Şəxsi
ağrı-əzabları min-min...
...milli arzu-əməlləri
çin-çin - himn şairimiz Əhməd Cavad!
O,
Qara dənizi Türkün bayrağına baxdırıb
çırpındıranda Xəzər də Azərbaycan
türkünün “üçrəngli”sini - “Bir daha enməz!”ini
seyr edirdi...
Onun “Olsun bizim bütün ellər - Qurban Türkün
bayrağına!” səda-nidalı qələminin mürəkkəbi
qurumamış, qəlbi “Azərbaycan!.. Azərbaycan!.. Ey qəhrəman
övladın şanlı Vətəni!” fəxarətilə
himn-həmlələyəcəkdi...
1915-ci ilin Novruz bayramında iyirmi
üç yaşlı bu cavan, ev-eşiyində heç bir bədbəxt
hadisə olmaya-olmaya, yasa batır. Gül saçan bahara
baxmır, nəfs ütən öynə-nahara bənd olmur, ətrafıyla
bayramlaşmır. Görəsən, niyə? Evindən,
çəpərindən o yanaya yad el kimi baxan gözlülərin
yel-fel diliylə desək, “nə var-nə var”, həmin
günlər rus və ermənilər işğal edib
xarabazarlığa çevirdikləri Qarsda bu azəri
qardaşın türk arkadaşlarını qılıncdan
keçirmişdilər (?..). Belələrinin
arşınınca; “Bah, yox bir, kimsə, hardasa
qılıncdan keçilibsə, kilimçi burda bayram
keçirməməlidirmi?!” Belələrinin kefikök
çağlar təbirincə; “...kişinin oğlu belə
yasa batıb ki, elə biləsən, İrəvanımızı,
Göyçəmizi, Xocalımızı,
Şuşamızı topa tutublar!” Belə “türkün
sözü”, “müsəlmanın sonrakı ağlı”nca:
“...görəsən (?!.) niyə bizim bu günümüzə
ağlayan, dadımıza yetən yoxdur?! Nədən
Türkiyə ayağa qalxmır?! Hanı bəs, müasir
Nuru əfəndilər, Ənvər paşalar?!.”
Sonuncu ahu-zar, belə demək
mümkünsə, bu zariya-xitab opera səhnəmizdəki bir
ariya-xitabı xatırladır. Son vaxtlar (bu müharibə-münaqişə
çağları) səhnəyə az-az
çıxarılan “Koroğlu”dakı qoç qəhrəmanın
dilindən püskürülən xitabı deyirəm:
“Eşitsin xanlar, paşalar!..”
O vaxt Əhməd Cavadın
bayramını qara geyindirmiş o Qars qətliamı kimi hadisələrə,
aramızdakı kök eyniliyinin, soy bənzərliyinin “fərq”
ilə “fark” leksikasından o yana olmadığını hələ
də anlamayanlar sonrakı istiqlal şairlərimizdən də
birinin bir misrasını xatırlatmağı vacib edir:
“Görüm ayılmasın - gec ayılanlar!..”
Əhməd
isə...
Əhməd Cavad isə nəinki
gec, hətta, deyərdim, vaxtından çox tez
oyanmışdı. Həmin “Qars xəbər-xərabəti”
zamanı tay-tuşları qız gözaltılamaqda, yumurta
döyüşdürməkdə, xoruz güləşdirməkdə
ikən, Əhməd “Vicdan mənə əmr edir ki: “Belə
gündə bayram etmə” yazırdı. Birinci Dünya
müharibəsinin sonuna yaxın Türk ordusu Qafqaz cəbhəsində
uğur qazanıb, Azərbaycanın qeyri-mobil əsgər birləşmələrilə
Bakıya gələndə Əhməd Cavad onlara qoşulub,
Yasamal dağındakı səngərlərdə düşmənə
qarşı son dərəcə milli və cəsurluq əzmilə
döyüşür. Elə həmin səngərlərin
birində əlinə aldığı irfan “silah”ı ilə
- qılıncdan-süngüdən az iş görməyən
qələmilə “Bismillah” şeirini yazır, mətin
mehmetcikləri, bizim “dönməz geri” əsgərlərimizi
ruhlandırır:
Atıldı dağlardan zəfər
topları,
Yürüdü irəli əsgər,
Bismillah!
O Xan sarayında çiçəkli
bir qız
Bəkliyor bizləri zəfər, Bismillah!
Ey hərbin taleyi, bizə yol ver,
yol!
Sən ey coşan dəniz,
gəl Türkə
ram ol!
Sən ey sağa-sola qılınc vuran qol,
Qüvvət gələr, qeyrət gələr, Bismillah!..
Hələ iyirmi iki-iyirmi üç yaşlarından
ahıl ağlı, xoca qayğısı, qoca düşüncələrilə
yaşayan bu gənc heç bir dincliyə, sakitliyə sakin ola bilmirdi.
Bu gənc şəxsiyyət
millətlə nəfəs
alır, xalqın yolunda hər zillətə qatlaşırdı.
Bu cavanın cananı
Azərbaycan, ailəsi
Türk dünyası
idi. 1914-cü ildə
Türkiyənin şərq
vilayətlərindəki dəhşətli
müharibə məhrumiyyətlərinə
yardım edən “Azərbaycan xeyriyyə cəmiyyəti”nin əsas əlaqələndiricisi,
rusların törətdikləri
minbir əngəldən
yol tapıb gedib-gələni də iyirmi üç yaşlı Əhməd Cavad idi. Onun beyni-başı
millətə sayğıda,
insanlara qayğıda
idi. Ayaqları gah orda, gah burda. Əllərində ya süngü,
ya qələm. İyirmi altı yaşında xeyli vaxtdı həmfikirlərilə birgə
qan-tərlə suvardığı,
qələmiylə öydüyü
Vətəni istiqlala qovuşur. Hələ bu millətin
ümumşərqisini - “Himn”ini
qoşmağa bir xeyli qalıb. Hələ bu cavan gənc Azərbaycan hökumətinin
Bakı döyüşləri
zamanı şəhid
olmuş Türkiyə
mehmetciklərinin xatirəsinə
qoyduğu abidənin təməlqoyma mərasimində
“Qalx!” şeirini söyləyir:
Qalx, qalx, sarmaşıqlı məzar altından!
Gəlmiş ziyarətə qızlar,
gəlinlər.
Ey karvankeçidlər, yollar
üstündə
Hər gələn yolçuya yol soran əsgər!
Qovduqların sənin yabançı canlar,
Qurtardı ölkəmi tökdüyün
qanlar,
Bax, nasıl öpməkdə
tozlar, dumanlar
Qərib məzarını - mənlə
bərabər!..
Döyüşçü
və milli, şahid və şəhid-şair
Bu mənəvi
titulları xeyli artırmaq da olar ki, biri
də - o dövr üçün heç də asan olmayan
tərcüməçiliyidir. İyirmi yaşında Gəncə ruhani seminariyasını (1912) bitirmiş
bu mömin, bir il sonra
mətbuatda şeiri, üç il keçcək nəşriyyatda
ilk kitabı çıxmış
bu şair “ilk gənclik” deyilən bir dövrdə dünya ədəbiyyatının
ən qoca müəlliflərini dilimizə
çevirmişdir: Fransua
Rablenin “Qarqantua və Pantaqruel”, Vilyam Şekspirin “Otello”, “Romeo və Cülyetta”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” kimi şedevrlərini! Bu qədər
qısa (1892-1937) bir ömür ərzində
o qədər mübarizələr
aparmaq ,
mürəkkəbdən çox
ana südü cövhərilə nəqş
edilmiş şeirlər,
kitablar yazmaq, professor olmaq azmış kimi, hələ o qeyri-informasion dövrün
“çulucırıq, çarıqlı
ölkə”sində belə
“super-əsər”ləri də
tərcümə etmək?!
Bu “alovlu” təəccübü
söndürmək üçün,
üstünə XX əsrin
“repressiya dənizi”ndən
“37” damcı damızdırıb
deyim ki, bu döyüşçü,
milli, şahid-şəhid
şairimizin öz əsərləri “Xəzər
Universiteti Nəşriyyatı”
tərəfindən çap
olunmuş “Azərbaycan
Sevgi Poeziyası” toplusunun “Birinci kitab”ına daxil edilmişdir!..
“...mən varam!”
Bu, hansı
sualasa cavab, hansı harayasa hay deyil. Döşədöymə, özünüöymə də deyil. Sadəcə,
ətrafına milli bir səslənişdir.
Onun - onu maddi olaraq
tanıyıb, mənəvi
sarıdan tanımaq isəməyənlərə qarşı
şəxsi və ümummilli hayqırışıdır.
Bu gün bizim o günlər haqda bildiklərimizin və bilmədiklərimizin hamısını
yaxşı görüb-bilən
şair: “Nə qədər ki, hakimlik var, məhkumluq
var - mən varam! - deyir və bu misra-notanın
altından belə bir ərən-imza atırdı: Zülmə
qarşı üsyankaram,
əzilsəm də, susmaram!..”
Bu böyük
Azərbaycan oğlunu,
azman Turan cəfakeşini turançılığın
banisi hesab edənlər də var. Əlbəttə, əgər
bu sözə cəm şəkilçisi
(“lər”) artırılarsa,
bu qənaət qəbulediləndir. Yəni İsmayıl
bəy Qaspıralı
- Əli bəy Hüseynzadə - Əhməd
bəy Ağaoğlu üçbucağını dördbucaq
etmək şərtilə.
Dördüncü “bucaq”ın bani
özəlliyi isə
onun həm də poetik gözəlliyindədir. Yəni onun
çağdaşlarının, beş-on yaş böyük sələflərinin
nəsri sətirləri
yüzlərə, minlərə
çatırdısa, bu
təkrarsız döyüşçü-inqilabçı-siyasətçi
şairin misraları milyonları sarırdı.
“Çırpınırdın, Qara dəniz...” şeiriylə Türk dünyasının vəhdəti-əbədiyyət
himnini, “Sən olasan gülüstan, Sənə hər an can qurban, Azərbaycan, Azərbaycan!..” misralarıyla ümumazərbaycan
himnini, “Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram!” bəyanatıyla milli məğrurluq himnini yaradan bir yaradıcının baniliyi tədqiqatşünaslığın
boynuna yeni çaplı, yeni format-formullu bir banilik
termini kəşf etmək
borcu qoyur, zənnindəyəm.
Ötən yüzilliyin “37” damğalı
siyasi əzrayılının
qurbanı olmuş Əhməd Cavad əsrin ikinci yarısından etibarən
dirilməyə başladı.
İlk səsi uzun illərdi ki, Türkiyə radiolarında
imzasız səsləndirilən
“Çırpınırdın, Qara dəniz” mahnısının, nəhayət
ki, müəllif kimliyinin açması yaydı. Sonrakı səs-sədalar qeyrətli universitet müəllimlərindən, vicdanlı
şair-yazıçılardan, publisistlərdən gəldi.
Yavaş-yavaş öyrəndik ki,
bizim “Partbiletim sol cibimdə - ürəyimin
başındadır!” kimi
misralar yazan “baş” şairlərimizin
internasional ovqatlarını
təlx edən “naxoş” şairlərimiz
də varmış.
Asta-asta, busa-busa bəllədik ki, öylə şairi-zahidlərimiz
olub - barmağının
biri bala batırılmadığından, “dönüb həqdən qaçıb”lar, belələri
isə “sərpa soyulub”lar, ancaq həyata heyhat deyibən ağlamayıblar,
“məndən, səndən
ötən zərbə,
Vətən, Vətən,
sənə dəyməsin!”
deyə, açıq
alınlarını, qeyrət
sinələrini qurşunlara
tuş tutublar!..
Son söz?..
Sonsuzluğadək
yaşayası soydaşımız
haqda son söz?.. Bəli, amma indilik və mənlik. Özü də tam yeni yox, bir
qədər təkrar:
O, Qara dənizi Türkün bayrağına baxdırıb
çırpındıranda Xəzər də Azərbaycan türkünün
“Bir daha enməz!”ini
seyr edirdi. Onun dili:
“Dost elindən
əsən yellər
Mənə şeir - salam
söylər.
Olsun bizim bütün ellər -
Qurban Türkün bayrağına!”
deyəndə,
əlləri, beyni, zəkası öz evinin “üçrəngli”sini
qaldırmağa səy
edirdi. Olsun bütün düşmənlər
- Qurban Azərbaycan bayrağına! - arzu-umusuyla! O bayrağa
ki, bu gün
mavi Xəzər sahilində, gözəl Bakı buxtasında, Azad Azərbaycan yaxasında dünya üzrə analoqu olmayan ucalıq-urvatlıqda dalğalanır.
O bayraq ki, ilk ucaldıldığı günün
- Mayın 28-i ərəfəsində
bütün dünya xalqlarının nümayəndələri
- “Avrovizion”çular onun
da tamaşasına duracaq və həmin anlar ruhu ən çox
şad olanlar arasında Əhməd Cavad ən ön
sıralarda olacaq!..
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 18 may.- S. 13.