Azərbaycan
rəssamlarının qobelen sərgisi
Mayın 15-də Muzey Mərkəzində Azərbaycan rəssamlarının
“İmpuls” adlı qobelen sərgisinin
açılışı oldu.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, sərginin
keçirilməsində əsas məqsəd geniş ictimaiyyəti
dekorativ-tətbiqi sənət ustalarının
yaradıcılığı ilə yaxından tanış
etmək, qobelen sənətinin təbliği, bu sahədə
yaradıcılıq axtarışlarının
stimullaşdırılması, unikal sənətin
yaşadılması və inkişaf etdirilməsi
üçün zəmin yaratmaqdır: “Düşünürəm
ki, Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar
İttifaqı və Dövlət Rəssamlıq
Akademiyası ilə birgə təşkil etdiyi sərgi
uğurlu alınıb. Sərgidən öncə
nümayiş olunan əsərlərlə tanış oldum və
qürur duydum. Sənətkarlarımız sərgiyə
çox gözəl işlər təqdim ediblər. Şadam
ki, Avropada çox dəbdə olan bu sənət növü
Azərbaycanda da yüksək səviyyədə də
inkişaf edib”.
Nazir müavini vurğuladı ki,
xarici ölkələrdə keçirilən mədəniyyət
günlərində qobelen sərgiləri də təşkil
olunacaq: “Biz xarici ölkələrdə keçirilən tədbirlərdə,
Azərbaycan mədəniyyəti günlərində əsasən
təsviri sənət nümunələrini nümayiş
etdiririk. Düşünürəm ki, bu tədbirlərdə
qobelenlə məşğul olan sənətkarlarımızın
əl işlərindən ibarət sərgiləri də
böyük fəxrlə təqdim edə, rəssamlarımızı
bütün dünyada tanıda bilərik. Qobelen nümunələrinin
əks olunduğu kataloqun nəşri də sənətkarlarımızın
geniş ictimaiyyətə tanıdılmasına xidmət
edir”.
Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Ağaəli İbrahimov Mədəniyyət
və Turizm Nazirliyinin həyata keçirdiyi layihələrdən
danışdı, nazirlik tərəfindən dekorativ-tətbiqi
sənət növlərinin inkişafına xüsusi diqqət
yetirildiyini bildirdi.
Rəssamlıq Akademiyasının
prorektoru Fuad Salayev çıxışında
vurğuladı ki, Azərbaycan rəssamlarının qobelen əsərləri
müxtəlif sərgilərdə nümayiş olunsa da,
Bakıda belə genişmiqyaslı qobelen sərgisi ilk dəfə
keçirilir. Sərgidə Rəssamlıq
Akademiyasının tələbələrinin də yüksək
zövqlə hazırlanmış əl işləri
nümayiş olunur.
Rəssamlıq Akademiyasının
dekorativ-tətbiqi sənət kafedrasının professoru,
qobelen ustası Ədhəm Yusifov sərginin keçirilməsinə
görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını
bildirdi. Qeyd olundu ki, belə sərgilərin təşkili gənc
rəssamlarda qobelen sənətinə həvəsi daha da
artırır, onların geniş ictimaiyyətə yaxından
tanıdılmasına şərait yaradır.
Qeyd edək ki, sərgidə 80-dək
müəllifin 100-dən çox əsəri nümayiş
olunur. Qobelenlər Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyinin, Dövlət Rəsm
Qalereyasının, Dövlət Rəssamlıq Akademiyasının
fondlarından və rəssamların şəxsi
kolleksiyalarından götürülüb. Sərgi mayın
22-dək davam edəcək.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 16 may.- S. 2.