Gənc
istedadlarımız
Bizim uşaqlara ən çox verdiyimiz suallardan biri budur:
“Böyüyəndə nəçi olmaq istəyirsən?” Çox
vaxt eyni şablon cavablar eşidirik: polis, müəllim, həkim
və s. Amma bəzən fərqli düşünən
uşaqlara rast gəlirik və bu, bizdə maraq doğurur.
Onların kiçik yaşlarından müstəqil
düşüncəyə sahib olması bizi sevindirir.
Haqqında söhbət açmaq
istədiyimiz yeniyetmə də istedadı, fərdi xüsusiyyətləri
ilə seçilir. Yusif Yusifov paytaxtın Xəzər rayonunun
Binə qəsəbəsində 24 saylı uşaq musiqi məktəbində
təhsil alır. Musiqi sahəsini atasının istəyi ilə
seçsə də, bu istəyə bir balaca müdaxilə edə
bilib. Valideynləri onu fortepiano şöbəsinə
yazdırdıqları halda Yusif nəfəsli alətləri
seçib. Bu seçimdə ona pedaqoqlarının da köməyi
olub. 2007-ci ildə musiqi məktəbinə daxil olan Yusif ilk
günlərdən təcrübəli müəllim Vaqif Məmmədovun
rəhbərliyi ilə istedadını nümayiş etdirə
bilir. Rayon, şəhər və respublika səviyyəli tədbir
və müsabiqələrdə uğurla
çıxış edir.
İlk uğuru 2008-ci ildə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci
ildönümünə həsr olunmuş musiqi müsabiqəsində
qazanır, diploma layiq görülür. Bundan sonra uğurlar
bir-birini əvəz edir. 2011-ci ildə görkəmli
musiqiçi Rafiq Babayevin xatirəsinə həsr olunmuş
yaradıcılıq gecəsində solo ifa edərək bir
daha istedadını sübuta yetirir. Həmin il Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr olunmuş uşaq musiqi və
incəsənət məktəbi şagirdlərinin nəfəsli
və zərb alətləri üzrə II Respublika müsabiqəsində
yüksək səviyyədə çıxış etdiyinə
görə 1-ci dərəcəli diploma və müsabiqənin
laureatı adına layiq görülür. Yeniyetmə
ifaçının ötən il daha bir nailiyyəti iyun
ayında Rusiyanın Samara şəhərində
iştirakçısı olduğu MDB ölkələrinin
Uşaq Musiqi Akademiyasında qazandığı diplom olur.
Bu il yanvarın 21-29-da TÜRKSOY-un
Uşaq Simfonik Orkestrinin Türkiyənin Konya, Nigde və
Kayseri şəhərlərində konsertləri təşkil
edilib. Türkdilli ölkələrdən istedadlı
uşaqların yer aldığı orkestrə Yusifin də dəvət
edilməsi məktəb kollektivinin sevincinə səbəb
olmuşdu. Yusif məktəbin müəllimi Vaqif Məmmədovla
birgə Türkiyəyə gedərək orkestrin tərkibində
respublikamızı layiqincə təmsil edir.
Hazırda Yusif Xalq artisti Teymur
Göyçayevin uşaq və gənclərdən ibarət
simfonik orkestrində və Əməkdar incəsənət
xadimi Ağaverdi Paşayevin yaratdığı Dövlət
Uşaq Xalq Çalğı Alətləri orkestrinin tərkibində
uğurla çıxış edir. Aprel ayında Bakıda
keçirilən İslam dünyası gənclərinin
klassik musiqi ifaçılarının I Beynəlxalq
festival-müsabiqəsində 2-ci yerə layiq görülərək
nailiyyətləri sırasına daha birini əlavə edib.
Mayın 23-də isə Yusifin Gəncə şəhərində
solo konserti olacaq. Klarnet ixtisası üzrə V sinif şagirdi
olan bu istedadlı yeniyetmənin neçə-neçə
uğurları hələ irəlidədir.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 16 may.- S. 13.