Gənc
musiqiçi beynəlxalq müsabiqənin
qalibi olub
Abşeron rayonu Xırdalan şəhər
uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə
VII sinif şagirdi Atabala Manafzadə Türkiyədə
keçirilən “Pera” beynəlxalq piano müsabiqəsində
qalib olub. İstanbul şəhərində təşkil olunan
müsabiqədə Azərbaycanla yanaşı, Rusiya,
Çin, Kipr, Türkiyə və Yunanıstan təmsilçiləri
iştirak edib.
Mayın 7-də başlayan
müsabiqə bir həftə davam edib. Üç yaş
qrupu üzrə istedadlar əcnəbi və türk bəstəkarlarının
əsərlərini səsləndiriblər. Təmsilçimiz
II yaş qrupunda (13-16 yaşlılar) çıxış
edib. A.Manafzadənin məharətlə ifa etdiyi
İ.S.Baxın “Prelüd və Fuqa”, K.Çerninin “Etüd”,
V.A.Motsartın “Sonata”, F.Listin “Sonet”, A.Skryabinin “Prelüd”,
Ü.C.Erkinin “Ağlama yar, ağlama”, “Oyun” əsərləri
münsiflər tərəfindən yüksək qiymətləndirilib
və yeniyetmə musiqiçi müsabiqənin I dərəcəli
diplomuna layiq görülüb. Təmsilçimiz müsabiqədə
A.Skryabinin əsərinin ən yaxşı
ifaçısı nominasiyasında da qalib olub.
Qeyd edək ki, A.Manafzadə bu ilin
mart ayında adı Azərbaycanın gənc
istedadlarının “Qızıl kitabı”na salınmaqla Azərbaycan
Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə
layiq görülüb.
Ceyhun
Mədəniyyət.-
2012.- 18 may.- S. 4.