Segah laylasına susan sənətkar
Mədəniyyət tariximizdə həyatı,
sənəti rəvayətlərlə
bağlı görkəmli
sənətkarlar çox
olub. Ömrü əfsanələr haləsinə
bürünmüş həmin
sənətkarlardan biri
də qarmonçu Abutalıb olub...
Abutalıb Kərbəlayı Muxtar oğlu Yusifov 1884-cü ildə
Şuşada anadan olub. Xalq musiqisinə erkən
yaşlarından maraq
göstərib. Bu da təsadüfi olmur. Çünki atası Kərbəlayı
Muxtar Qarabağda tanınmış mərsiyəxan
və xanəndə
idi. Tarzən Əli Əsgər
ilə Qarabağda və İranın bəzi şəhərlərində
xeyli məclislər
yola vermişdi.
Böyük oğlu Behbudun
gözəl səsi
vardı. Kiçik oğlu
Abutalıbın da musiqiyə həvəsini
görüb ona qarmon alır. Beləliklə, qardaşlar ataları
ilə birgə xalq şənliklərində
iştirak edirlər.
Behbudun
incə və məlahətli səsi,
balaca Abutalıbın
isə şirin çalğısı dinləyicilərdə
maraq doğurur.
Xalq arasında bu ailə üçlüyünə
böyük rəğbət
və məhəbbət
yaranır...
Onu da deyək
ki, Kərbəlayı
Muxtar həm də zərgər olub. Onun zərgər dükanı
və şagirdləri
varmış. Zərgər Kərbəlayı Muxtar
bir müddət dükana gec, həm də çox yorğun gəlir. Bunu görən şagirdlər
bir-biri ilə pıçıldaşırlar
ki, yəqin usta yenə gecəni toy məclisində
keçirib, ona görə çox yorğundur... Ancaq bu, belə
deyildi. Ustanın
işə gec və yorğun halda gəlməsinin başqa bir səbəbi vardı...
Belə deyirlər ki,
zərgər Muxtarın
ikinci oğlu dünyaya gələndən
sonra 5-6 aylığında
qəribə hadisə
baş verir. Uşaq yatmır, elə hey ağlayır. Onu şəhərin
bütün həkimlərinə
göstərirlər. Amma onların yazdıqları
dərmanların bir
təsiri olmur.
Bir gün Kərbəlayı
Muxtar evdə tək olan zaman
ağlayan oğlunu
sakitləşdirmək istəyir.
Çox
çalışır, heç
bir şey alınmır. Çətin
vəziyyətə düşən
ata, körpəni qucağına alır və başlayır astadan “Segah” üstə layla çalır... Uşaq atasının laylasından
xoşhallanıb yuxuya
gedir. O sevindiyindən
bilmir nə etsin. Uşağın anası evə gələndə deyir:
- Uşağın
dərdinə çarə
tapıldı.
- A kişi,
uşağın dərdi
nədir?
- Heç nə, çarəsi “Segah”dır. Sən eşiyə çıxan
kimi uşaq qəfildən yenə çığırıb ağladı.
Nə qədər yüyrüyü
tərpətdim, yellədim,
bir şey alınmadı. Sonra layla
çala-çala oxumağa
başladım. Bir
az keçməmişdi
ki, uşaq gözlərini yumub yatmağa başladı...
Həmin gündən uşağın
“dərd”inə çarə
tapılır. Gecələr körpə ağlayan kimi Kərbəlayı
Muxtar “Segah” üstündə layla çalır. Məhz
buna görə gecələr yuxusuz qalan zərgər işə gec gəlir və iş vaxtı mürgüləyir... O zaman
ağıla gəlməzdi
ki, “Segah”la yuxuya gedən bu körpə gələcəkdə “Segah”
ustası kimi Qafqazda məşhur olacaqdır...
Abutalıb öz üzərində
çox çalışır.
Şuşanın görkəmli sənətkarlarından
Məşədi İsi,
Cabbar Qaryağdıoğlu,
Sadıqcan, Məşədi
Zeynal, qarmonçalan
İsi bəy və başqalarının
yaradıcılığından bol-bol bəhrələnir.
İsi bəy bu istedadlı
gəncin sənətə
hədsiz həvəsini
nəzərə alır.
Şəhərin böyük toy məclislərində
yanında əyləşdirir.
Gənc Abutalıb qarmonda “İnnabı”,
“Vağzalı”, “Mirzəyi”,
“Tərəkəmə” və
başqa oyun havalarını zövqlə
ifa edir.
Beləliklə,
o, iyirmi yaşında
kamil qarmonçalan
kimi şöhrət
tapır... Eyni zamanda tar çalmağı
da öyrənir. El şənliklərində olarkən qarmonda oyun havalarını çalır. Sədəfli tarında isə xanəndələri müşayiət
edir. O dövrün
gənc müğənniləri
Abutalıbla məclislərdə
çıxış etməyi
şərəf hesab
ediblər. Abutalıb
gözəl tar çalmağı
bacarsa da, xalq arasında əvəzsiz qarmonçu
kimi daha çox məşhur olub.
Kərbəlayı Muxtar vəfat
etdikdən sonra Abutalıb məşhur
xanəndə Məşədi
Məmməd Fərzəliyevlə
Gəncəyə, sonra
Tiflisə gedir.
Tanınmış musiqiçilərlə görüşür. Bir
qədər sonra Tiflisdə yaşayıb-yaradan
azərbaycanlı ziyalılarla,
o cümlədən Eynəli
Sultanov, Cəlil Məmmədquluzadə, Zülfüqar
bəy Hacıbəyov,
İbrahim İsfahanlı,
Mustafa Mərdanov, Mirzağa
Əliyev, Məşədi
Zeynal, Məcid Behbudov və başqaları ilə yaxından tanış olur. Onlarla birlikdə Azərbaycan
milli mədəniyyətinin
tərəqqisinə çalışır,
bu yolda əlindən gələni
əsirgəmir. Tiflisdə verilən
teatr tamaşalarında,
“Şərq konsertləri”ndə,
ədəbi gecələrdə
yaxından iştirak
edir. Çoxmillətli Tiflis tamaşaçılarının
hədsiz hörmət
və rəğbətini
qazanır.
“Qafqaz” qəzeti 1911-ci il
2 avqust tarixli nömrəsində teatr
elanlarının birində
yazıb: “3 mart 1911-ci ildə
“Gürcü dvoryan teatrı”nın binasında
Zülfüqar bəy
Hacıbəyovun “Əlli
yaşında cavan”
operettası tamaşaya
qoyulacaqdır. Tamaşada ilk dəfə olaraq Münəvvər xanım
Məmmədquluzadə və opera artisti Mirzağa Əliyev iştirak edəcəklər.
Tamaşanın musiqisini qarmonçu
Abutalıbın iştirakı
ilə Şərq çalğı alətləri
orkestri ifa edəcəkdir”.
Mütəxəssislər qeyd edirlər
ki, Abutalıbın
çalğısı üçün
dərin lirizm, zərif duyğu, incə zövq, zəngin xallar, şirin barmaqlar ən səciyyəvi cəhət olub. Onu həmkarlarından fərqləndirən
cəhət xalq musiqisinin dərin məna çalarlarını
bilməsi və yüksək səhnə
mədəniyyətinin olması idi. O həm də milli muğam ifaçılığı üsuluna
möhkəm yiyələnmiş
sənətkar olur.
“Segah” , “Bayatı-Qacar”, “Şikəsteyi-fars”
muğamlarını çalanda
adamlar onu dinləməkdən doymamışlar.
Seyid Şuşinski onun haqqında xatirələrində
yazır: “Üzeyir bəy konservatoriyanın
rektoru olanda bir gün mənə
dedi: “Ağa, bu qarmonçalanlar məni cana gətiriblər. O deyir
“məndən olmaz”,
bu deyir “mən hamıdan yaxşı çalıram”.
Bu məsələyə
son qoymaq üçün
gərək konkurs keçirək”. Bir
az sonra
elan verdik. Konkurs keçirilən günü
Azərbaycanın hər
yerindən əlliyə
qədər qarmonçu
gəmişdi. Üzeyir bəy
səhnəyə çıxdı.
Stulun üzərinə
14 dilli bir qarmon qoydu və dedi: - Konkursun bircə şərti var. Kim bu qarmonda “Orta mahur” çala bilərsə, xahiş edirəm, səhnəyə
çıxsın. Bu elandan sonra qarmonçular arasında
bir sükut yarandı. Bir çoxları
da təəccüb edib bir-birinin
üzünə baxdı.
Nəhayət, Abutalıbdan
başqa səhnəyə
çıxan olmadı...
Bunu görən Üzeyir bəy təzədən səhnəyə
çıxıb dedi:
- Hə, qocaqlar, necəsiniz?...
Sonra üzünü mənə
tutub dedi:
- Ağa, məsələ aydındır,
yığıncağı bağla.
Mən bir daha ondan
soruşdum:
- Bəs
Abutalıb çalmayacaq?
- Ağa, Abutalıbın çalğısına
ehtiyac yoxdur.
O gün mən də bir daha “Abutalıbdan
başqa qarmon çalan tanımıram”
qənaətinə gəldim”.
Abutalıb bir tarzən
kimi uzun illər Segah İslam, Seyid Şuşinski, Mehralı
oğlu Bahadır və Xan Şuşinski
kimi məşhur xanəndələri müşayiət
edir. Dəfələrlə musiqi müsabiqələrində
iştirak edir və fəxri yerlərə layiq görülür. Otuz
il öz
gözəl çalğısı
ilə Azərbaycan mədəniyyətinə xidmət
edir. Onun xalq arasında
Kor Əhəd, Kərbəlayı Lətif,
Məşədi Əli
və Teyyub Dəmirov kimi görkəmli yetirmələri
olub.
Hələ gənc ikən
adı rəvayətlə
bürünən görkəmli
sənətkar - Abutalıb
Yusifov 1937-ci ildə
Ağdamda vəfat edir.
Savalan Fərəcov
Mədəniyyət.- 2012.-
11 may.- S. 12.