İşıqlı
şəhərin teatr mənzərəsi
Həsən Həsənov: «Mingəçevir
teatrında yeni nəfəs, yeni yaradıcılıq
ab-havası duyulmaqdadır»
1968-ci ildə təşkil edilən Mingəçevir
Dövlət Dram Teatrı bir il sonra Cəfər
Cabbarlının "Almas" pyesi ilə
tamaşaçıların görüşünə gəlib.
1974-cü ildən görkəmli sənətkar Mərziyyə
Davudovanın adını daşıyır. Ötən il
ölkə Prezidentinin sərəncamı ilə əsaslı
təmir-bərpa olunaraq teatrsevərlərin ixtiyarına verilən
sənət ocağının bu günü, repertuar siyasəti
və hazırkı teatr prosesinə inteqrasiya imkanları ilə
maraqlandıq. Teatrın direktoru, Əməkdar mədəniyyət
işçisi Həsən Həsənov öncə müasir
dövrün teatr tendensiyası barədə fikirlərini
bölüşdü:
- Azərbaycan teatrı bu gün
özünün yeni inkişaf mərhələsini
yaşayır. Teatrın məqsəd və məramında
yeni tendensiyalar müşahidə olunmaqdadır. Bu bir
aksiomadır ki, həyata keçirilən hər bir islahat
yeninin yaranmasına xidmət etməlidir. Əlbəttə, bu
prosesin həyata keçirildiyi vaxt təməlin, bazisin də
qayğısına qalmaq lazımdır. Bəzən bu proses nəticə
vermir. Əgər yeni tendensiya yaradıcısı kollektivin
şüurlu prinsipləri əsasında yaranarsa, nəzəri
və təcrübi cəhətdən əsaslandırılarsa,
sonuc ürəkaçan olacaq. Yox, əgər bu iş məcmuəsiz
forma axtarışına, sadəcə, tamaşaçı
istəyinə tabe edilərsə, nəticə acınacaqlı
olur. Bu, uzun bir prosesdir. Nəzərə alaq ki, hər
hansı teatr kollektivinin formalaşması və öz yolunu,
yaradıcılıq spesifikasını müəyyənləşdirməsi
bir mövsümün, ilin işi deyil. Aldadıcı
illüziyalarla yaradılan tendensiya müvəqqəti rəngdir.
"Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramından irəli gələn islahatlar
prosesi teatrlarımızda yaradıcılıq şəraiti,
iqtisadi durum yeni imkanlar açmaqla yanaşı, eyni zamanda yeni
sənət şərtlərinə cavab verən
tamaşaların yaradılması kimi şərtləri ortaya
qoyub. Bizə isə qalır işləmək, axtarmaq, orijinal
olmaq.
- Sadaladığınız məqamlar
arasında tamaşaçı, deyəsən, arxa planda
qaldı? Repertuar siyasətinizdə bu amil nəzərə
alınırmı?
- Hər teatr repertuar planı
hazırlayarkən, təbii ki, tamaşaçı amilini nəzərə
alır. Mingəçevir Dövlət Dram Teatrı 2012-ci il
üçün repertuar planı hazırlayarkən bölgə
tamaşaçılarının maraq dairəsində olan və
gənc nəsli tərbiyələndirəcək
mövzuları özündə əks etdirən əsərlərə
üstünlük verir. Eyni zamanda teatr yalnız yerli ədəbiyyat
nümunələri ilə kifayətlənməməli,
vaxtaşırı dünya ədəbiyyatına da müraciət
etməlidir. Bu, məncə, həm də aktyorların
formalaşmasına, teatrın inkişafına müsbət təsir
göstərir.
- Yeri gəlmişkən, gənclərin
Mingəçevir teatrına münasibəti necədir? Aktyor
heyətində gənclər nə dərəcədə yer
tutur?
- Binamızda aparılan əsaslı
təmir-bərpadan sonra, 2011-ci il mövsümündən
başlayaraq uğurlu premyeralar teatra marağı
artırmışdır. Şəhər ictimaiyyətinin rəyinə
əsaslanıb deyə bilərəm ki, Mingəçevir
teatrında yeni nəfəs duyulmaqdadır. Bu da teatra maraq
göstərən gənclərin fəaliyyəti nəticəsində
özünü büruzə verir. Buna görə bölgə
teatrlarını həmişə diqqət mərkəzində
saxlayan Mədəniyyət və Turizm Nazirliyinə minnətdarıq.
Artıq bir ilə yaxın müddətdir ki, Mingəçevir
Dövlət Dram Teatrının nəzdində “Ümid” teatr
studiyası yaradılmışdır. Studiyada həvəskar
gənclər paytaxtdan dəvət olunmuş səhnə
ustaları, İncəsənət Universiteti müəllimlərindən
aktyorluq sənəti, plastika və nitq mədəniyyəti dərsləri
alırlar. Teatrda hazırlanan tamaşalarda kiçik rollarda
çıxış edirlər.
- Bəs nəsil etibarilə
tamaşaçılarınızı əsasən hansı
qrupa bölmək olar?
- Qeyd etdiyim kimi, teatr repertuar
planı hazırlayarkən hər qrup tamaşaçı
maraqlarını nəzərə almağa
çalışır. Çox sevincli haldır ki, ötən
illərlə müqayisədə indi bizim teatra maraq bir qədər
artmışdır. Bu da teatr sahəsində aparılan
dövlət siyasətinin, 2009-2019-cu illər üzrə
Dövlət Proqramının müsbət nəticəsidir.
Region teatr binalarının əsaslı təmiri, maddi-texniki
bazanın yeniləşməsi mədəniyyətimizin
inkişafına təkan verir. Mingəçevir teatrında da
əsaslı təmirdən sonra yaradıcı kollektivə hər
cür şərait yaradılıb. Teatrın
tamaşaçıları arasında hər nəslin
nümayəndələri var. Biz də, uşaq və yeniyetmələrin
maraq dairəsində olan tamaşalarla yanaşı, orta və
yaşlı nəsli düşündürən,
zövqünü oxşayan tamaşalar hazırlamağa
çalışırıq.
- Azərbaycanın zəngin teatr ənənələri
var və bu, əyalət teatrlarında da özünü
göstərib. Həmin uğurları bu gün bərpa etmək
mümkündürmü? Bölgə teatrları ilə əlaqələriniz,
yaradıcı mübadiləniz necə, varmı?
- Teatr harada yerləşməsindən
və hansı auditoriya qarşısında
çıxış etməsindən asılı olmayaraq,
heç bir zaman əyalət və ya mərkəz
kateqoriyasına bölünməməlidir. Əyalətdə
yerləşən teatr iş prinsipini, fəaliyyət
mexanizmini elə qurmalıdır ki, onun üzərindən “əyalət”
ifadəsi götürülsün. Mən də paytaxt
teatrından bu sənət ocağına rəhbər təyin
olunarkən sırf bu məqsədə xidmət edəcəyimi
yəqin etdim. Amma bu, bir anda
olan məsələ deyil, heç olmasa 2-3 il
vaxt keçməlidir.
Uğurlu tamaşa məsələsinə
gəlincə, problem bu
gün mərkəzdən
aktyor nəslinin əyalətə gəlmək
istəməməyindən qaynaqlanır. Belə olduqda
biz məcburən yerli
studiyalara gələn
gənclərin potensialına
arxalanaraq onları aktyor kimi formalaşdırmağa
başladıq. Bunun üçün
də müəyyən
zaman lazımdır.
Axı aktyor birdən-birə yetişmir. Digər bölgə teatrları
ilə əlaqə məsələsinə gəlincə,
Mingəçevir teatrında
təmir müddətində
bir yaradıcılıq
sükutu hökm sürürdü. Təmirdən sonra artıq həm yaradıcı heyətdə, həm də tamaşaçılarda
yeni bir həvəs, canlanma hiss olunur. Qonşu teatrlarla əməkdaşlıq,
yaradıcılıq mübadiləsi
teatrın inkişafına
müsbət təsir
göstərir. Bu yaxınlarda
Sabit Rəhman adına Şəki
Dövlət Dram Teatrı
J.B.Molyerin «Jorj Donden, yaxud aldanmış
ər” tamaşası
ilə qonağımız
oldu. Paytaxt teatrları ilə
də sıx əməkdaşlıq edirik.
Gənc Tamaşaçılar
Teatrının aktyorlarından
Sərvər Əliyev,
Qəmər Məmmədova,
Natiq Fərzəliyev,
qrim ustası Vüsalə Abbasova və bir çox
tamaşalarda rəqslərə
quruluş verən Vüsal Mehrəliyevlə
tez-tez yaradıcılıq
mübadiləsi aparılır.
Bu köməkliyə görə Gənc Tamaşaçılar Teatrının
direktoru Mübariz Həmidova təşəkkürümü
bildirirəm.
- Aktyor potensialından danışdınız.
Bəs rejissura məsələsi
hansı səviyyədədir?
Siz də “dəvətli rejissor” modelinə arxalanırsınız?
- Kənardan rejissorlar dəvət edirik. Bu da bölgədə stajlı
və professional sənətkarların
azlığından irəli
gəlir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2011-ci ilin martında bir qrup yaradıcı insan Mingəçevir teatrına ezam olundu. Onların arasında rejissor
Bəhram Osmanov da vardı. N.Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” tamaşası
onun quruluşunda
2011-ci ilin mayında Mingəçevir tamaşaçılarına
təqdim olundu. Düzdür,
tamaşanı elə
bir yüksək səviyyədə oynamaq mümkün olmadı, çünki o vaxt teatrın yerləşdiyi
klubda lazımi işıq effektlərinin,
akustikanın olmaması
müəyyən problemlər
yaradırdı. Teatr binasının
əsaslı təmirindən
sonra isə bu tamaşa ən yüksək səviyyədə son texnologiyalı
işıq effektləri
və səhnə avadanlıqları ilə təchiz olunmuş səhnədə yenidən
oynanıldı. Bundan başqa,
Gənc Tamaşaçılar
Teatrının aktyoru
Sərvər Əliyevin
quruluşunda Əli Əmirlinin “Kişi və Qadın” komediyası hazırlanaraq
teatrsevərlərə təqdim
olundu. Bu fikrin davamı olaraq onu da
qeyd etmək istərdim ki, yaxın günlərdə
Bakıdan dəvət
olunmuş rejissor Sahib
Əliyevin quruluşunda
E.Filipponun “Ruhlar” komediyasının premyerası
nəzərdə tutulur.
Bununla paralel olaraq ərəb nağılı əsasında
İradə Gözəlovanın
quruluşunda “Min bir gecə” səhnə əsərinin məşqlərinə
start verilib. Bu tamaşanın premyerası
iyun ayının ikinci yarısına nəzərdə tutulub.
- Deməli, hər teatrın öz dəst-xətti var və onu
mütləq olaraq rejissor müəyyənləşdirir?
- Bəli, mən də bu fikirlə razıyam. Hər teatrın öz
yolu olmalıdır.
Teatr aləmində belə bir deviz
var: teatr tamaşaçını öz
arxasınca aparmalıdır.
Əks halda teatr öz
uğurlarını itirərək
tənəzzülə uğraya
bilər.
- Əksər
teatr direktorları yeni dramaturqlar nəsli və onların zamanla səsləşən əsərləri
sarıdan gileylidirlər.
Siz bu barədə nə fikirdəsiniz?
- Ədəbiyyatımızda,
dramaturgiyamızda zamanın
nəbzini tutan əsərlər az deyil. Yeni əsərlər də var, dramaturqlar da. Sadəcə olaraq, onları
axtarıb tapmaq və istiqamət vermək lazımdır.
Elə əsərlər də var ki, onlarda
maraqlı süjet xətti var, amma dramaturji texnikası yoxdur. Bu da bəzən
yeni əsərlərin
səhnədə quruluş
tapmasına tərəddüd
yaradır.
- Hazırda hansı yeni tamaşalar üzərində
çalışırsınız?
- Bu günlərdə
teatr binasında əsl bayram əhvali-ruhiyyəsi hiss olunurdu.
Buna səbəb M.F.Axundzadənin
200 illik yubileyinə həsr olunmuş “Can bizimkilər
” tamaşasının (dövlət sifarişi ilə) uğurlu premyerası idi. Bu tamaşa mütəfəkkirin
əsərlərindən seçilərək
kollaj halında teatrın baş rejissoru Günay Səttarovanın quruluşunda
hazırlanmışdır. Yeni mövsümdən isə
uşaqlar üçün
A.Şaiqin “Tıq-tıq
xanım” nağılının
səhnələşdirilməsi və türk dramaturqu T.Narın “Zibillik” pyesinin məşqlərinin başlanılması
nəzərdə tutulur.
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 18 may.- S. 7.