“Heydər
Əliyev və Azərbaycan dövlətçiliyi”
“Aşıq Şəmşir” Mədəniyyət
Ocağı İctimai Birliyinin Bakı Dövlət
Universitetinin kitabxanaçılıq-informasiya fakültəsi
ilə birgə ümummilli lider Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümü ilə bağlı məqalə
müsabiqəsi keçirib. Mayın 7-də Beynəlxalq Mətbuat
Mərkəzində müsabiqə qaliblərinin
mükafatlandırılması mərasimi oldu.
Tədbir ümummilli liderə həsr
edilən “Zərri tac kamallı başa yaraşır” adlı
videoklipin nümayişi ilə başladı. Sonra giriş
sözü söyləyən BDU-nun müəllimi Ələmdar
Cabbarlı bildirdi ki, el sənətkarı Aşıq Şəmşirin
xalqımızın böyük oğlu Heydər Əliyevə
həsr etdiyi, yaxın tariximizin quruculuq dövrü olan 70-ci
illərdən bəhs edən şeirdən söz
açdı. Qeyd olundu ki, üstündən illər ötsə
də, əsər bu gün də zamanla həmahəng səslənir.
İctimai Birliyin rəhbəri,
Aşıq Şəmşirin nəvəsi, Milli Məclisin
deputatı Cavid Qurbanov babasının ulu öndərə bəslədiyi
böyük hörmət və ehtiramdan, 70-ci illərdə
yazılmış əsərin tarixindən
danışdı: “Uşaqlıq illərim Aşıq Şəmşirin
yanında keçib. Onunla xeyli söhbətlər etmişəm.
Bir gün ondan soruşdum ki, xeyli ömür yaşamısan.
Bir çox dövlət başçılarını
görmüsən. Ancaq onların heç birinə əsər
həsr etməmisən. Necə oldu ki, Heydər Əliyevə
şeir həsr etdin. O dedi ki, Heydər Əliyev Azərbaycan
xalqının böyük oğludur. Ona həsr etdiyim əsər
də sadəcə şeir deyil, ilahi sevgidir. Həqiqətən
də, Heydər Əliyevin həyat və fəaliyyəti bir
çox yaradıcı insanlar üçün böyük mənəvi
qidadır”.
Millət vəkili Elmira Axundova
çıxışında bildirdi ki, Heydər Əliyevi
lider edən fərdi xüsusiyyətləri olub. Onda hər
bir kəsi çox böyük səbir və təmkinlə
dinləmək bacarığı vardı. Məhz buna görə
də onun qəbul etdiyi hər bir qərar çox ədalətli
idi.
Milli Məclisin deputatları Jalə
Əliyeva, Fəzail Ağamalı, BDU-nun prorektoru Sani
Hacıyev və başqaları müasir Azərbaycan tarixinin
30 ildən artıq bir dövrü ərzində həyatımızın
bütün sahələrindəki dirçəliş və
quruculuq tarixinin ulu öndərin adı ilə bağlı
olduğunu bildirdilər. Qeyd olundu ki, Azərbaycanın ən
çətin dövründə, xalqın təkidli tələbi
ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin
mühüm diplomatik səyləri nəticəsində
respublikada sabitlik bərpa olundu, ölkənin müxtəlif
sahələrində olduğu kimi, elm və təhsildə də
dirçəliş baş verdi.
Sonra BDU-nun
kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi
Knyaz Aslan müsabiqə barədə məlumat verərək
fakültənin bakalavriatura pilləsinin tələbələrinin
təqdim etdikləri 60 məqalədən 10-nun
seçildiyini bildirdi. Qaliblərə pul mükafatları, fəxri
diplomlar və xatirə hədiyyələri təqdim edildi.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 9 may.- S. 10.