Musiqili Komediya Teatrında
“Kimyagər”
Mirzə Fətəli Axundzadə klassikasına yeni
baxış
Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə Musiqili Komediya
Teatrında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli
Axundzadənin 200 illik yubileyi münasibətilə ədibin
«Hekayəti-Molla İbrahimxəlil Kimyagər» komediyası əsasında
«Kimyagər» tamaşası hazırlanır.
Tamaşanın quruluşçu
rejissoru Əməkdar incəsənət xadimi Bəhram
Osmanov, libretto müəllifi Əjdər Ol, bəstəkarı
Xalq artisti Siyavuş Kərimidir. Rolları Xalq artisti Afaq Bəşirqızı,
Əməkdar artist Əkbər Əlizadə, Ramil Qasımov,
Əzizağa Əzizov, Elxan İsmayılov, Ələkbər
Əliyev, Məhərrəm Qurbanov, Novruz Əliyev, Əliməmməd
Novruzov və digərləri ifa edəcəklər. Hazırda
tamaşanın qızğın məşqləri gedir. Biz də
yolumuzu teatrdan salıb, məşq prosesini izlədik. Rejissor,
bəstəkar və tamaşada rol alan aktyorlar, texniki heyət
bir araya cəm olmuşdu. Kimi rolu üzərində məşq
edir, kimi tamaşanın rəqs həlli üzərində
işləyirdi. Tamaşanın böyük ədibin 200 ilik
yubileyi münasibəti keçiriləcək festivalda
nümayiş olunacağını nəzərə alan
yaradıcı heyət səhnə əsərinin
baxımlı alınması üçün böyük səy
göstərir.
Rejissordan tamaşa barədə məlumat
verməsini xahiş etdik. “Hər bir yeni pyesi hazırlamaq yeni
üslub, yeni janr, yeni səhnə əsəri tapmaq deməkdir.
Mənim üçün bu, çox çətin
tamaşadır, - deyə B.Osmanov sözə başladı. -
Axundzadə yaradıcılığına İncəsənət
Universitetində tədris vaxtı daha çox müraciət
etmişəm. 12 il əvvəl Gənc Tamaşaçılar
Teatrında ədibin «Hacı Qara» pyesini
hazırlamışam. «Hekayəti-Molla İbrahimxəlil Kimyagər»
isə Azərbaycan teatrında az səhnələşdirilmiş
bir əsərdir. Bu tamaşa musiqili komik buffonadadır.
Buffonda olduğu üçün aktyorlardan fiziki
hazırlıq da tələb edir. Teatrın aktyorları isə
ənənəvi operettalarda oynamağa vərdiş ediblər.
Bu üzdən müəyyən çətinliklərin
olması təbiidir”.
Artıq çətinlikləri
geridə qoyduqlarını deyən rejissor bildirdi ki,
hazırda musiqi üzərində iş gedir: «Musiqili Komediya
Teatrının aktyorlarının üzərinə ikiqat
yük düşür. Oynaya-oynaya oxumaq çətindir. Həmçinin
də Axundzadə yaradıcılığını bu teatra gətirmək
böyük məsuliyyətdir. Çünki indiyədək
Musiqili Komediya Teatrında ədibin ancaq «Hacı Qara» əsəri
tamaşaya qoyulub. «Kimyagər» iyun ayında keçiriləcək
teatr festivalında oynanılacaq və bu bizim üçün
ikiqat məsuliyyətdir. Çünki səhnə əsərinə
teatr biliciləri baxacaq. XXI əsrdə Axundzadə
dramaturgiyasına yanaşmaq çətindir. Bu tamaşada əsas
məqsədimiz gülüşü deyil, aktyorların oyunu
ilə düşündürmək vərdişini
çatdırmaqdır».
Rejissor bildirdi ki, baş rolu (Kimyagər)
Afaq Bəşirqızına həvalə etməsi də təsadüfi
deyil. Son illər daha çox satirik rollar ifa edən aktrisa
üçün bu yeni obraz olacaq.
Xalq artisti baş rolun həm
maraqlı, həm də çox məsuliyyətli olduğunu
dedi: “Artıq üç aydır bütün fiziki
gücüm, beynim bu obrazla çalışır. Təzə
yazılmış pyes olanda fikir mübadiləsi aparır, nəyi
isə dəyişirsən. Amma bu, Axundzadə klassikası, həm
də festival tamaşasıdır. Molla İbrahimxəlil
dönür olur Kimyagər, Kimyagər rolunda da Afaq Bəşirqızı.
Tamaşanın sonuna qədər tamaşaçılar onun
kişi və ya qadın olmasını maraqla gözləyəcəklər.
Son monoloqda isə onun kim olduğu aşkar olunacaq. Etiraf edim
ki, bu roldan qorxuram. Bu, Bəhram Osmanovla ilk işimizdir. Lakin mənə
çox təskinlik verir. Tamaşanın festivalda təqdim
olunacağı məsuliyyətimi bir az da artırır.
Çünki çox önəmli festival olacaq. Bu bizim tarixə
qayıtmağımız, özümüzü təsdiq etməmizdir.
Axundzadənin 200 illik yubileyinə həsr olunmuş festival hər
bir yaradıcı insanın çiyninə məsuliyyət qoyur.
Bir növ yaradıcılıq rəqabəti olacaq”.
Ağa Zaman rolunu ifa edən Ələkbər
Əliyev isə tamaşanın teatrsevərlər tərəfindən
bəyəniləcəyinə əmindir: «Tamaşadakı
bütün obrazlar varlanmaq, asan pul qazanmaq istəyirlər.
Hamısı borca girərək, Kimyagərin yanına gedib ona
pul verərək gümüş istəyirlər. Axundzadə
dili, Siyavuş müəllimin gözəl musiqisi, Bəhram
müəllimin yeni yozumu maraqlı səhnə əsərinin
meydana çıxmasına səbəb olub. Mən deyərdim
ki, Musiqili Komediya Teatrı tarixində bu üslubda tamaşa
hazırlanmayıb. Tamaşaçılar üçün bir
sürpriz olacaq. Mən özüm ilk dəfədir ki, Axundzadənin
əsərində oynayıram».
Məşədi Cabbar rolunun
ifaçısı Novruz Əliyev də bu obrazın onun
üçün yeni olduğunu dedi: “Vaxtilə mən bu
tamaşanı 60-cı illərdə Akademik Milli Dram Teatrında
Ağadadaş Qurbanovun ifası ilə görmüşəm.
Hamımıza maraqlı oldu ki, bu tamaşa bizim teatrda necə
alınacaq. Çünki bu əsər komediya deyil,
tragikomediyadır. Amma çox maraqlı tamaşa
alındığını görürük. Siyavuş Kəriminin
musiqisi hər obrazın iç üzünü açır.
Tamaşada Kimyagər hamımızı aldadacaq. Tamah
üzündən insanların başına çox müsibətlər
gəlir. İstəyirəm ki, tamaşaçılar bu əsərə
çox diqqətlə baxsınlar və müəyyən məqamlardan
nəticə çıxarsınlar. Tamaşaçılar səhnədə
bəsit gülüşə öyrəşiblər. Bu əsər
isə onları çox təəccübləndirəcək”.
Sonda qeyd edək ki, “Kimyagər”in premyerası iyunun 8-də olacaq.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2012.- 18 may.- S. 5.