Daim Səninlədir bu məmləkət”

 

   Mayın 4-də Rəşid Behbudov adına Mahnı Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Sabirabad Rayon Adil İsgəndərov adına Xalq Teatrının nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” qrupunun iştirakı ilə “Daim Səninlədir bu məmləkət” adlı ədəbi-bədii kompozisiya təqdim olundu.

  

   Mərasim Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Sabirabad Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən təşkil olunmuşdu.

   Tədbirdə çıxış edən Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov böyük öndər Heydər Əliyevin Azərbaycan tarixində göstərdiyi misilsiz xidmətlərdən söz açdı: “Ulu öndərə ümumxalq sevgisi sonsuzdur. Azərbaycanın çiçəklənməsində Heydər Əliyevin rolu əvəzsizdir. Fəxr edirik ki, dahi rəhbərin təməlini qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu siyasət nəticəsində bu gün Azərbaycanı dünya qəbul edir, ölkəmizin beynəlxalq nüfuzu günbəgün artır”.

   Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev ulu öndərin anadan olmasının 89-cu ildönümümün bütün xalqımız tərəfindən bayram kimi qeyd edildiyini bildirdi: “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. Ulu öndərin qoyduğu möhkəm dövlətçilik təməli imkan verir ki, elm, mədəniyyət, incəsənət sürətlə inkişaf etsin”. Şöbə müdiri ümummilli liderə həsr olunmuş ədəbi-bədii kompozisiyanın hazırlanmasına görə xalq teatrının kollektivinə və Sabirabad Rayon İcra Hakimiyyətinə təşəkkürümü bildirdi.

   Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov ulu öndərlə bağlı xatirələrini danışdı. Vurğuladı ki, Azərbaycanın hər bir bölgəsi onun üçün doğma olub. Ümummilli liderin Sabirabad rayonuna göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizin digər bölgələri kimi, rayonumuz da uğurla inkişaf edir”.

   Çıxışlardan sonra “Mübarizlər” qrupunun təqdimatında maraqlı və düşündürücü ədəbi-bədii kompozisiya təqdim olundu. Kompozisiyaya görkəmli şairlərimizin Heydər Əliyevə həsr etdikləri şeirlər və vətənpərvərlik ruhunda olan mahnılar daxil edilmişdi. Xalq teatrının aktyorları və “Mübarizlər” qrupunun bir-birini əvəz edən çıxışları zalda əyləşənlərdə vətənpərvərlik hissləri yaradırdı.

   Tamaşadan sonra “Mübarizlər” qrupunun üzvləri və tədbirin hazırlanmasında əməyi keçənlər Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldılar.

 

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2012.- 9 may.- S. 5.