Bakı
Uşaq Teatrının 10 yaşı tamam oldu
Yaradıcı heyət nağıl qəhrəmanlarını
şəhər sakinləri ilə
görüşdürdü
Bakı Uşaq Teatrının 10 yaşı tamam oldu. Fəaliyyət
göstərdiyi müddətdə geniş
tamaşaçı auditoriyası toplamış teatr beynəlxalq
festivallarda uğurlu iştirakına görə diplom və
mükafatlara layiq görülüb, müxtəlif beynəlxalq
və yerli təşkilatlarla birgə uğurlu layihələr
həyata keçirib. 2009-cu ildə teatrın nəzdində
xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət
teatr studiyası yaradılıb.
Mayın 11-də kollektiv 10 illik
yubileyini də maraqlı aksiya ilə qeyd etdi. Teatrın
direktoru İntiqam Soltan başda olmaqla bütün
yaradıcı heyət müxtəlif nağıl qəhrəmanlarının
geyim və qrimində şəhərin müxtəlif yerlərində
- Gül bayramı keçirilən Heydər Əliyev Sarayının
qarşısındakı parkda, Dənizkənarı Milli
Parkda şəhər sakinləri ilə
görüşdü. Teatrın direktoru bildirdi ki, yubileyin bu
formada keçirilməsi təsadüfi deyil. Teatr bununla həm
də tamaşaçılara yaxın olduğunu bir daha
göstərməyə çalışıb: «10
yaşımızın Gül bayramı ilə üst-üstə
düşməyindən bəhrələndik. İstədik
ki, ənənəvi formadan bir az kənara çıxaq,
tamaşaçı ilə canlı ünsiyyətdə olaq.
Biz də ad günümüzü müəyyən tədbirlə,
tort kəsməklə qeyd edə bilərdik. Amma mənəvi
qida adama daha çox şey verir. Qoy tamaşaçılar
bizi görsünlər. Bu günü Bakı küçələrində
tamaşaçı Məlikməmməd, Cırtdan, Qar
Kraliçası, Çəkməli Pişiklə canlı
ünsiyyətdə oldu, çox maraqlı, səmimi, xoş
atmosfer yarandı”.
İntiqam Soltan Bakı Uşaq
Teatrını yaratmaqla uşaqlıq arzusunu gerçəkləşdirdiyini
bildirdi: «Mənə elə gəlir ki, biz uşaqlıq
arzularımızı həyata keçirmək məqsədilə
böyüyürük. Uşaqlıq arzularımdan biri olan
Uşaq Teatrını yaratdım. Biz yaradıcı insanlar sənətdə,
həyatda gəldi gedərik. Amma sənət məbədləri,
sənət məkanları qalıcıdır. Teatr
böyük, ən güclü məktəbdir. Kompyuter, kino,
televiziyadan fərqli olaraq teatr yeganə qurumdur ki, orada insanlar
canlı ünsiyyətdədirlər. Düşünürəm
ki, biz çox şeyə nail olmuşuq. Əgər bu
teatrın Avropa Şurasında adı hallanıbsa, bu,
çox böyük işdir».
Qeyd edək ki, gün ərzində
teatrın yaradıcı heyəti şəhər sakinləri
ilə ünsiyyətdə oldular, azyaşlılarla şəkil
çəkdirdilər.
Gülər
Mədəniyyət.-
2012.- 16 may.- S. 6.