Milli musiqimizin beşiyi

 

   Şuşanın işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir

  

   May ayının 7-də Rüstəm Mustafayev adına Milli İncəsənət Muzeyində Bakı Musiqi Akademiyası tələbələrinin iştirakı ilə Şuşanın işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

   Tədbiri açıq elan edən Xalq artisti Zəhra Quliyeva 1992-ci ilin 8 mayının Azərbaycan tarixinə qara səhifə kimi yazıldığını qeyd etdi: “Qarabağın erməni qəsbkarları tərəfindən işğal olunması, torpaqlarımızda törədilən faciələr tariximizə çox yaralar yazdı. Torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Şuşanın adı çəkiləndə biz mədəniyyət işçiləri çox kövrəlirik. Bir çox görkəmli ədib və mədəniyyət xadimlərimiz məhz bu torpaqdan bəhrələniblər, Azərbaycan mədəniyyətinə öz töhfələrini veriblər. Şuşa Azərbaycana Cabbar Qaryağdını, Ü.Hacıbəylini, Bülbülü və bir çox dahi sənətkarları bəxş edərək Azərbaycan musiqisini zirvələrə qaldırdı. Şuşa milli musiqimizin beşiyidir. Biz Şuşa həsrətinin bitməsini ümidlə gözləyirik. Bu yalnız o zaman bitəcək ki, Şuşada güllələnmiş Üzeyirin, Bülbülün, Natəvanın heykəlləri düşmənlərin minlərlə eksponatlarını yox etdikləri muzeylərinin önündə yenidən ucaldılacaq. Düşmən bilməlidir ki, qan yaddaşı hər şeydən üstündür. Bizim ali məqsədlərimizdən biri də 1992-ci ildən sonra doğulanlarda bu yaddaşı yaşatmaqdır”.

   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli dövlət başçısının tapşırığı ilə Dağlıq Qarabağın azərbaycanlı icması tərəfindən Şuşanın mədəni irsinin təbliği ilə bağlı görülən işlərdən danışdı: “Qarabağ icmasının nümayəndələri Fransada, Almaniyada müxtəlif tədbirlərdə iştirak ediblər, sərgilər, simpoziumlar təşkil edirik. Hər kəs öz sahəsində Qarabağ problemini dünyaya çatdırmaq yolunda bacarığını əsirgəməməlidir. Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bir CD hazırladıq. Fikrət Əmirov və Vasif Adıgözəlovun əsərlərinin yer aldığı bu CD-nin üzərində Şuşanın təsviri əks olunub. Bugünkü konsert proqramı Şuşaya həsr olunub. İnanıram ki, tezliklə Şuşada belə konsertlər təşkil edə biləcəyik.”

   Tədbirdə F. Bədəlbəylinin “Şuşa” vokal əsəri, Vasif Adıgözəlovun “Şuşam” mahnısı (əməkdar artist A.Bəylər, E.Əfrasiyab), Vaqif Mustafazadənin “Düşüncə” (xalq artisti Murad Adıgözəlzadə) və s. əsərlər səsləndi.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 9 may.- S. 4.