Təsniflər
ustadı: Məşədi İsi
Milli muğam sənətində layiqli yer tutan, təkrarsız
səsi ilə musiqi mədəniyyətimizə gözəl
incilər bəxş etmiş sənətkarlarımızdan
biri də Məşədi İsidir. O, mahir ifaçı kimi
nadir sənətkarlıq qabiliyyətinə malik olub. Bu
görkəmli sənətkar haqqında mənbələrdə
yetərli məlumat azdır. Buna baxmayaraq, o, vaxtilə öz
fərdi yaradıcılığı ilə bağlı xalq
arasında geniş təbliğ olunub. Adı həmişə
zəmanəsinin görkəmli xanəndələri ilə
yanaşı çəkilib.
Məşədi İsi ilk musiqi təhsilini
Xarrat Qulunun məktəbində alır. Sonra məşhur xanəndə
Hacı Hüsünün “Xanəndələr məclisi”nə
üzv olur. Burada fitri istedadı, qeyri-adi yaddaşı və
məlahətli səsi ilə müasirlərindən fərqlənir.
Onun bu fərdi keyfiyyətlərinə hörmətlə
yanaşılır. Beləliklə, o, az vaxt ərzində
“Xanəndələr məclisi”ndə bir növ müəllim
kimi çıxış edir. Bununla belə o,
arxayınlaşmır, əksinə, öz üzərində
çox çalışır. Milli muğam sənətinin
dərin qatlarına nüfuz edir. Klassik Şərq, xüsusilə
Azərbaycan muğamlarının incəliklərini və məna
çalarlarını dərindən mənimsəyir. Öz
bilik və sənətkarlıq bacarığını “Xanəndələr
məclisi”nin gənc üzvlərinə də böyük həvəslə
öyrədir. Az vaxt ərzində Şuşada
muğamatı yüksək dərəcədə mənimsəyən
ustad xanəndə kimi tanınır. “Rast”, “Şur”, “Humayun”,
xüsusilə “Mahur” dəstgahını özünəməxsus
fərdi yaradıcılıq üslubunda ifa edir...
Cabbar Qaryağdıoğlu Məşədi
İsinin xanəndəlik qabiliyyətinə yüksək qiymət
verərək yazıb: “...Şuşa şəhərində,
bütün Qafqazda məşhur olan Xarrat Qulunun şagirdlərindən
xanəndə Məşədi İsi “Mahur” dəstgahını
çox təntənə ilə oxuyardı. Özü də
təsnifxanalıqda və qaval çalmaqda birinci
sayılırdı”.
Məşədi İsi oxuduğu
muğam və mahnıların sözlərini aydın, səlis
diksiya ilə dinləyiciyə çatdırıb. O, Azərbaycan
şairlərinin qəzəl və qoşmaları ilə
yanaşı, Hafizin, Sədinin əsərlərini də
ilhamla oxuyar və öz dinləyicilərini valeh edərdi. Cəlil
bəy Bağdadbəyovun yazdığına görə, Azərbaycan
şairlərinin şeirlərini ilk dəfə məclislərdə
oxuyan Məşədi İsi olub. O, təkcə Qarabağda
deyil, Azərbaycanın bir çox şəhərlərində
- Gəncədə, Ağdaşda, Şamaxı və
Bakıda dəfələrlə toy məclislərinə,
şənliklərə dəvət edilmişdi. İran
hökmdarı Nəsrəddin şah tərəfindən bir
neçə dəfə Tehrana dəvət olunur. Şah
sarayında İran müğənniləri ilə müsabiqədə
qələbə qazanır. Şah tərəfindən “Şiri-Xurşid”
ordeni ilə təltif olunur.
XIX əsrin 90-cı illərində
Məşədi İsi tarzən Mirzə Sadıqcan ilə
birlikdə Orta Asiyanın Aşqabad, Səmərqənd,
Daşkənd və digər şəhərlərdə olur,
xalq şənliklərində yaxından iştirak edir.
O, böyük muğam ustası
olmaqla bərabər, bir təsnifxan kimi də klassik Azərbaycan
xanəndələri arasında xüsusi yer tutub. Məlumdur
ki, musiqi aləmində təsniflərin müəllifi xanəndələr
olub. Məşədi İsinin muğam sənətində
“Rast”, “Mahur” təsnifləri çox məşhurdur. Təsniflərdə
el ədəbiyyatından nümunələr, Vaqifin, Zakirin bir
çox müxəmməs və qoşmalarından istifadə
edib. Məsələn, Qasım bəy Zakirin “Dilbər” rədifli
gəraylısından istifadə edərək “Rast” təsnifini
bəstələyib:
Bir bağda bülbül olmasa,
Gülün nə miqdarı, dilbər.
Dal gərdənə tökülməsə,
Telin nə miqdarı, dilbər.
Görkəmli ədəbiyyatşünas
Salman Mümtaz yazıb: “Bu gəraylını qarabağlı
məşhur xanəndə Məşədi İsi
Aşqabadda təsnif məqamında oxuduğunu şəxsən
eşitmişəm”. Deyilənə görə, Məşədi
İsinin Hacı Hüsü, Bülbülcan kimi zil səsi
olmayıb. Lakin o, muğamatın texnikasına dərindən
bələd olub. Ancaq sözlərin aydın tələffüzü
və məlahətli səsi ilə dinləyicilərini heyran
etmişdir. O, doğrudan da, kamil bir sənətkar olub.
Onun ustad bir xanəndə olması
haqqında xalq arasında maraqlı söhbətlər və
rəvayətlər var. Şuşalı Çıraq Məhəmmədoğlu
xatirələrində yazıb: “Məşədi İsinin səsi
çox zil deyildi. Amma muğamları çox ustalıqla
oxuyardı. Onun kimi “Osmanlı” oxuyan az-az olardı. Bir gün
Şuşanın “Çöl qala məhəlləsi”ndə
Səlim bəyin qardaşı oğlu Rüstəm bəyin
toyu idi. Məclisə adamları dəvətnamə ilə
buraxırdılar. O vaxt mənim 17-18 yaşım olardı.
Dayım dəllək Kərbəlayı Hüseyn də toya dəvət
almışdı. O məni də özü ilə toya
apardı. Səlim bəyin böyük salonu altı
arşın Qarabağ xalıları ilə döşənmişdi.
Qaz lampasının işığı adamın
gözünü qamaşdırırdı. Toya iki xanəndə
dəstəsi dəvət olunmuşdu. Toyun
aparıcısı şair Növrəs Mirzə Ələsgər,
fərraşı isə lotu Qulu idi. Xanəndə Məşədi
İsi, tarçalan Qulu (Xəstə Qasımın
qardaşı) ilə salonun görkəmli yerində əyləşmişdi.
Salonun başında isə Hacı Hüsü ilə
Sadıqcan oturmuşdu. Ayaq tərəfdən Gülablı
aşıqları (Abbasqulu, Nəcəfqulu, Həşim, Heydər)
əyləşmişdi. Toyun aparıcısı Növrəs
açılış etdi. Hacı Hüsü bir dəstgah
başlasın. Bir saat “ Şüştər” oxudu. Sonra toyun
aparıcısı dedi ki, Məşədi İsi dəstgahı
davam etdirsin. Tarzən Qulu Məşədi İsiyə dedi:
- Hacı Hüsüdən sonra nə
dəstgah oxuyacaqsan?
Məşədi İsi:
- Mən dəstgah
başlamayacağam. Hacı Hüsü camaatı
yatırdıb, mən isə oyadacağam.
Məşədi İsi qavalı əlinə
alıb oxumağa başladı:
Sübhi tezdən oyandım,
Dərdi-qəmə boyandım.
Daş olsaydım, əriyərdim,
Torpaq idim, dayandım.
Xanəndənin bu sözləri
hamının diqqətini çəkdi. O, böyük həvəslə
oxumağını davam etdirdi. Oxuyub qurtaranda salonu sürəkli
alqış bürüdü. Məclisi şən
keçirdiyinə görə, o gecə Məşədi
İsiyə qızıl suya çəkilmiş podnosun üzərində
bir paltarlıq və 500 manat qızıl pul hədiyyə
verildi”.
Görkəmli xanəndə 1905-ci
ildə Ağdamda vəfat edir. Onun dəfninə Azərbaycanın
müxtəlif bölgələrindən tanınmış sənət
adamları gəlir. Hörmət və ehtiramla dəfn olunur.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 18 may.- S. 15.