Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir

 

   Mayın 7-də Muzey Mərkəzində “Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir” adlı foto və rəsm sərgisi açıldı. Sərgidə Şuşanın işğaldan əvvəl və sonrakı görüntülərini əks etdirən fotoşəkillər və Şuşa incəsənət məktəbi şagirdlərinin rəsmləri nümayiş olunur.

  

   Mədəniyyət və Turizm NazirliyininŞuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan torpaqlarının müdafiəsində qəhrəmancasına şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Mərasimi giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında” ölkə başçısının sərəncamının icrası məqsədilə respublikanın bölgələrində, mədəniyyət müəssisələrində, muzeylərdə, kitabxanalarda müxtəlif tədbirlər keçirilir: “Bu gün burada Şuşa şəhərinin görüntülərinin əks olunduğu fotoşəkillər və şagirdlərin çəkdikləri rəsmlər sərgilənir. Biz belə tədbirləri adətən nikbinlik hissi ilə keçiririk. Bu hiss Azərbaycan xalqının gec-tez o torpaqlara qayıdacağına əminlikdən yaranır. Şuşa Azərbaycan xalqına məxsusdur və bundan sonra da belə olacaq. Sərgidə Şuşamızın görkəmli mənzərələri ilə yanaşı, dağıdılmış Şuşanın fotogörüntüləri də nümayiş olunur. Yaradıcılıq nümunələrində Şuşanın ruhu hiss olunur. Bu, çox yaxşı haldır. Çünki gənc istedadlar doğma yurdun nəfəsini öz ürəklərində saxlayaraq bu əsərləri çəkiblər”.

   Nazir vurğuladı ki, Şuşa tarixən Azərbaycanın mədəniyyət mərkəzi olub. Bu şəhərdə dahi musiqiçilər, ədiblər, görkəmli şəxsiyyətlər, sərkərdələr yaşayıb yaradıb: “20 ildir ki, Şuşa işğal altındadır. Buna baxmayaraq, Şuşa mədəniyyəti bu gün də yaşayır. Artıq beynəlxalq təşkilatlar da qəbul edirlər ki, Şuşa Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Coğrafi, siyasi mövqeyinin mürəkkəbliyinə baxmayaraq, Şuşa həmişə Azərbaycan xalqının yaradıcılıq qüdrətini, istedadını, bacarığını ifadə edən bir mərkəz olub. Bu gün Azərbaycan müxtəlif beynəlxalq siyasi qurumların üzvüdür. Azərbaycan bu qurumlarda daima haqq-ədalət mövqeyindən çıxış edir.

   Bu, Qarabağ münaqişəsinin həlli üçün çox vacibdir. Azərbaycan torpaqlarının hələ də işğal altında qalması böyük ədalətsizlikdir. Onlarla məktəb, mədəniyyət müəssisəsi, tibb ocaqları, yaşayış yerləri dağıdılıb, mədəniyyət inciləri talan edilib, oğurlanıb. Bu mədəniyyət nümunələri Azərbaycan xalqı tərəfindən yaradılıb.

   Bizim güclü müasir ordumuz, yeniləşən dövlətimiz, ölkəni inamla irəli aparan Prezidentimiz var. Biz hamımız inanırıq ki, Azərbaycan xalqı öz iradəsini səfərbər edib bu ədalətsizliyə son qoyacaq, Şuşaya Azərbaycanın üçrəngli bayrağını sancacaqbu bayraq musiqi beşiyində yaranan musiqilərimizin sədası altında dalğalanacaq, qələbəmizi nümayiş etdirəcək. Mən tədbirin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Allahdan arzu edirəm ki, biz belə tədbirləri Şuşada, oradakı muzeylərdə təşkil edək”.

   “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatı Elman Məmmədov tədbirdə çıxış edərək, yurdumuzun bu dilbər guşəsinin erməni vandalları tərəfindən işğalı ilə bağlı fikirlərini bölüşdülər.

   Qeyd olundu ki, Şərqin konservatoriyası sayılan, Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın 1992-ci il may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən işğalı nəticəsində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 8 uşaq musiqi məktəbi, 1 dövlət rəsm qalereyası, 248 tarixi-memarlıq abidəsi dağıdılaraq viran edilib. 30 minə yaxın şuşalı elindən-obasında didərgin düşüb.

   Bildirildi ki, bu gün ölkə rəhbərliyi münaqişəni sülh yolu ilə nizamlamaq istəyir. Lakin istənilən an güclü ordumuz işğal altında olan torpaqları azad etməyə qadirdir.

   Sonra sərgiyə baxış keçirildi. Sərgidə 150-yə yaxın foto və rəsm əsəri nümayiş olunur.

  

 

   Ceyhun Zərbəliyev

 

  Mədəniyyət.- 2012.- 9 may.- S. 3.