“Anam doğma Vətənimsən, Azərbaycanım!”
Rauf Hacıyev - 90
Mayın
14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında
görkəmli bəstəkar, Azərbaycanın və
SSRİ-nin Xalq artisti Rauf Hacıyevin anadan olmasının 90
illiyinə həsr olunmuş konsert keçirildi. “Anam doğma
Vətənimsən, Azərbaycanım!” adlı konsertdə bəstəkarın
ölməz mahnıları səsləndi.
Azərbaycan professional musiqisi
tarixinə müxtəlif mövzulu operettaları, "Gənclik"
simfoniyası, bir-birindən gözəl estrada mahnıları
ilə daxil olan bəstəkar Rauf Hacıyev haqqında ürək
sözlərini eşitmək üçün gecənin
qonaqlarından bir neçəsinə müraciət etdik.
Dövlət Mahnı
Teatrının bədii rəhbəri, Xalq artisti Kamil Vəzirov:
- Mənə Rauf Hacıyevin
mahnılarını sevdirən Rəşid Behbudov olub.
Çünki mən gənc yaşlarından başlayaraq 20
il Rəşid Behbudovla birlikdə işləmişəm. Rəşid
müəllim xarici ölkələrdəki
çıxışını Rauf Hacıyevin “Azərbaycan”
mahnısı ilə bitirərdi. Rauf Hacıyevin əsərləri
bu gün də sevilir. O mahnıları xalq da sevir, sənətkarlar
da.
Azərbaycan Bəstəkarlar
İttifaqının məsul katibi Lalə Hüseynova:
- Hər il mayın 15-də
böyük bəstəkarımızın doğum
gününü qeyd edirik. Bu il Rauf Hacıyevin 90 illik yubileyi
ölkə başçısının sərəncamı
ilə geniş səviyyədə qeyd olunur. Rauf Hacıyev,
ilk növbədə Azərbaycan dinləyicisi,
tamaşaçısı üçün bənzərsiz
mahnıları ilə yadda qalıb. Rauf Hacıyev Tofiq Quliyevlə
yanaşı Azərbaycan estrada mahnı janrının təməlini
qoyub və bu janrda daima yaşayacaq, zamanı yarıb keçəcək
əsərlər, klassik nümunələr yaradıb. Səməd
Vurğunun sözlərinə bəstələdiyi “Azərbaycan”
mahnısını və ya Rauf Hacıyev
yaradıcılığının epiqrafı sayılan “Romeo
mənim qonşumdur” filmindən “Sevgilim” mahnısını
xatırlayaq. Bu mahnılarda onun bütün
yaradıcılığına xas olan həyatsevərlik,
böyük eşq öz əksini tapıb. Rauf Hacıyev
yaradıcılığı çoxşaxəlidir. O,
yüksək musiqi təhsili almış peşəkar bəstəkarlarımızdan
biridir. Üzeyir bəyin xeyir-duası ilə musiqiyə gəlib,
Qara Qarayev kimi nəhəng bəstəkarın tələbəsi
olub. Rauf Hacıyev Azərbaycan Estrada Orkestrini yaradıb və
bu orkestr keçmiş SSRİ-nin hər guşəsini
qarış-qarış gəzib.
O həm də böyük ictimai xadim olub. Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb
və bir çox gözəl başlanğıcların əsasını
qoyub. Azərbaycanda Dövlət Xor
Kapellasını yaradıb,
Mahnı Teatrının,
Xalça Muzeyinin yaradılmasında nazir kimi onun böyük
xidmətləri olub.
Bəstəkarlar İttifaqında böyük işlər görüb. Əlcəzairdə
professional opera və balet
məktəbini yaradıb.
Bir insan və sənətkar
kimi özünü hərtərəfli realizə
edə bilib. Bu, yaradıcı insan üçün son dərəcə böyük
bir amildir.
* * *
Gecəni Bakı Musiqi Akademiyasının professoru,
musiqişünas Ceyran
Mahmudova açaraq, Azərbaycan musiqisini öz bənzərsiz bəstələrilə bəzəyən
Rauf Hacıyevin zəngin irsindən danışdı: “Bəstəkarın
xoşbəxtliyi ondadır
ki, onun musiqiləri zaman-zaman yaşayır və bu mahnılara həyat vermiş sənətkarı da yaşadır. Nə qədər ki,
Azərbaycan xalqı yaşayır, Rauf Hacıyevin musiqiləri də yaşayacaq, insanların könlünü
oxşayacaq”.
Tədbirdə Xalq artisti Bilal Əliyev Rauf Hacıyevin “Azərbaycan”, “Qaya” Dövlət Ansamblının
solistləri bəstəkarın
müxtəlif filmlərə
yazdığı musiqilərdən
mahnılar ifa etdilər. Mahnı Teatrının solisti Vaqif Şıxəliyev və Firuzə Quliyevanın ifasında “Saçlarına gül düzüm” və “Sevgilim” mahnıları, Əməkdar artist, cazmen Salman Qəmbərovun ifa etdiyi kompozisiya,
Opera və Balet Teatrının solisti Fərid Əliyevin ifasında “Bakı haqqında mahnı”, Əməkdar artistlər Gülyaz Məmmədova və Teymur Əmrahın duet şəkildə
ifa etdikləri “Bahar sənsiz” və digər çıxışlar tamaşaçılar
tərəfindən alqışlarla
qarşılandı.
Gecənin aparıcısı Əməkdar artist Gülyanaq
Məmmədova Rauf Hacıyevin yaradıcılığında
bəzi məqamları
iştirakçıların nəzərinə çatdırdı.
Qeyd olundu ki, bəstəkarın
yaradıcılığında teatr tamaşalarına və filmlərə yazdığı musiqilər
də önəmli yer tutur. "Əhməd haradadır",
"Bir qalanın sirri", "Kölgələr
sürünür", "Qara daşlar" və s. filmlərin musiqisi səmimiyyəti və özünəməxsusluğu
ilə tamaşaçıların
qəlbinə yol tapıb.
Rauf Hacıyev operetta janrında da gözəl əsərlər
və sənət tariximizdə qalacaq 7
operetta yazıb. Təkcə bunu
xatırlatmaq yerinə
düşər ki, bəstəkarın "Romeo mənim
qonşumdur" operettası
20-dən çox teatrda
tamaşaya qoyulub.
Gecənin sonunda Rauf Hacıyevin
qızı Nanə Hacıyeva çıxış
edərək, atasının
90 illik yubileyinin yüksək səviyyədə
keçirilməsi üçün
sərəncam verən
ölkə başçısına,
Mədəniyyət və
Turizm Nazirliyinə, gecənin təşkilatçılarına
və iştirakçılarına
minnətdarlığını bildirdi.
* * *
Rauf Hacıyevin 90 illik yubiley tədbirləri çərçivəsində mayın 15-də Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının yaradıcı kollektivi bəstəkarın “Talelər
qovuşanda” musiqili komediyasını sənətsevərlərə
təqdim edib. Dövlət
Rus Dram Teatrında nümayiş olunan tamaşada Əməkdar
artist Xanım Qafarova,
aktyorlar Məhərrəm
Qurbanov, Emil Heydərov
və başqaları
yaddaqalan obrazlar yaradıblar. Əsas partiyaları
isə tanınmış
vokalçı Nərgiz
Kərimova (Nərgiz)
və müsabiqə yolu ilə teatra
qəbul edilən gənc solist Elvin Əliyev (Əli) ifa ediblər.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 16 may.- S. 4.