Bənzərsiz
rollar, sevilən ifalar
XX əsrin 20-ci illərinə qədər Azərbaycan
teatr səhnəsində qadın obrazlarının ifaçıları
kişilər olmuşdur. Teatrda azərbaycanlı
aktrisaların olmaması rejissorları məcbur edirdi
ki, qadın obrazlarını əcnəbi aktrisalara həvalə
etsinlər. Bu da səhnə əsərlərinin
bədii təcəssümündə, obrazların ifadəsində
özünü göstərir, tamaşalar arzuedilən
səviyyədə alınmırdı. Tədricən teatra gələn yerli aktrisaların
istedad və bacarığı səhnə sənətimizə
də uğur gətirdi. Orijinal ifası, bənzərsiz
rolları ilə milli teatr və kino sənətinin inkişafında
xüsusi xidməti olan aktrisalarımızdan biri də
Ətayə Əliyeva olmuşdur.
Ətayə Qulam qızı Əliyeva
1920-ci il mayın 2-də Aşqabadda anadan
olmuşdur. Məktəb yaşlarından sənətə
meyil göstərmiş, teatr tamaşalarında həvəskar
kimi çıxış etmişdir. Ətayə
xanımın səhnəyə olan həvəsi onu
1934-cü ildə Bakı Teatr Texnikumuna gətirir.
Birinci kursdan istedadlı aktrisanı Azərbaycan
Dövlət Akademik Dram Teatrına dəvət edirlər.
Az bir vaxtda teatrda oynadığı rollarla
tamaşaçıların rəğbətini qazanan Ətayə
xanım 1936-cı ildən İrəvan Azərbaycan Dram
Teatrında çalışmağa başlayır, maraqlı
obrazlarla tamaşaçıların sevimlisinə
çevrilir. 1948-ci ildə isə Gəncə
Dram Teatrına dəvət alır. Teatrın
səhnəsini dolğun, parlaq yaradıcılığı
ilə bəzəyən, tamaşalarda müvəffəqiyyətlə
çıxış edən aktrisa görkəmli dramaturq
C.Cabbarlının əsərlərinin baş qəhrəmanlarına
uğurlu səhnə həyatı yaşadır.
1956-cı ildə yenidən
Bakıya, Akademik Dram Teatrına qayıdır. Teatrın
səhnəsində bir çox tamaşalarda oynayır,
Sona (“Hacı Qara”), Nəzakət (“Sən həmişə
mənimləsən”), Rəfiqə (“Yalan”), Pəri (“Pəri
Cadu”) və başqa obrazların xarakteristikasını
özünəməxsus səhnə yozumu, yeni ifadə
vasitələri ilə təqdim edir.
* * *
Aktrisanın teatr
yaradıcılığı kinoda yaratdığı
rollara da uğur gətirdi. Ekranda yaratdığı
ana rollarını Azərbaycan qadınının simvolu
kimi yaddaşlarımızda əbədiləşdirdi.
Ona tapşırılan rolların kiçik və böyüklüyündən
asılı olmayaraq, aktrisa şablon improvizələrə,
artıq jestlərə qətiyyən yol vermədən,
ifanı əndazədən çıxarmadan rolun
öhdəsindən bacarıqla gəldi, qadın psixologiyasının,
xarakteristikasının incəliklərini cilaladı,
dəqiq münasibətlərində hadisələrin
şərhini verdi.
Görkəmli teatr və kino rejissoru
olan Rza Təhmasib aktyor texnikasının bilicisi kimi Ətayə
xanımı ilk dəfə «Onu bağışlamaq olarmı?» (1959) filminə dəvət
edir. Filmdə hadisələrin gedişindən
asılı olaraq aktrisa iki xarakter canlandırır.
Evdar qadın Sara xala və leytenant Qarayeva
obrazını. Birdən-birə kamera
qarşısına keçən aktrisa üçün
bir filmdə iki personajın fərqli cəhətlərini
yaratmaq o qədər də asan deyildi. Obrazlar
ilk baxışdan sadə görünsə də,
özünəməxsus psixoloji məziyyətlərə
malik idi. Hər iki obrazı dəqiqliklə
işləmək lazım gəlirdi. Aktrisa
bəzi kadrlarda incə improvizələrə yol verməklə
peşə səriştəsini təsdiqləmiş oldu.
Məsələn, Sara xalanın primus ustası
ilə olan dialoqunu xatırlayaq. Pəncərəni
silərək cani ilə söhbət edən Sara xala səmimi,
təmkinli, sadə ev xanımı təsiri
bağışlayır, amma o, eyni zamanda ayıq-sayıq
milis işçisidir. Aktrisa vəzifəsini
bacarıqla yerinə yetirən leytenant Qarayevanın
simasında qorxmaz Azərbaycan qadınının, Sara
xalanın simasında isə mehriban ana obrazını
yaradır. Peşəkar cinayətkarların
izinə düşən qanun keşikçilərinin
axtarış üsullarından cani Tərlanın (aktyor
Q.Tonunts) xəbər tutmaması, onun diqqətini yayındırması
üçün leytenant Qarayevanın Sara xala rolunu oynaması
əməliyyatın vacib şərtlərindən biri
idi. Sara xala gənc bəstəkar Sevdaya
(M.Abuyeva) kömək etməklə yanaşı, hər
xırda detalı araşdırmaqla cinayətin izinə
düşür. Leytenant Qarayevanın
peşəsinə bağlılığı sanki ailəsi
ilə işini bir arada tutmağa çalışan,
özünü cəmiyyətdə şəxsiyyət
kimi təsdiqləyən Azərbaycan qadınının
xarakterik cəhətlərini göstərir. Ətayə Əliyevanın ekran yaradıcılığı
neçə-neçə gənc aktrisanın peşə
yönümünə işıq saçan mayak rolunu oynayır.
Deməli, çoxsaylı tamaşaçı
tərəfindən qəbul edilən sənət sənətkar
sevgisinə, peşəkarlığına bağlıdır.
* * *
Ətayə xanımın
ekranda sərbəst, orijinal ifasını, səsi ilə
məntiqli oyun hormoniyasını görən kinorejissorlar
onu filmlərinə dəvət etməyə başladılar.
Aktrisanın “Azərbaycanfilm” kinostudiyasında lentə
alınan «Bizim küçə» filmində (1961) Bəyim
xala, «Telefonçu qız» filmində (1962) Simuzər,
«Dağlarda döyüş»də (1967) Qəmbərin arvadı,
«Uşaqlığın son gecəsi»ndə (1968) Mənsurə
və başqa yaddaqalan obrazları hadisələrin
reallığına zəmin yaradır, aktrisanın xarakterik
siması hətta sözsüz kadrların da dinamikliyini
gücləndirir, obrazı tamaşaçıya
doğmalaşdıran məziyyətləri isə (hadisələrin
emosional, real ifası ilə məntiqi əlaqə) filmlərə
uzun ekran həyatı bəxş edir.
Aktrisanın
“Dağlarda döyüş” (rejissor K.Rüstəmbəyov)
filmində yaratdığı ana obrazı əsl Azərbaycan
qadınına xas olan müsbət cəhətləri
özündə cəmləşdirib. Qızı
Hicranı (O.Sənani) sevən gənc sərhədçi
Fərruxun dağlarda azması onu da bir ana kimi narahat
edir. Həyat yoldaşı Qəmbərdən
(M.Sənani) Fərruxun tapılması üçün sərhədçilərə
kömək etməsini xahiş edir. Aktrisa
obrazın insani keyfiyyətlərini bəyan edən
bir neçə dəqiqəlik monoloqunda ailəcanlı,
müdrik cəhətlərini sevə-sevə, həvəslə
yaradıb. Bunu onun yaratdığı
bütün rollarında görmək mümkündür.
Ətayə xanımın ekran obrazlarının
çoxu forma və məzmun etibarilə oxşar olsa da,
ifa və plastika baxımından fərqlidir, rəngarəngdir.
Görkəmli kinorejissor Arif
Babayevin çox baxılan, sevilən ekran əsərlərindən
olan «Uşaqlığın son gecəsi» filminə
uğur gətirən aktyor ansamblında Ətayə xanımın
özünəməxsus yeri var. Onun ifası filmin estetik
təsir gücünü qüvvətləndirir. Sadə həyat tərzi yaşayan Mənsurəni
övladının xoşbəxtliyi və ailə bütövlüyündən
başqa heç nə maraqlandırmır. O, gündəlik
məişət problemlərini nizamlayan ev
sahibəsidir. Gün başlayandan bitənə kimi ev işləri ilə məşğul olan Mənsurə
gözü-könlütox, xoşbəxt bir qadındır.
Ətayə Əliyeva ekranda təbii təsir
bağışlayan kamil ana obrazlarının fonunda
xoşsimalı Azərbaycan qadınını canlandırır.
Akrtisanın diqqət
çəkən ekran obrazlarından biri də “Bizim
küçə” filmindəki Bəyim xaladır. İkinci Dünya müharibəsinin ilk illərində
qızını itirmiş Bəyim xala həyatını
işinə həsr etməklə dərdini unutmağa
çalışır. Qızı Saranın
(R.Məmmədova) nisgili onun nəinki saçlarını
ağartmış, gözlərində həyat sevincindən
əsər-əlamət belə qoymamışdır.
Dəhşətli müharibənin dəhşətlərindən
biri də insanları doğmalarından uzaqlaşdırması,
onları cismən, mənən, ruhən təkləməsi,
öldürməsidir. İllərin
acısını qəlbinə axıdan xəstə ananın
məlhəmi yalnız övladıdır. Həmişə qara rəngli, dərdli libasına
bürünən Bəyim xala yalnız qızının
sağ olduğunu biləndən sonra həyatın mənasını
dadırmış kimi gülür, sevinir. Ətayə Əliyeva Bəyim xalanın taleyinə
yazılan, yaşamağa məhkum olduğu acı həyatı
xırda elementlərinə qədər cilalamaqla, bir
ananın faciəsini güclü, daxili potensialı hesabına
göstərməklə dramaturji materialın (ssenari
müəllifi İ.Qasımov) monumentallığını
ekranda bir daha vurğuladı, filmin dəyərini artırdı.
Milli kinomuza hər ifasında uğur gətirən
belə sənətkrların sayəsində də XX əsrdə
çəkilən filmlərə baxmağa üstünlük
verənlərin arasında yeni nəsil tamaşaçılarının
da sayı gündən-günə artır.
Ətayə Əliyeva
“Azərbaycanfilm”də çəkilən bir sıra filmlərdə
qadın obrazlarını peşəkar səsləndirməklə
dublyaj sənətimizə də uğur qazandırıb.
Onun ifadəli, obrazlı səs tembri ilə səsləndirdiyi
Şamama (“İnsan məskən salır”), Xatun (“Qanun naminə”),
Əsmərin anası (“Gün keçdi”), Gözəl xala
(“Mən ki, gözəl deyildim”), Mustafanın arvadı
(“Bir cənub şəhərində”), Ruqiyyə (“Əsl
dost”) və başqa obrazları filmlərin aparıcı
qüvvəsi kimi yaddaşlara yazılıb.
Aktrisa radio və
televiziya tamaşalarında yaratdığı
müxtəlif səpkili rolları ilə də («General»
(1970), «Topal Teymur» (1983), «Analar» (1987) və s.) vurulduğu
sənətini çoxsaylı dinləyicilərə,
tamaşaçılara sevdirib. Onun məlahətli
və ifadəli səsi obrazlara olan münasibətini
dəqiq bildirirdi. Buna görə də
heç bir qüsura yol vermədiyi səs artikulyasiyası
rolların reallığına təminat verir, dublyajın
keyfiyyətini artırırdı.
Ətayə xanımın
teatr və kinoda yaratdığı rolları onun həyat
mövqeyindən qidalanıb, müsbət cəhətləri
isə aktrisaya onlarla insanın sevgisini, rəğbətini
qazandırıb. Sənətdə qazandığı
uğurlara görə Ətayə Əliyeva 1964-cü ildə
Azərbaycanın Əməkdar artisti fəxri adını
alıb. Sevimli aktrisa 1995-ci il aprelin
6-da Bakıda vəfat edib. Onun kinoda sevgi və
ehtiramla yaratdığı obrazlara baxanda isə elə
aktrisanın simasında hörmətə layiq Azərbaycan
qadınını xatırlayırıq.
Şəhla
Bürcəliyeva,
kinoşünas
Mədəniyyət.-
2012.-11 may.- S. 10.