Tarixi yaşadan məkanlar
Milli-mənəvi dəyərlərimizə diqqətin
artdığı bir dövrdə muzeylərimizə olan
qayğı da göz qabağındadır. Ulu öndər
Heydər Əliyevin sözləri ilə desək, “muzeylər
görkəmli insanların varlığından xəbər
verən tarixin yaşadıcısıdır”. Bakı şəhərindəki
muzeylərdən biri də 1986-cı ildən fəaliyyət
göstərən Azərbaycan Təbabəti Muzeyidir.
Muzey 1889-cu ildə tikilən və
maraqlı arxitektura nümunəsi olan binada yerləşir.
1914-1917-ci illərdə burada Nəriman Nərimanovun
başçılıq etdiyi Qaraşəhər müalicəxanası
fəaliyyət göstərmişdir. Muzeydə qədim
dövrlərdən başlayaraq Azərbaycanda tibb və səhiyyənin
inkişafı öz əksini tapmışdır. Burada qədim
və orta əsrlərdə yaşayan tibb xadimləri,
respublikamızda mövcud olan xəstəxanalar, tibb müəssisələri,
görkəmli həkimlərimiz haqqında məlumat almaq
mümkündür. Yəqin ki, keçən əsrin
sonlarında Peterburq Hərbi Tibb Cərrahlıq
Akademiyasında təhsil alan Əbdülkərim Mehmandarovun,
Fransada iki fakültə bitirmiş Bəhram Axundovun,
1893-cü ildə alman dilində dissertasiya müdafiə
etmiş Əbdülxalıq Axundovun adı çoxlarına
tanış deyil. Azərbaycanda tibb elminin inkişafında
Y.Y.Gindes, Ə.Qarayev, İ.Qədirli, N.Nərimanov,
M.N.Mirqasımov, M.A.Topçubaşov və
başqalarının misilsiz xidmətləri olmuşdur. Muzeydə
bütün bu sadalanan şəxslərə stendlər həsr
olunmuşdur. Stend və vitrinlərdə onların
diplomları, əsərləri, fotoşəkilləri, şəxsi
əşyaları nümayiş etdirilir.
Ekspozisiyada qadın həkimlərimizə
- S.Vəlixan, Q.Əmiraslanova, A.Əhmədbəyova,
L.Şaxtaxtlı, A.Şaxtaxtinskaya və C.Sultanovaya həsr
olunmuş guşələr də maraqlıdır. Azərbaycan
Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri X.Rəfibəyovun,
Azərbaycan Dövlət Universitetinin ilk azərbaycanlı
rektoru T.Şahbazinin fəaliyyətlərindən bəhs edən
stendlər isə yeni təşkil olunub. Muzeydə ayrı-ayrı
mövzulara dair maket-diaqramlar ekspozisiyanı daha da zənginləşdirir,
buraya gələnlərin marağına səbəb olur.
Muzeyin fəaliyyəti yalnız
buraya gələnləri eksponatlarla tanış etməklə
bitmir. Bu mədəniyyət ocağında ayrı-ayrı
tibb xadimlərinin yubileylərinə həsr edilmiş sərgilər,
görüşlər keçirilir, ekspozisiya yeni materiallarla zənginləşdirilir.
Dövlətimizin bu sahəyə diqqəti, ölkəmizə
gələn turistlərin çox olması hər birimizin
işə olan marağını artırır və daha məsuliyyətlə
çalışmağa sövq edir.
Səadət
Cəbrayılqızı,
Azərbaycan
Təbabəti
Muzeyinin
elmi işçisi
Mədəniyyət.-
2012.- 18 may.- S. 6.