“20
il Şuşasız”
Kitab sərgisi və kataloq təqdim olundu
Mayın
8-də M.F.Axundzadə adına Milli Kitabxanada «20 il
Şuşasız» adlı kitab sərgisinin
açılışı və «Şuşa Azərbaycanın
tarix və mədəniyyət incisidir» kitab kataloqunun təqdimat
mərasimi keçirildi.
Tədbiri kitabxananın direktoru Kərim
Tahirov açaraq, Şuşa şəhərinin Azərbaycanın
tarixində, mədəni irsində, incəsənətində
rolundan danışdı: “İşğal olunmuş
torpaqlarımızı mütləq qaytaracağıq. Azərbaycan
dövlətinin həyata keçirdiyi siyasət göstərir
ki, Şuşa nə yolla olur-olsun yenə bizim olacaq. Bizlərin
üzərinə düşən odur ki, Şuşanın
tarixi, mədəni irsi ilə bağlı materialları
yığaq, təbliğ edək. Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən nəşr olunan
«Şuşa Azərbaycanın tarix və mədəniyyət
incisidir» kataloqu da məhz bu məqsədlə tərtib
olunub”.
Mədəniyyət və Turizm
Nazirliyinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu
Şuşanın işğalının hər bir azərbaycanlı
üçün ağır dərd olduğunu dedi:
“İnsanı başqa canlı varlıqlardan doğma
torpağa bağlılıq fərqləndirir. Hər birimizin
ayrılıqda problemimiz ola bilər. Lakin hər zaman
bütün bu problemlərdən söz açmazdan öncə
vətənimizin işğalda olan torpaqlarını
düşünməliyik. Bu, böyük tarixi
haqsızlıq, ədalətsizlikdir. Vaxt gələcək, bu
ədalətsizliyə son qoyulacaq. Bu gün dünyanın bir
çox yerlərində keçirilən kitab sərgilərində
Şuşa barədə, Qarabağ barədə müxtəlif
dillərdə kitablar, nəşrlər sərgilənir. Bu
iş davam etdirilməli, tarixi həqiqətləri əks
etdirən yeni nəşrlər çap olunmalı, dünyaya
yayılmalıdır».
Azərbaycan Yazıçılar
Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
də çıxış edərək, Şuşanın
tarix və mədəniyyəti ilə bağlı
kitab-kataloqun nəşr olunmasını yüksək qiymətləndirdi:
“Şuşanın hər məkanı bir tarixdir. Şuşa
mədəniyyətimizin ruhudur. Biz ruhumuzu itirməsək,
Şuşa yenə bizimlə olacaq».
Qeyd edək ki, «Şuşa Azərbaycanın
tarix və mədəniyyət incisidir» kataloqunda şəhərin
yaranması, tarixi, mədəniyyəti haqqında ətraflı
məlumatlar yer alıb. Nəşrdə Şuşa
qalası, tarixi-memarlıq abidələri, Şuşanın
görkəmi şəxsiyyətlərinin fotoları, milli
geyimlər, xalçalar, zinət əşyaları və s.
yer alıb.
Gülər
Mədəniyyət.-
2012.- 9 may.- S. 4.