlərin qarşısında
güclü ideoloji sipər oldu. Bu ideologiya Heydər
Əliyevin böyük
vətəndaş hünərinin
göstəricisidir və
dünya azərbaycanlılarının
tarixi Vətən - Azərbaycan ətrafında
birləşməsinə müstəsna
töhfədir.
«Azərbaycançılıq
öz milli mənsubiyyətini, milli-mənəvi
dəyərlərini qoruyub
saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə
sintezindən inteqrasiyasından
bəhrələnmək deməkdir.
Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam».
Böyük öndərin 2001-ci ildə söylədiyi bu tarixi sözlər,
onun müdrik siyasəti kimi, zamanın sınağından
uğurla çıxmaqdadır.
* * *
Tarix, zaman Heydər
Əliyevə dövrünün
böyük siyasət
və dövlət adamı kimi ən böyük qiymətini hələ bundan sonra verəcək.
Lakin bir şey şəksizdir
ki, onun liderlik fəaliyyəti və bacarığı artıq Azərbaycan gerçəkliyində böyük
örnək, nümunə
sayıla biləcək
faktora çevrilib.
Bundan sonra hələ uzun illər Azərbaycanın gəlib-gedəcək
rəhbərləri Heydər
Əliyev dühasının
çalarlarından bəhrələnəcək,
xalq da onları
Heydər Əliyevlə
müqayisə edəcək.
Bu gün
o, həyatda olmasa da, onun banisi
olduğu dövlətçilik
xətti yaşayır.
Onun şəxsiyyətinin böyüklüyü,
uzaqgörənliyi memarı
olduğu Azərbaycan
dövlətinin inkişaf
və yüksəlişində
ən bariz şəkildə öz təsdiqini tapır.
Onun Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərinin miqyasını,
dəyər və əhəmiyyətini isə
zaman ötdükcə
daha aydın hiss edirik.
V.Orxan
Mədəniyyət.-
2012.- 9 may.- S. 5.