Musiqidə yaşanan ömür

 

   Aqşin Əlizadə - 75

 

   1937-ci il... may ayı... Hazırda təsvirini yalnız ağ-qara kadrlardan və fotolardan izləyə bildiyimiz Bakı şəhəri... O dövrün adlandırılmasına əsasən Füzuli, hazırkı Zərgərpalan küçəsi... Həmin tarixə görə ziyalı ailəsində doğulmuş, bəlkə də adı belə qoyulmamış körpə, hazırkı zamanda Azərbaycan musiqi-mədəni həyatına verdiyi töhfələrlə özünü təsdiq etmiş, yaradıcılığı ilə böyük ad və nüfuz qazanmış görkəmli bəstəkar, professor tanınmış ictimai xadim Aqşin Əlizadə...

  

   Atası - Şərq klassik poeziyası və xalq musiqisinin gözəl bilicisi, ixtisasca iqtisadçı-mühəndis Əliqulu Əlizadə, anası - Azərbaycan Tibb Universitetinin normal anatomiya kafedrasının dosenti olmuş Pikə xanım Azərbaycanın əfsanəvi oğlu, igid kəşfiyyatçı, II Dünya müharibəsində faşizm əleyhinə “Müqavimət hərəkatı”nın iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısıdır.

   Aqşin Əlizadə: “Mən fəxr edirəm ki, əfsanəvi “Mixaylo” mənim dayımdır”.

   1955-ci il... Bakı şəhəri... Azərbaycan incəsənətinin “qızıl dövrü”... Məhz bu ildə gənc Aqşin bəstəkarlıq üzrə professional təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur.

   Ötən əsrin ortaları Azərbaycan musiqi incəsənətinin intibahı idi. Bu dövrdə musiqiyə qədəm qoyan gənc bəstəkarları, sözün əsl mənasında, xoşbəxt adlandırmaq lazımdır. Həmin dövrdə Aqşin Əlizadə yaradıcı nəslə qoşularaq artıq özünün ilk uğurlu addımlarını atmış və onun gələcəyinə böyük ümidlər bəsləyən müəllimləri - Qara Qarayev və Cövdət Hacıyevin gözləntilərini illər sonra doğruldacaqdı...

   1962-ci il, Moskva... Onun fortepiano musiqisi sahəsində ilk uğurlu əsəri - “Fortepiano sonatası” gənc bəstəkarların yaradıcılıqlarına Ümumittifaq baxışında uğurla səslənərək I dərəcəli diplomla təltif olunmuşdur.

   1966-cı il... Moskva, “Bəstəkarlar evi”... Respublikanın xalq artisti N.Rzayevin dirijorluğu ilə Azərbaycan Radio və Televiziyası Kamera Orkestrinin konserti... Burada gənc bəstəkar Aqşin Əlizadənin “Kamera simfoniyası”nın ilk ifası baş tutmuşdur. Əsər təkcə bəstəkar üçün deyil, Kamera orkestrinin tarixi üçün də əhəmiyyətli addım hesab edilir. Simfoniyaya görə bir il sonra Respublika Lenin komsomolu mükafatına layiq görülən bəstəkar Azərbaycanda bu mükafatı qazanan ilk sənətkarlardandır.

   Qara Qarayev: “Elə bəstəkarlar var ki, yaradıcılığa başladığı vaxtdan musiqi ictimaiyyətinin diqqətini özlərinə cəlb edə bilirlər. İnsan onların yaradıcılıqları ilə tanış olan andan qeyri -ixtiyari gəncliklərini unudub əsərin müəllifini ciddi yaradıcılıq meyarı baxımından qiymətləndirir. Azərbaycanın belə gənc bəstəkarları sırasına Kamera orkestri üçün simfoniyanın müəllifi A.Əlizadə daxildir”.

   Bu sözlər bəstəkara verilən ən yüksək yaradıcılıq qiymətlərindən biri idi.

   1968-1969-cu illərdə A.Əlizadə qələmini vokal janrda sınayaraq 10 xordan ibarət “Bayatılar” əsərini - Azərbaycan musiqisində müşayiətsiz xor üçün bayatı mətnli ilk silsiləni yazır və 1969-cu ildə Moskvada gənc bəstəkarların yaradıcılığına Ümumittifaq baxışda laureat adını qazanır.

   Özünəməxsus yaradıcılıq üslubu bəstəkarın vokal-simfonik əsərlərində də aşkar hiss olunur. Xor və simfonik orkestr üçün yazılmış “Azərilər”, “Təntənə”, “Ana torpaq” əsərlərini dinləyərkən dəst-xəttin Aqşın Əlizadəyə məxsus olmasını müəyyənləşdirmək çətin deyildir. “Azərilər” kantatası ilk dəfə 1975-ci ildə Niyazinin dirijorluğu ilə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Respublika Kapellası tərəfindən ifa olunaraq 1978-ci ildə Respublika Dövlət mükafatı qazanmışdır.

   Bəstəkarın növbəti möhtəşəm simfoniyası (III simfoniya) 1984-cü ildə Xalq artisti R.Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri tərəfindən sənətsevərlərə təqdim olunur. Bəstəkar milli dramaturgiya axtarışlarını IV simfoniyada davam etdirir. IV simfoniya 1984-cü ildə ilk dəfə Azərbaycan Dövlət Filarmoniyasında, sonra isə Qazaxıstanın Almatı şəhərində SSRİ Bəstəkarlarının Plenumunda, Moskva, Sankt-Peterburq, Səmərqənddə musiqişünasların VII Beynəlxalq simpoziumu çərçivəsində, habelə Polşanın bir sıra şəhərlərində uğurla ifa olunmuşdur. Hazırkı dövrdə İsveç dirijoru Simon Kamartin bəstəkarın bu simfoniyasının ən yaxşı təbliğatçılarından sayılır.

   Dağlıq Qarabağ münaqişəsi, xalqımızın üzləşdiyi faciələr 90-cı illərdə yazılmış əsərlərin mövzu və istiqamətinə də təsir etmişdir. A.Əlizadənin “Skripka konserti” ilk dəfə 1991-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Plenumunda səslənmişdir.

   Müstəqillikdən sonra, 2003-cü ildə keçirilən ilk müasir musiqi festivalı bəstəkarın növbəti - V simfoniyası ilə açılmış, 2008-ci ildə keçirilən “Qarayevsiz 25 il” festivalında “Skripka konserti” fərqli ifada - solist R.Əmrahov və dirijor Rauf Abdullayevin interpretasiyasında təqdim edilmişdir.

   Azərbaycan musiqi tarixində ilk epik-qəhrəmanlıq məzmunlu balet... “Babək”...

   Aqşin Əlizadə teatrın, rəqs sənətinin təbiətini duyan müəllifdir. Deməli, balet onun yaradıcılıq axtarışlarının müəyyən mərhələsinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. “Babək” bəstəkarın ilk səhnə əsəridir.

   Aqşin Əlizadə: “Lap gəncliyimdən iki obraz - qəhrəman kişi və lirik-poetik qadın obrazı yaratmaq arzum olub. Babək və Natəvan bu mənada mənim üçün ideal qəhrəmanlardır...“Babək”i 1971-ci ildə yazmağa başlamışam. 1986-cı ildə indiki Heydə Əliyev Sarayında tamaşaya qoyulub”.

   Premyera 20 may tarixində keçirilmişdir. Bu ərəfədə Opera və Balet Teatrında baş verən yanğın nəticəsində truppa çətin iş şəraitinə düşmüş, yalnız yaradıcı kollektivin dərin istək və professionallığı nəticəsində əsər səhnələşdirilmişdi. Bəstəkarın dərin simfonik partiturası tamaşanın musiqi rəhbəri və dirijoru Rauf Abdullayev tərəfindən yüksək səviyyədə dinləyiciyə çatdırılmışdır.

   Aqşin Əlizadə Türkiyədə yaşadığı müddətdə ikinci irihəcmli səhnə əsərini - “Qafqaza səyahət” baletini bitirir. 2002-ci ildə Bakıya qayıdan bəstəkarın bu əsəri yeni teatr mövsümünün ilk premyerası olaraq Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnələşdirilmişdir. Baletin süjeti çox aktualdır. Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olduğu dövrdə müəllif tarixə müraciət edərək XIX əsrdə bu torpaqlara səfər etmiş fransız yazıçısı Aleksandr Dümanın eyniadlı əsərinin motivləri əsasında balet yazır. Balet gözəl musiqi əsəri olmaqla yanaşı, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına xidmət edir.

   Bəstəkarın üçüncü baleti “Ümid valsı” adlanır. XX yüzilliyin əvvəllərində Bakıda baş verən hadisələrdən bəhs edən əsər 2008-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında müvəffəqiyyətlə səhnələşdirilmişdir.

   Aqşin Əlizadə 50-yə yaxın ekran əsərinə musiqi yazmışdır. Bu sıradan “Tütək səsi”, “Qızıl qaz”, “Üzü küləyə”, “Rəqiblər”, “Ötən ilin son gecəsi”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Mən sizi dünyalar qədər sevirdim” bədii, “Fitnə”, “Tülkü həccə gedir” multiplikasiya filmlərinə yazılmış musiqilərini qeyd etmək olar.

   Bəstəkarın “Nağıl başlayanda”, “Çinarın sirri”, “Fərhad və Şirin”, “Dirilən adam” tamaşalarına yazdığı musiqilər də sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb.

   Aqşin Əlizadə 1972-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası), 1974-cü ildən paralel olaraq Bəstəkarlar İttifaqında çalışır. 1985-1990-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik etmişdir. Bu dövrü təşkilatın tarixində məhsuldar və sözün yaradıcı mənasında “emosional” dövr adlandırmaq olar. Həmin illərdə xarici ölkələrdən dəvət edilmiş çoxsaylı musiqiçilərin iştirakı ilə 10 plenum, festival, simpoziumlar, “Üzü zirvəyə” devizli yeni musiqi günləri keçirilmiş, bütün bəstəkarların əsərlərinin səsləndirilməsi və çapına şərait yaradılmış, bəstəkarlarımızın müəllif konserti keçirmək ənənəsi bərpa edilmiş, xüsusilə gənclər şöbəsinə ayrıca diqqət göstərmişdir. Azərbaycan Televiziyasında aylıq “Xaqani 27” adlı veriliş təşkil olunmuş, İttifaqa “yaradıcılıq evi”, bir çox bəstəkar və musiqişünaslara dövlət mükafatı və fəxri adlar verilmişdir. Bir sözlə, həmin illərdə baş verənlər mədəni-ictimai həyata böyük töhfə idi.

   A.Əlizadə 1978-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına, 1986-cı ildə “Şərəf nişanı” ordeninə, 1987-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, 1997-ci ildə müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunub.

   Biz Aqşin müəllimi bəstəkar kimi tanıyır və qiymətləndiririk. Lakin eyni zamanda fəal ictimai xadim, həqiqət uğrunda fəal mübarizə aparmış bir insandır. Bəstəkarın illər öncə yazdığı məqalələrdə də bu günlə səsləşmə nəzərə çarpır: “Debüt”, “Böyük istedad”, “Bizim günlərin musiqisi”, “Müasir Azərbaycan mahnısı”, “Azərbaycan musiqisi: bu gün və sabah”, “Yaradıcılığa nə mane olur” və s.

   Müasir dövrdə Üzeyir bəy, Qara Qarayev məktəbini, sözün əsl mənasında, davam etdirməyə layiqli olan əsərlər az yaranır. Belə bir zamanda professionalı qeyri-peşəkardan seçə bilmək bacarığı bu gün üçün ümdə məsələlərdən biridir. Yaradıcılığı dövründə yüksək nəticələr əldə etməyə çalışan Aqşin Əlizadəni zaman özü haqqı olan yerdə əyləşdirdi.

   2012-ci il... Bakı şəhəri... Aqşin Əlizadənin dediklərindən: “...Mən razıyam ki, əsərlərimin qarşısında adımı pozub, xalqın adını yazsınlar. Təki bu əsərlər yaşasın...”

  

 

   Aybəniz Məmmədova,

   Musiqişünas, Ü.Hacıbəyli adına

  Bakı Musiqi Akademiyasının

  müəllimi və doktorantı

 

  Mədəniyyət.- 2012.- 18 may.- S. 11.