52
il səhnədə - «Talelər qovuşanda»
Yarım əsrdən çoxdur ki, səhnədə
Rauf Hacıyevin ölməz musiqisinin sədaları altında
talelər qovuşur. Rauf Hacıyev, Faiq Zöhrabov, Elxan
Ocaqovun birgə sənət əsəri olan “Talelər
qovuşanda” tamaşaçıları hər dəfə heyrətləndirir
və sevindirir.
Mayın 15-də Azərbaycanın
və SSRİ-nin Xalq artisti, görkəmli bəstəkar Rauf
Hacıyevin 90 illik yubileyi ilə bağlı Musiqili Komediya
Teatrının yaradıcı heyəti Dövlət Rus Dram
Teatrının səhnəsində bəstəkarın
“Qonşular” (“Romeo mənim qonşumdur”) əsəri əsasında
hazırlanan «Talelər qovuşanda» operettasını
nümayiş etdirdi.
Tamaşadan əvvəl Azərbaycan
Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq
namizədi Lalə Hüseynova çıxış edərək,
Rauf Hacıyevin çoxşaxəli
yaradıcılığı barədə
iştirakçılara məlumat verdi. Qeyd etdi ki, bəstəkar
yeddi operettanın müəllifidir və operettalar arasında
“Qonşular” (“Talelər qovuşanda”) xüsusi yeri olan bir əsərdir.
Bu operetta 52 il bundan əvvəl, 1960-cı ilin iyun ayında
ilk dəfə Musiqili Komediya Teatrında səhnəyə
qoyulur və ilk tamaşadan o qədər böyük uğur
qazanır ki, tez bir zamanda onun sorağı Moskvada eşidilir.
Həmin ilin dekabrında bu gözəl əsər
Moskvanın Operetta Teatrında “Talelər qovuşanda” adı
ilə tamaşaya qoyulur və bəstəkarın məşhur
“Sevgilim” mahnısı da bu tamaşaya daxil edilir. Bu günə
kimi 70 teatrın səhnəsində nümayiş olunan “Talelər
qovuşanda” Bolqarıstanda, Polşada dəfələrlə
tamaşaya qoyulub. 1963-cü ildə Şamil Mahmudbəyov bu əsəri
ekranlaşdırır və rejissorun böyük kinoda ilk
müstəqil işi olan “Romeo mənim qonşumdur” filmi
milyonlarla tamaşaçının rəğbətini
qazanır.
Lalə Hüseynova
çıxışında onu da qeyd etdi ki, nümayiş
olunacaq operetta 10 ilə yaxın səhnədə olan
tamaşanın yeni versiyasıdır.
Beləliklə, pərdələr
açıldı, tamaşaçılar birbaşa ötən
əsrin 60-cı illərinə düşdülər...
Tamaşada əməkdar artistlər
Xanım Qafarova, Nərgiz Kərimova, aktyorlar Novruz Qartal, Məhərrəm
Qurbanov, Emil Heydərov, Emma Məlikova, Ülviyyə Əliyeva
və başqa aktyorların ifaları təbiiliyi, həyatiliyi
və dinamikliyi ilə yadda qaldı.
Uzun illərdir Musiqili Komediya
Teatrının repertuarında yer alan «Talelər qovuşanda»
tamaşasının nümayişi bir daha sübut etdi ki, bu əsərin
səhnə ömrü hələ uzun illər davam edəcək.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 18 may.- S. 5.