Zəngin
irsimizin saxlanc yeri
Muzeylərimiz tarix və mədəniyyətimizi təbliğ
edir
18
may Beynəlxalq Muzeylər Günüdür. 1977-ci ildə
Beynəlxalq Muzey Şurası (İnternational Council of Museums -
İCOM) tərəfindən təsis edilən əlamətdar
gün, dünyanın bir çox ölkələrində
olduğu kimi, Azərbaycanda da qeyd olunur. Respublikamızda muzey
işi maraqlı inkişaf yolu keçib. İlk dövlət
muzeyi 1919-cu ildə Bakıda (İstiqlal Muzeyi), ilk memorial muzey
isə 1940-cı ildə Şəkidə (M.F.Axundzadənin
ev-muzeyi) fəaliyyətə başlayıb.
Mədəniyyət və Turizm
Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin
Muzey işi sektorunun müdiri Azadə Hüseynovanın
sözlərinə görə, hazırda Azərbaycanda 255-dək
muzey fəaliyyət göstərir. Onların 210-u Mədəniyyət
və Turizm Nazirliyinə aiddir: “Bu sıraya 13 incəsənət,
7 ədəbiyyat, 13 tarix, 68 tarix-diyarşünaslıq, 6
döyüş şöhrəti, 44 ev-muzeyi daxildir.
Böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətini
işıqlandıran 54 muzey fəaliyyət göstərir.
Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, ayrı-ayrı
nazirlik və təşkilatların nəzdində müxtəlif
profilli və şəxsi muzeylər də var. Bu sırada
Milli Azərbaycan Tarixi, Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı, Kənd Təsərrüfatı muzeylərini
və s. qeyd etmək olar».
Azərbaycanda qoruq muzeylər də
fəaliyyət göstərir. Belə muzeylərə
açıq havada olan xüsusi memarlıq üslubuna malik
qeyri-adi tikililər, abidələr, məqbərələr, məbədlər
daxildir. Bu muzeylərin sırasında Şəki Xan
Sarayı, Şirvanşahlar Kompleksi, Möminəxatun türbəsi
və başqa abidələri misal çəkmək olar.
2009-cu il martın 22-də Prezident
İlham Əliyev respublikada fəaliyyət göstərən
muzeylərin inkişafı ilə bağlı sərəncam
imzalayıb. Sərəncama əsasən, muzeylər
üçün yeni binaların tikintisi, mövcud muzeylərin
əsaslı təmiri, ekspozisiyaların müasir tələblərə
uyğun bədii tərtibatı, onların maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
məqsədyönlü iş aparılır: «Lətif Kərimov
adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyi, İncəsənət Muzeyi, Dövlət
Musiqi Mədəniyyəti Muzeyinin və s.
kolleksiyalarının zənginləşdirilməsi məqsədilə
maraqlı eksponatlar nazirlik tərəfindən alınaraq
muzeylərə təqdim edilib».
Son bir il ərzində yaradılan və
təmir olunan muzeylər
Sektor müdirinin sözlərinə
görə, ötən
bir il ərzində
bir sıra regionlarda, məsələn,
Lerik, Şabran, Tərtər və Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Heydər
Əliyev mərkəzləri
yaradılıb: «Azərbaycan
Respublikası Prezidentinin
“Qobustan Milli Tarix-Bədii Qoruğu Muzeyinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında”
4 mart 2011-ci il tarixli sərəncamının icrası
məqsədilə qoruğun
yeni inzibati binasının interyerinin və ekspozisiya sahəsinin bədii tərtibatının həyata
keçirilməsi ilə
əlaqədar vəsait
ayrılmış, nazirlik
tərəfindən keçirilmiş
beynəlxalq müsabiqənin
qalibi olmuş Latviya Respublikasının
“Dd Studio” şirkəti
ilə müvafiq işlərin görülməsi
üçün müqavilə
bağlanılmış və
ilin sonunadək bütün işlər başa çatdırılmışdır.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 26 dekabr 2011-ci il tarixində
muzeyin açılışında
iştirak ediblər».
Genişlənən beynəlxalq
əlaqələr
Son illər
muzeylərimizin beynəlxalq
əlaqələri də
genişlənir, muzey
işi sahəsində
müxtəlif müqavilələr
imzalanır. Məsələn,
Mədəniyyət və
Turizm Nazirliyi və Avstriyanın Təhsil, İncəsənət
və Mədəniyyət
üzrə Federal Nazirliyi
arasında imzalanmış
mədəniyyət və
incəsənət sahələrində
2009-2012-ci illər üçün
əməkdaşlıq haqqında
anlaşma memorandumuna əsasən, 2011-ci ilin sentyabrında Azərbaycan
Milli İncəsənət
Muzeyində “İn
Between: Avstriya Müasir
İncəsənəti” adlı
sərgisi keçirildi.
Eyni zamanda sözügedən əməkdaşlıq
sənədində əsasən
2011-ci ilin noyabrında
Avstriyanın paytaxtı
Vyanada “Azərbaycan:
Nar Məkanı” (“Azerbaijan: Terra Granata”) adlı tədbir oldu. Sektor müdiri deyir ki, bu
tədbir “Nar bayramı”nın
Azərbaycan xalqının
qeyri-maddi mədəni
irs nümunəsi kimi UNESCO-nun reprezentativ siyahısına daxil edilməsi istiqamətində
görülən işlərdən
biridir: “Tədbirdə
nar mövzusuna həsr olunmuş Azərbaycanın xalq və dekorativ-tətbiqi sənət nümunələrindən
ibarət sərgi, pantomima tamaşası, gənc incəsənət
ustalarının çıxışları
oldu, nar məhsulları və nar mətbəxi nümayiş etdirildi, nar ornamenti ilə
bəzədilmiş kəlağayılar,
müxtəlif çap
poliqrafiya məhsulları
bayram iştirakçılarına
paylandı”.
Sektor müdiri ilin ən iri tədbirləri
sırasında İtaliyanın
paytaxtı Romada müxtəlif mədəniyyətlər
və dinlərarası
dialoqun təbliğ edilməsi məqsədilə
tarixi “İpək Yolu” üzərində olan ölkələrə
həsr olunmuş mədəniyyət və
innovasiyalar biennalesində
ölkəmizin iştirak
etməsini də qeyd etdi. 2011-ci il oktyabrın 20-də açılışı keçirilən
bienalledə Heydər
Əliyev Fondunun və Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi və təşkilatçılığı
ilə Roma Sivilizasiyası
Muzeyində ayrılmış
1000 kv m. sahədə
ölkəmizin tarixini,
mədəniyyətini nümayiş
etdirən “Azərbaycan
- Odlar Yurdu İpək Yolunda” adlı sərgi keçirildi.
Bundan başqa, Azərbaycan-Fransa
mədəni əməkdaşlığı
çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində
Fransa muzeylərinin
400-dən artıq tanınmış
əsərlərindən ibarət
sərginin keçirilməsi
də son bir ilin yaddaqalan hadisələrindəndir. Heydər Əliyev Fondunun təşəbbüsü
və dəstəyi, Mədəniyyət və
Turizm Nazirliyinin, Fransanın Mədəniyyət
və Kommunikasiya Nazirliyinin, Milli Muzeylər İctimai Birliyi-Böyük
Sarayının birgə
təşkilatçılığı ilə mart ayında açılan “Fransanın
inciləri. Fransız yaradıcılığı
Renessansdan XX əsrədək”
adlı sərgi iki ay davam etdi.
Bu ilin fevralında Milli İncəsənət Muzeyində
Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının
20-ci ildönümünə həsr olunmuş “Budonun Ruhu: Yaponiyanın
döyüş sənətinin
tarixi” adlı sərgi də beynəlxalq əlaqələrin
intensivləşməsinə nümunədir.
Respublika muzeyləri 2002-ci ildən başlayaraq ənənəvi “Muzeylər
gecəsi” aksiyasında
da iştirak edirlər. Sektor müdirinin sözlərinə
görə, Fransanın
Mədəniyyət və
Kommunikasiya Nazirliyindən
Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyinə daxil olmuş müraciətdə
Avropa məkanında geniş miqyasda “Muzeylər gecəsi” aksiyasının keçirilməsi
barədə məlumat
verilib və muzeylərimizin bu tədbirə qoşulması
təklif edilib: “Geniş tamaşaçı
kütlələrinin muzeylərə
cəlb edilməsi, muzeylərdə saxlanılan
milli sərvətlərimizin
təbliğ edilməsi
məqsədilə respublikanın
şəhər və
rayon muzeylərində "Muzeylər gecəsi" tədbiri hər il yüksək səviyyədə keçirilir.
Axşam
saatlarında tamaşaçılar
üçün muzeylərə
sərbəst giriş
şəraiti yaradılır,
muzeylərin profilinə
uyğun olaraq kütləvi tədbirlər
keçirilir. Bu il də “Muzeylər
gecəsi” aksiyası mayın 22-də keçiriləcək».
Mehparə
Mədəniyyət.-
2012.- 18 may.- S. 6.