Qazaxıstandan
kitab hədiyyəsi
Mayın 15-də M.F.Axundzadə adına Milli Kitabxanada
Qazaxıstan Türk Akademiyasının Azərbaycanın
kitabxana və universitetlərinə hədiyyə etdiyi 24 adda
türkologiyaya dair kitabların təqdimatı keçirildi.
Tədbiri Milli Kitabxananın
direktoru Kərim Tahirov açaraq, Qazaxıstandan ölkəmizə
gələn nümayəndə heyətini təqdim etdi.
Türkologiya sahəsində qonaqların apardıqları elmi
tədqiqat işlərinin nəticəsi olaraq nəşr
olunaraq hədiyyə edilən kitabların əhəmiyyətindən
danışdı. Nəşrlərin türkologiya sahəsində
yeni məlumatların oxuculara çatdırılmasında
mühüm yer tutacağını vurğuladı.
Tədbirdə
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyinin Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli
tariximizin, bu günümüzün və gələcəyimizin
öyrənilməsində kitabların böyük rolu
olduğunu söylədi: “Bu kitablar türk xalqlarının mədəni
əlaqələrinə töhfə olacaq. Çünki bu nəşrlərdə
türk xalqlarının inkişafı, problemləri, dili,
lüğəti əksini tapıb. Hədiyyə edilən hər
bir kitab xalq üçün xəzinədir”.
Milli Məclisin deputatı,
Atatürk Mərkəzinin sədri Nizami Cəfərov
kitabların türk xalqlarının etnoqrafiyasını və
folklorunu əks etdirdiyini nəzərə
çatdırdı.
Qazaxıstan Türk Akademiyasının vitse-prezidenti Əsgər Umarov, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov, professor Gülqayşa Saqidolda, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri Rüfət Rüstəmov və digər çıxış edənlər türkdilli ölkələrin qarşılıqlı əməkdaşlıqda dil və kök oxşarlıqlarının tarixi, mədəni irslərinin yaxınlığının çox böyük əhəmiyyətə malik olduğunu söylədilər.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 16 may.- S. 2.