Gədəbəydə turizmə həsr edilmiş elmi-praktik konfrans

 

   Mayın 5-də Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə “Gədəbəy rayonunda turizm perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Şöbədən verilən məlumata görə, konfransda tarixi abidələrə baxış və təbiət gəzintilərinin təşkili vəziyyəti, turizm marşrutlarının müəyyən edilməsi və turistlərə göstərilən xidmət səviyyəsi müzakirə edilib.

 

   Konfransda diqqət çəkən məqamlardan biri XIX əsrin sonu - XX əsrin əvvəllərində Gədəbəydə fəaliyyət göstərmiş məşhur alman sahibkarlarının - Siemens qardaşlarının Gədəbəydə təşkil etdikləri turist gəzintiləri ilə bağlı məlumatlar olub. Gədəbəyin zəngin təbiətinin o illərdə alman mətbuatına çıxarılması, bu yerlərin Cənnətqala adı ilə təqdim edilməsi barədə konfrans iştirakçıları maraqlı fikirlər səsləndiriblər.

   Tədbirdə həmçinin turizmin inkişafı ilə bağlı rayonun əlaqədar təşkilatları tərəfindən irəli sürülən təkliflər də müzakirə edilib. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Allahverdiyevanın, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fazilə Məmmədovanın, Gəncə Regional İnformasiya Mərkəzinin direktoru Cumalik Rəhimovun, İqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Məmmədovun, rayon mədəniyyət evinin direktoru Etibar Əliyevin və rayonun müxtəlif təşkilat rəhbərlərinin çıxışları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

 

   Fəxriyyə

 

  Mədəniyyət.- 2012.- 9 may.- S. 9.