Atüstü turizm marşrutlarına maraq böyükdür

 

   Elman Qədirov: «Bu marşrutların tanıdılması üçün turizm şirkətlərinin də köməyinə ehtiyacımız var»

  

   Atçılıq turizmi dünyada turistlərin diqqətini ən çox cəlb edən sahələrdən biridir. Bu turizm növünə maraq göstərənlərin sayı ildən-ilə artır. Ölkəmizdə turizmin digər sahələri kimi, atçılıq turizminin də inkişafı üçün kifayət qədər imkanlar var. Məhz bu imkanlar nəzərə alınaraq, ölkə başçısının 2006-cı ilin aprelində imzaladığı fərmana əsasən, Atçılıq Turizm Mərkəzi yaradılıb. 2007-ci ildən qurum Respublika Atçılıq Turizm Mərkəzi adlanır.

  

   Mərkəz son vaxtlar Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycanda atçılıq turizminin inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələr həyata keçirir. Buranın mütəxəssisləri tərəfindən müxtəlif istiqamətlərdə atüstü turist marşrutları işlənib hazırlanır.

   Qurumun fəaliyyəti, reallaşdırılan yeni layihələrlə bağlı məlumat almaq üçün Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Elman Qədirovla söhbətləşdik.

   - Mərkəz yaradılan gündən atçılıq turizminin və qeyri-maddi mədəni irsimizin bir nümunəsi olan milli atüstü oyunların inkişafı və təbliğatı məqsədilə müxtəlif tədbirlərin təşkilatçısı olub. 2006-cı ilin dekabrında «Marafon-45” adlı atüstü turist yürüşü, «Çövkən» milli atüstü oyunu üzrə Prezident Kuboku təsis edilib. Qeyd edim ki, Prezident Kuboku uğrunda «Çövkən» milli atüstü oyunu artıq ənənə halını alıb. Eyni zamanda mərkəz tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı keçirilir. Sevindiricidir ki, birinci il bu festivalda 8 rayon iştirak etdiyi halda, sonrakı illərdə bu say 16 oldu.

   Bir neçə dəfə atlarla uzun məsafəli - 50 kilometrlik qaçış təşkil edilib. Bunu etməkdə də məqsədimiz atlarımızı sınaqdan çıxarmaq olub. Çünki atçılıq turizminin istədiyimiz səviyyədə inkişafı üçün bu, çox lazımdır.

   Bundan əlavə, mərkəzimiz bir neçə dəfə ölkəmizdə keçirilən beynəlxalq turizm sərgisinin iştirakçısı olub. Daxili turizm sərgilərində Respublika Atçılıq Turizm Mərkəzi öz stendi ilə təmsil olunur. Orada bizim bukletlərimiz və digər reklam-çap məhsullarımız paylanılır. Amma atüstü turizm marşrutlarının tanıdılması və buraya turistlərin cəlb edilməsi üçün ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin də köməyinə ehtiyacımız var.

   - Respublika Atçılıq Turizm Mərkəzinin neçə rayonda filialı fəaliyyət göstərir?

   - Şəki filialımız fəaliyyət göstərir. Ağdam rayonunda da mərkəzimizin filialı açılıb. Tövlələr hazır olduqdan sonra burada da atlar saxlanacaq. Bundan başqa, bir neçə rayonda filialımızın yaradılması ilə bağlı bizə müraciətlər edilir. Balakən, Qazax, Daşkəsən, Xaçmaz və Ağcabədi rayonlarından da müraciətlər almışıq. Filialların yaradılması ilə bağlı bizim ən birinci şərtimiz atların saxlanması üçün normal şəraitin yaradılmasıdır. Bunun üçün ilk öncə 5 hektardan az olmayaraq torpaq sahəsi ayrılmalıdır. Eyni zamanda Respublika Atçılıq Turizm Mərkəzi oranı atlarla, ləvazimatlarla, yemlə təmin etməlidir. Atların rasionunda bir neçə cür yem var. Vələmir, arpa, kəpək, kök, ot, saman at yeminin əsasını təşkil edir. Həmçinin xaricdən yüksək kalorili konsentratlar alırıq. Ümumiyyətlə, atçılıqda bir ənənə mövcuddur. Bu ənənə daha çox atçılıq mədəniyyəti başlayan rayonlarda davam etdirilir. Bu, əsasən Ağdam, Şəki və Ağstafa rayonlarının atçılıq zavodlarından başlayıb. Ağstafada atçılıq zavodu hələ sovet hakimiyyəti illərində yaradılıb. Burada ingilis cins atları yetişdirilib. Buna baxmayaraq, bizim yaxın tariximizdən də məlumdur ki, bizdə atçılıq mədəniyyəti Qarabağdan başlayır. Qarabağ xanlarının öz at ilxıları vardı. Bu ilxılarda müxtəlif cins atlar yetişdirilirdi. Şəki rayonunun Daşüz kəndinin isə öz ənənəsi var.

   - Atçılıq turizmi ekstremal turizm növü olmaqla, dünyada maraq kəsb edən istiqamətlərdən biridir. Bu sahənin inkişaf etdirilməsi üçün hansı işləri görürsünüz?

   - Mərkəzin mütəxəssisləri tərəfindən atüstü turizm marşrutları əsasən Şəki-Balakən-Zaqatala-Qax, Oğuz-Qəbələ zonaları üzrə işlənib hazırlanıb. Yaxın perspektivdə isə Quba-Qusar istiqamətində marşrut hazırlamaq nəzərdə tutulur. Digər bir marşrutu Gəncəbasar və Lənkəran zonalarında yaratmaq istəyirik. Məncə, bu ərazilərdə atüstü turizm marşrutlarının işlənib hazırlanması yüksək effekt verərdi. Hazırda Şəki rayonu ərazisində birgünlük və üçgünlük marşrutlar var. Şəki, Şamaxı, Quba, Xaçmaz zonasına yeni bir marşrut işləyib hazırlamaq niyyətindəyik. Bu marşrut üzrə turistin gün ərzində 30-35 kilometr məsafə qət etməsini nəzərdə tuturuq. Təhlükəsizlik baxımından bu marşrutları öz yerli atlarımızla həyata keçirmək istəyirik.

   - Atüstü turizmə maraq göstərənlər çoxdur?

   - Əvvəlki illərlə müqayisədə maraqlananlar çoxdur. Xüsusilə sərgilərdə iştirak etdikdən sonra bu maraq daha da artıb. Mərkəzə gəlib qiymətlərlə maraqlanırlar, üstəlik, atlara minirlər. Şəki Azərbaycanın tarixi-mədəniyyət abidələri baxımından ən zəngin rayonlarındandır. Gəzmək üçün atüstü turizm marşrutlarını seçənlər yolboyu həm də çox qədim abidələrlə, alban məbədləri ilə, eyni zamanda Şəkinin flora və faunası ilə tanış olacaqlar.

   - Atları əsasən haradan alırsınız?

   - Respublika Atçılıq Turizm Mərkəzinin balansında olan bütün atları Şəki filialında saxlayırıq. Burada təxminən 50 at var. Onların içərisində cins atlar üstünlük təşkil edir. Atların əksəriyyətini isə Rusiyadan alırıq. Mərkəzin balansında olan atlar təmizqanlı ingilis, ərəb, alman, Axaltəkə cinsi, Mərəzə atları, rus löhrəmi, həmçinin yerli atlardır.

   - Mərkəzin ərazisində qonaq evləri tikməyi planlaşdırırsınızmı? Nəzərə alsaq ki, mərkəzlə Şəki rayonunun arasında 25 km məsafə var, bu, turistlər üçün böyük rahatlıq yaradardı...

   - Olduqca vacib bir məqama toxundunuz. Turistin Şəkidə qalması, oradan buraya gəlməsi və yenidən gecələmək üçün rayon mərkəzinə qayıtması həm vaxt, həm də iqtisadi baxımdan əlverişli deyil. Şəki atçılıq bazasının ərazisi də genişdir və burada gecələmə yerlərinin tikintisinə imkan var. Eyni zamanda bu, atçılıq turizminin inkişafına daha böyük imkanlar açar. Əslində bizim planımızda ərazidə qonaq evlərinin tikilməsi məsələsi var. Sadəcə, buna maddi baxımdan gücümüz çatmır. Son illər dövlət səviyyəsində Azərbaycanda turizmin bütün növlərinin inkişafına böyük diqqət və qayğı göstərilir. Xüsusilə atçılıq turizmi diqqət mərkəzindədir. Yəqin ki, bu istiqamətdə də işlər görüləcək.

   - Atüstü marşrutların tanıdılması istiqamətində hansı işləri görürsünüz?

   - Mərkəzimiz nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də tanınır. Şəki Turizm İnformasiya Mərkəzi rayonda turizm fəaliyyəti ilə məşğul olan bütün obyektləri atçılıq mərkəzi haqqında məlumatlandırır. Bundan əlavə, hotellərin, mehmanxanaların foyelərində bukletlərimizi qoymuşuq. Onlarla daha sıx əməkdaşlıq etmək istəyirik. Eyni zamanda ölkəmizdə genişmiqyaslı beynəlxalq tədbirlərin keçirildiyi məkanlarda reklam lövhələrimiz nümayiş olunur. Lakin etiraf etməliyəm ki, təbliğat baxımından bir qədər geri qalırıq.

   - Mərkəz çövkəndən başqa, daha hansı milli atüstü oyunlar keçirir?

   - Respublika Atçılıq Turizm Mərkəzi atçılıq turizmindən başqa, mədəni irsimiz olan milli oyunlarımızın təbliği ilə də məşğuldur. Onu da bildirim ki, biz bu tədbirlərə başlamamışdan əvvəl ətraf rayonlarda çövkən barədə olduqca az məlumatlı idilər. Onların polo oyunu haqqında müəyyən təsəvvürləri vardı. Sürpapaq haqqında isə, ümumiyyətlə, heç nə bilmirdilər. Bu oyuna müasir dildə xoruzbol da deyirlər və o, fransalı peşəkar basketbolçu və eyni zamanda at həvəskarı olan şəxs tərəfindən yaradılan oyun kimi tanınır. O, idman karyerasını başa vurduqdan sonra asudə vaxtını maraqlı keçirmək üçün basketbolun qaydalarını atüstü oyun şəklində tətbiq edib və nəticədə xoruzbol oyunu yaranıb. Bu oyun son 30 ildə nəinki Avropada, hətta dünyanın bir çox ölkələrində böyük nailiyyətlər qazanıb. Amma, təəssüflər olsun ki, həmin oyunun, min illər boyu bizdə oynanılmasına baxmayaraq, dünyada tanıda bilməmişik. Həmçinin mən həmişə şəxsən özümə irad tutmuşam ki, bizim qədim milli oyunumuz olan çövkən indi dünyada polo kimi tanınır. Bu oyuna Avropada, Amerikada maraq böyükdür. Polonun qaydalarına görə, oyun dörd hissədən, hər hissə isə 7 dəqiqədən ibarətdir. Oyunun ən çətin şərti də ondan ibarətdir ki, eyni at iki hissəni dalbadal oynaya bilməz. İmkanı olan şəxslər elə olur ki, bir oyuna 4 atla gəlir. Biz çalışırıq ki, bu oyunlarda birinci növbədə milliliyimizi saxlayaq və polonun, xoruzbolun qaydalarını mümkün qədər çövkənə daxil etməyək.

   - Avropalıların polosu ilə bizim çövkən arasında oyun qaydaları baxımından hansı fərqlər var?

   - Bizdə oyun qaydaları çox sadədir. Oyun iştirakçının zədə ala bilməsi baxımından riskli olduğundan, çalışırıq hər şey öz milli qaydalarımız çərçivəsində olsun və oyunçunun təhlükəsizliyi təmin edilsin. Orta və Mərkəzi Asiya ölkələrində bu oyunu çox çılğınlıqla oynadıqlarından onlarda zədələnənlər də çox olur. Çox sevindiricidir ki, hər il Azərbaycanın 16 rayonu çövkən atüstü oyunlarına qoşulur və bu oyunlar getdikcə daha geniş yayılır. Çövkən insanın həm fiziki sağlamlığı, həm də asudə vaxtını səmərəli keçirə bilməsi baxımından sərfəli oyundur.

  

 

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2012.- 16 may.- S. 7.