Balacaların rənglər dünyası

 

   Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə bağça uşaqlarının rəsm sərgisi

  

   Mayın 7-də “Qalereya 1969” salonunda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən uşaq bağçasının təşkilatçılığı ilə böyük öndərin anadan olmasının 89-cu ildönümü münasibətilə uşaq rəsmlərindən ibarət sərginin açılışı oldu.

  

   Mərasimdə çıxış edən Xalq rəssamı Salxab Məmmədov bayram gününə uşaqların da öz əl işləri ilə qatılmasını alqışladı. Sərgi keçirilən salonda ümummilli lider Heydər Əliyevin dəfələrlə olduğunu qeyd etdi, onun incəsənətə, mədəniyyətə hər zaman qiymət verdiyini, qayğı göstərdiyini dedi.

   Müasir Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən bağçanın müdiri Təranə Hüseynova uşaqların bu sərgiyə uzun müddət hazırlaşdığını bildirdi. Ümummilli lider Heydər Əliyevin uşaqları hər zaman diqqət mərkəzində saxlayaraq onlara göstərdiyi xüsusi diqqətdən söz açdı.

   Kompleksin direktoru Nasim Abışov da mərasimdə çıxış edərək, ilk olaraq uşaqları təbrik etdi. Heydər Əliyevin hakimiyyəti illərində, böyük liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi dövründə uşaq və gənclərə yaradılan şəraitdən bəhs etdi. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyət və incəsənət sahəsində gördüyü işlərdən danışdı.

   Tədbirdə valideynlər də çıxış edərək, kompleksin müəllim heyətinə minnətdarlıqlarını bildirdilər. Bağçadakı uşaqların dünyagörüşünün inkişafı istiqamətində görülən işləri təqdir etdilər.

   Sonra sərgiyə baxış keçirildi. Ekspozisiyada balacaların müxtəlif mövzuda 70-dən çox rəsmi sərgilənir.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2012.- 9 may.- S. 3.