Mirzə Fətəli
Axundzadə və XIX əsrdə qadın məsələsi
Böyük ədibin
əsərləri bu gün
də gender məsələlərinin tədqiqi
baxımından qiymətli mənbədir
XIX əsrin əvvəllərinə
qədər təhsildə yalnız Şərq qaydaları ilə
idarə olunan Azərbaycan cəmiyyəti
olduqca mühafizəkar idi.
Tarixə nəzər saldıqda ilk maarifçi demokratlarımızın fəaliyyətinin
çətin yollardan keçdiyini
görürük. Cəhalət, mövhumat və nadanlıq şəraitində
maarifçiliyi inkişaf
etdirmək asan deyildi.
Lakin bu inkişaf prosesinin özü cəmiyyəti
formalaşdırdı. Bu baxımdan XIX əsrin
ikinci yarısında Azərbaycanda
qadınların vəziyyəti, cəmiyyətdə yeri, onlara münasibət
və s. mövzuları tədqiq etməkdə
dövrün ədib və mütəfəkkirlərinin
əsərləri mühüm mənbə rolunu
oynayır.
Akademik Firudin Köçərli «M.F.Axundovun
dünyagörüşü» kitabında qeyd edir ki,
XIX əsrin ədibləri xalqın, xüsusilə də
qadınların maariflənməsi yolunda
mübarizə aparmaqla yanaşı,
qadın hüquqlarına da geniş yer
ayırırdılar. Maarifçilik Azərbaycanda
məhz bu dövrdə təşəkkül
tapmış və XX əsrin əvvəllərinə bütöv bir ideya, ictimai cərəyan kimi daxil olmuşdur.
Bununla belə, maarifçilik
ictimai şüurda
müəyyən izlər buraxsa da, mühafizəkarlığın mənfi
stereotiplərinə tam qalib
gələ bilməmişdi. Məhz bu səbəbdən
XX əsrə qədər Azərbaycanda dünyəvi təhsil
sistemi üzrə qızlar üçün məktəblər yox idi. Bakıda ilk müsəlman qızlar məktəbi
1901-ci ildə böyük mesenat
Hacı Zeynalabdin Tağıyev tərəfindən
açılmışdı.
«Qadın surətlərinin
yaradılması ədəbiyyatda böyük
bir inqilab idi»
XIX əsrdə maarifçilik
Azərbaycan gerçəkliyinin qarşıya qoyduğu
vəzifələrin həllinə kömək edə biləcək
mədəni-ideoloji hərəkat kimi diqqəti
xüsusi cəlb edir.
Doğrudur, Azərbaycan özünün
mədəni-mənəvi həyatı ilə Avropa
mədəniyyəti nailiyyətlərini qavramağa
hazır idi. Lakin Mirzə
Kazımbəy düzgün demişdir ki, \"Qərb
öz siyasəti ilə heç
zaman Asiyada maarifi dirçəldə bilməz. Ölkəni
yenidən quranlar onun öz içindən yetişməlidir\".
Həmin dövrdə ölkəni
yenidən quran ziyalılar sırasında
Mirzə Şəfi Vazeh, Mirzə
Kazımbəy, Həsən bəy Zərdabi daxil
olmaqla, Mirzə Fətəli Axundzadənin
adını xüsusi vurğulamaq
gərəkdir. Belə ki, Azərbaycanda maarifçiliyin və demokratik
ictimai fikrin formalaşması
da böyük
ölçüdə məhz onun adı
ilə bağlıdır. Mirzə Fətəlinin
istər fəlsəfi əsərlərində, istərsə
də pyeslərində qadınların durumuna,
onların həyat tərzinə çox geniş aspektdən yanaşılır və
Azərbaycan qadınının yüksək düşüncə
tərzi, dünyagörüşü təsvir
olunurdu. Cəlil Məmmədquluzadənin
sözləri ilə desək, «Mirzə Fətəli Şərq
qadınını səhnəyə çıxarıb, orada danışdırıb, güldürüb,
ağladıb və orada birinci
dəfə kişilər içində izharı-vücud edib».
Əbdürrəhim bəy Haqverdiyev isə həmin fikri
başqa şəkildə ifadə edərək
yazıb: «O zaman qadın surətlərinin
yaradılması ədəbiyyatda böyük
bir inqilab idi. Axundovun pyeslərində qadınlar kişilərdən daha ağıllı, daha
gözüaçıq və düşüncəlidir. İlk dəfə M.F.Axundov
deyib ki, qadının
cəmiyyətdə həm mənəvi hüququ
olmalıdır, həm də kişilərlə bərabər
hüququ olmalıdır. Axundov o dövrdə mövcud dövlət quruluşlarından
konstitusiyalı parlamentə üstünlük
verir və belə hesab
edirdi ki, parlamentin birinci əsası
hüquq bərabərliyidir, yəni
kişilərlə yanaşı qadınlara bərabər hüquq verilməlidir».
Qadın azadlığı cəmiyyətdə
azadlığın təbii ölçüsüdür
Azərbaycan filosofu qadının cəmiyyətdə yeri, rolu məsələsinə
dönə-dönə toxunur, ictimai həyatın bütün
sahələrində qadınlara kişilərlə bərabər
hüquq verilməsi fikrini
qətiyyətlə müdafiə edirdi.
Əsərlərinin təhlilindən göründüyü
kimi, o, qadın azadlığını bütün
cəmiyyətdə azadlığın təbii ölçüsü sayıb. Ədib
yazır: “Şəriətin nə haqqı var
ki, qadın tayfasını hicab ayəsi vasitəsilə daim
həbsə atıb ömrü boyunca bədbəxt edir və
yaşamaq nemətindən məhrum edir”.
Beləliklə, M.F.Axundzadə
yaşadığı dövrdə savadsız mollaların
şəriət qaydalarından öz mənafelərinə
uyğyn istifadə edib
qızları və qadınları cəhalətə məhkum
etmələrini tənqid edirdi. O, əsərlərində
Azərbaycan qadınının hüquqsuzluğunu
təsvir edərək, məhz bu hüquqsuzluqdan onların başına gətirilən
amansız bəlaları ifşa edib.
Mirzə Fətəl yazırdı
ki, qadın tayfası azadlıq
qaydalarında, \"cəmi hüquqi bəşəriyyətdə\"
kişi tayfası ilə bərabər
tutulmalıdır: \"Yevropa
filosofları qadınları bütün
insanlıq və azadlıq hüquqlarında kişilərlə
şərik sayırdılar. Hətta bu gün o qitənin bəzi
dövlətlərində qadınları məmləkəti
idarə işlərinə daxil ediblər\".
Bununla da həmin
dövrdə öz dünyagörüşü
ilə daha çox irəli
getmiş maarifçi
ədib Azərbaycan qadınının da
cəmiyyətdə mühüm mövqe tutmasını təbliğ edirdi. Cəlil Məmmədquluzadə bu barədə yazırdı: «Mirzə Fətəlinin
komediyalarının qadın tipləri əsrin məişətdən
götürülmüş fotoqraf şəkilləri kimidir.
Əsərlərdə təsvir edilən qadınlar məişətin
qadın sifətlərinin bir canlı
nümunəsidir. Orada qadınlar bir duru aynada
görsənən kimi görsənirlər.
Onun üçün orada biz müxtəlif tiplərə,
müxtəlif sifətlərə rast gəlirik.
Bu surətdə ki, bu əsərlər məişətin
aynasıdır. Təbiidir ki, burada biz qadınların
yaxşı sifətləri ilə pisini də,
müsbət sifətləri ilə mənfisini də görə
biləcəyik. Və qeyri-cürə də ola bilməz ki, qoçaq və bacarıqlı qadınlar
içində («Hacı Qara») qorxaq və bacarıqsız qadın olmasın
(«Mürafiə vəkilləri») və habelə sədaqətli,
doğru və dürüst
qadından savayı hiylə və saxtakarlığa mail qadın tapılmasın («Mürafiə vəkilləri») və bu cürə ola bilməzdi».
Cəhalətdən yaxa qurtarmağın yolu təhsildən
keçir
Bir sözlə,
öz əsərlərində qadın
surətlərinə geniş yer ayıran böyük
mütəfəkkir onların dili ilə
qadınların düşdüyü vəziyyəti
onların cəmiyyətdəki hüquqsuzluğu
ilə əlaqələndirirdi. Eyni zamanda o, qadın hüquqsuzluğundan istifadə edən
kişilərin onları \"al-ver\"
obyektinə çevirmələrini də pisləyirdi. Məsələn,
“Hekayəti-Xırs-Quldurbasan” pyesində Pərzadın dili ilə qadın hüquqsuzluğunu
göstərərək, onların ixtiyarının ya ata və ya əminin əlində olduğunu
yazıb: «Ata və ya
əmi qızları yalnız öz mənafelərinin
xeyrinə kimlərəsə ərə verir,
qızlar isə sakitliklə buna tabe olurdular».
Yazıçı-filosof eyni zamanda çoxarvadlılığı pisləyirdi.
Dramaturq “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran”
əsərində qadın personajlarının dili ilə çoxarvadlıllığın nə
kimi faciələrə gətirib
çıxardığını göstərib.
Qadının cəmiyyətdə
oynadığı rola böyük
önəm verən müəllif öz
müşahidələri əsasında qadınların
kişilərdən daha iradəli, mənən
güclü olduqlarını
vurğulayırdı. Müəllif cəmiyyətdə baş verən bütün
bəlaların kökünü kişi ilə qadın arasında bərabər
hüquqların olmamasında, qadın hüquqsuzluğunda
görürdü. Doğrudan
da, həmin dövrdə kişilər
qadınlara yuxarıdan aşağı baxır,
qadınları avam hesab
edir və onlara elə
gəlirdi ki, qadın yalnız uşaq böyütmək, yemək
bişirmək, qab-qacaq, paltar
yumaq üçün
lazımdır.
Qeyd edək ki, XIX əsrin əvvəllərində
qadınların üzləşdikləri cəhalətdən
yaxa qurtarmağın yolunun
məhz təhsildən keçdiyini deyən
Mirzə Fətəlinin əsərləri bu
gün də gender məsələlərinin
öyrənilməsi, tədqiqi baxımından çox qiymətli mənbədir. Ona görə
ki, yaşadığımız XXI əsrdə
də bəzən qız və qadınlarımız məhz
təhsil almadıqlarına, öz
hüquqlarını bilmədiklərinə görə istər
ailədə, istərsə də cəmiyyətdə problemlərlə
üzləşirlər.
Mehparə
Mədəniyyət.- 2012.- 16 may.-
S. 7.