Butanın
məqamı, məkanı, ünvanı...
Müsahibimiz AMEA-nın Folklor
İnstitutunun böyük elmi işçisi, filologiya üzrə
fəlsəfə doktoru, dosent Şakir Albalıyevdir.
-
Şakir müəllim həyatın və əbədiliyin
simvolu sayılan butanın sirri nədir? İstərdim, söhbətimizə
elə bu məqamdan başlayaq...
- Xalq təfəkküründə
buta anlayışına münasibət də,
folklorşünas və etnoqraflarımızın bu məsələyə
baxışları da rəngarəngdir. Elə butanın
özü kimi çoxçalarlı, əlvan
naxışlıdır. Ona görə ki, butanın rəmzi
qatlarında çox sirlər gizlənib. Bu sirlər mifik təfəkkür
dünyasından qaynaqlandığına görə, ilk
növbədə, əski çağların fikir
palitrasına baş vurmalıyıq. Özü də təkcə
butanın rəmzi mahiyyətini çözələməklə
məsələni məhdudlaşdırmaq olmaz, «buta»
sözünün daşıdığı leksik məna
çalarlarını da buraya daxil etmək vacibdir.
Düzdür, bu barədə də müəyyən fikirlər
mövcuddur, amma hələ də tam mənası ilə bu
sözün özülünü açıqlaya bilməmişik...
Nizami Gəncəvi, Xaqani, Füzuli, Xətai və başqa
klassiklərimizin öz əsərlərində buta məsələsinə
poetik münasibət bildirmələrini, butanı aşiqlərə
müxtəlif obrazların (Xosrova babasının, yaxud digər
aşiqlərə «hatif»dən gələn səsin, ya
Xızırın ilham verməsi, eşq badəsi içirməsi
və s.) verməsini də buraya qatsaq, onda butanın
özlüyündə nə dərəcədə zəngin
xallar daşıdığını təsəvvür edə
bilərik.
Buta deyiləndə təsəvvürümüzdə
qız-gəlinlərimizin geyimlərində, cehizlik əşyalarında
təsvirini tapmış naxışlar canlanır. Buta deyiləndə
məhəbbət dastanlarımızda gənclərə
içirilən eşq badəsinin vasitəsilə buta -
sevgili, nişanlı obrazı verilməsi (göstərilməsi)
xəyalımıza gəlir. Lakin görkəmli
folklorşünasımız Məmmədhüseyn Təhmasib
haqlı olaraq buta - sevgili məsələsinə daha geniş
çevrədən yanaşır. Alim təkcə məhəbbət
dastanlarımızda aşiqlərə röyada verilən haqq
aşiqliyini, butanı nəzərdə tutmaqla buta
sözünün məna arealını daraltmır, həmçinin
qəhrəmanlıq dastanlarımız da daxil olmaqla,
ümumiyyətlə, sevgilini - qız qəhrəmanı buta
adlandırır. Bu sevgili - buta aşiqə (oğlana) yuxuda da
verilə bilər, göbəkkəsmə də ola bilər,
oğlan qızın sorağını eşidib, ya da şəklini
görüb vurula bilər, ya «Valeh-Zərnigar»
dastanındakı kimi, aşıq kimi deyişməklə
müsabiqə, ya Ərəbzəngi obrazındakı kimi
güləşməklə (döyüş yolu ilə)
öz sevgilisini - butasını ala bilər. Habelə «Kitabi-Dədə
Qorqud», «Koroğlu» və başqa qəhrəmanlıq
dastanlarımızdakı Selcan xatun, Banıçiçək,
Nigar xanım, digər qəhrəman qadınlarımız da
öz həyat yoldaşları üçün sevgili -
başqa sözlə, buta obrazını təmsil edirlər.
Bax, bu baxımdan yanaşanda butanın - sevgili qız (qadın)
obrazının nə qədər müxtəlif, rəngarəng
funksiyalarla yükləndiyi məlum olur.
Buta almaq qəhrəmanın daxili
aləmini kökündən dəyişdirir. Belə ki,
Qurbani əmisindən aldığı iki öküzün
birini canavara verir, «Abbas-Gülgəz»də molla yanında
şagird olan Abbas yazıb-oxumağı bacarmayan əfəl
bir gəncdir. «Aşıq Qərib»də Qərib ata
malını kefə, əyləncəyə xərcləyib
uduzur və s. Bu kimi aciz keyfiyyətləri ilə seçilən
aşiq obrazlarına - Qurbaniyə mağarada, Abbasa bağda, Qəribə
atasının qəbri üstündə yatarkən dərviş,
ya Xızır, ya Əli (ya da qeybdən gələn sehrli səs
sahibi) eşq badəsi içirir, gözəl qız - sevgili
göstərib buta verirlər.
Mənəvi
dünyanın sakinləri
- Dastanlarımızdakı buta qəhrəmanları
əvvəlcə aciz, əllərindən iş-güc gəlməyən
gənclər olsalar da, buta alandan sonra yenilməz bir qəhrəmana
çevrilirlər...
- Məncə, bu
fağırlığın - acizliyin arxasında haqqa -
ruhaniyyata mənəvi bağlılıq teli dayanır. Belə
ki, həmin buta alacaq gənclər elə əvvəlcədən
- xilqətən maddi dünya malına bağlanacaq adamlar
deyillər. Çünki fərasət, fəndgirlik real
dünyanın - maddiyyat aləminin xarakterik keyfiyyətidir.
Ancaq həmin aşiqlər - buta almışlar isə haqq
vergili, haqq aşiqləri kimi bilavasitə mənəvi
dünyanın sakinləridirlər və sevgi - eşq hissi də
ülvilik daşıyıcısı olmaqla ruhani keyfiyyəti
özündə əks etdirir. Bu, bir əlamət.
Digər tərəfdən, o,
aşiqlərdən birinin mağarada, o birisinin bağda,
başqa birisinin isə atasının qəbri üstündə
yatmaqla röyada eşq badəsi içirilib buta almaları da
mahiyyətcə eyni müstəvidə hadisələrin cərəyan
etməsindən xəbər verir. Belə ki, mağara bir məkan
kimi o dünya ilə bu dünyanın ortaq sərhədi
olmaqla xaotik bir yeri işarələyirsə,
bağ-bağça ətirli-güllü cənnət aləminin
ünsürü olmaqla yenə bu dünya ilə axirət
evinin ortaq cəhətlərini birləşdirən məkanı
ümumiləşdirir. Atasının qəbri üstündə
yatan Qəribin də buta aldığı məkan elə
birbaşa göründüyü kimi, yeraltı dünya sakinlərinin
- ölülərin ruhlarının uyuduğu, eyni zamanda dirilərin
də gəlib ziyarət elədiyi gorgah yeridir ki, bu da
özlüyündə hər iki dünyanın ortaq məxrəcinin
ünvanıdır. Başqa sözlə, aşiqlərə
buta xaotik, o dünya ilə bu dünyanın kəsişdiyi
bir məkanda və eyni zamanda o dünya ilə bu
dünyanın kəsişdiyi bir məqamda - zaman müstəvisində
verilir. Bütün buta alan aşiqlər butanı məhz belə
bir xaotik məqamda - o dünya ilə bu dünyanın
arasında kliniki ölümə bənzər zaman
situasiyasında almış olurlar. Demək, yuxarıda qeyd
etdiyim kimi, aşiqlərin fağırlığı - acizlikləri
onların bu dünyaya bağlı olmadıqlarından irəli
gəlirsə, onların aşiqlik məqamına yetişmə
anı da bu dünyadan təcrid olunduqları zaman - yuxuda
baş verir. Bu, digər xarakterik cəhət.
Aşiqlərə badə
içirib buta verən müqəddəs obrazlar da - nurani dərviş,
Xızır, Həzrəti Əli, ya hatif (qaibanə səs)
obrazları da - eyni missiyanı yerinə yetirməklə bir
müstəvidə birləşirlər. Bu keyfiyyət də
buta vermənin növbəti ümumiləşdirici cəhətidir.
- Dastanlarımızda buta alan
aşiqlər barəsində «göz evi örtülü,
könül evi açıq”dır deyirlər. Bu ifadənin
yozumu necədir?
- Dastan dili ilə desək, «Yusifi
Züleyxaya yetirən badələrdən olan» eşq
camını aşiqlərə «göz evi örtülü,
könül evi açıq olan» vaxtlarda içirdirlər ki,
burada da göz evinin - cismaniyyəti ifadə edən
gözün yumulu - qapalı olduğu zaman məsələsi
diqqətə çəkilir. Eyni zamanda könül evinin
açıq olması isə onu bildirir ki, könül ruhaniyyət
aləminin ifadəçisidir; yəni aşiqi bu dünyaya
bağlayan cisminin gözü bu dünyadan təcrid olunub
örtülü olduğu və ruhlara xas olan könül
qapısının açıq olduğu zamanda aşiqə
eşq badəsi nuş etdirilir. Eşq badəsini nuş edən
aşiqin sinəsi dəmirçi kürəsi kimi yanır və
«Ağa dərviş, yandım, əlac et» deyə fəğan
edir. Beləcə, bir neçə gün keçir,
ağzından köpük gələn aşiqin dərdindən
baş aça bilməyib «ilan vurub», «cin vurub», «vurğun
vurub» və s. kimi yanlış yerə yozurlar. Əlbəttə
ki, xaotik aləmdə vergi almış gənci - aşiqin
sirrini bu dünya adamları birdən-birə anlayıb dərk
edə bilməzdilər. Ona görə də təsadüfi
deyildir ki, qəflət yuxusundan oyanan haqq aşiqi istər-istəməz:
«Dərdimi dillə desəm, dilim yanar, mənə bir saz verin»
deyərək, vəziyyətlərini açıb
danışırlar. Özü də çox vaxt sazbənd
dükanının bir tərəfində atılıb
qalmış heç kəsin çala bilməyəcəyi
qeyri-adi sazı istəyib, həmin sazı çalmaqla həm
də butasını bu yolla xəbərdar edir.
Dastanlarımızda deyildiyi kimi, «indiyədək əlindən
heç bir iş gəlməyən Qurbani butanın
gücü ilə aşiq, badənin gücü ilə
aşıq olur».
Dirilik haqqı və ya ruhi-mənəvi aləmi təzələnmiş
aşiq
- Yuxuda fövqəltəbii
qüvvələr tərəfindən buta alan aşiqlərin
ayılarkən ağır vəziyyətdə olması
faktının da üstündən sükutla keçmək
olmaz...
- Buta verilən aşiq həmin
anlarda xaotik bir durum keçirir, ölümlə olum
arasında ekstaz vəziyyətə düşür, bir
növ, şamanlıq ayinlərinə bənzər bir
halı öz cisminin - ruhunun dövriyyəsindən keçirir.
Başqa sözlə, bu dünyadan müvəqqəti təcrid
olunub, o biri dünyanın müsafirlərinə xas olacaq bir
halətə gələn aşiq «cin vurma», «vurğun vurma» dərəcəsinə
yetişir. Görkəmli folklorşünas Məhəmmədhüseyn
Təhmasib “vurğun vurmaq” ifadəsinə nəzərən
«vurğun» ifadəsinin eşq pərisi, məhəbbət məbudu
olduğu fikrini irəli sürür və vurulmaq - aşiq
olmaq mənasının da buradan törədiyini deyir. Lakin
unutmayaq ki, «cin vurmaq», ya «vurğun vurmaq» ifadələri tibbi
dildə işlənən komaya düşmək, ya
ağır stress - sarsıntı keçirmək, kliniki
ölüm halına düşmək və s. kimi bu tipli
ağır xəstəliklərin el arasında işlənən
variantlarıdır.
- Yəni ölüm həddinə
yetişən aşiq təzədən dirilik haqqı
qazanıb haqq aşiqliyi statusuna yiyələnir.
- Bəli, məhz bununla da ikinci bir
ömür - mahiyyətcə yeni bir həyat qazanan gənc
öz əvvəlki ömrünü də itirib, yerinə
başqa bir mənəvi cəhətdən fərqlənən
dünya qurur: ruhi - mənəvi aləmi təzələnmiş
bir aşiq simasında təcəlla tapır. Məhz xaotik vəziyyətə
düşməkdən yararlanan aşiq obrazı yeni bir simada
təcəssümünü tapır. Elə bu mühüm
keyfiyyətini qazandığı üçün də
professor M.Təhmasib qeyd edir ki, buta qəhrəmanın daxili
aləmini dəyişdirir, hətta dastanlarımızdakı
bu tipli qəhrəmanların butadan əvvəlki mənliyi ilə
sonrakı mənliyi ziddiyyət təşkil edir. Bəli,
bunun sirri buta verilmiş aşiq obrazının mənəvi
baxımdan ölüb-dirilmə mərhələsindən
keçib-getməsilə izah olunmalıdır. İkinci tərəfdən
isə, müasir dövrlə əlaqədə götürsək,
belə deyə bilərik ki, eşq - sevgi ülvi dəyər
olduğundan müqəddəs bir duyğu kimi insanın daxili
aləmini söküb təzədən yığmağa
sövq edən bir ilahi qüvvədir. Başqa sözlə,
eşq duyğusu insanı mənən cilalayır, keyfiyyətcə
dəyişdirir, tərbiyələndirir və ruhən
durulaşdırır. Təsadüfi deyil ki, aşiqlik dərəcəsinə
yetişənlər ekstaz vəziyyətdən ayılarkən
dərdlərini - gizli duyğularını adi dillə deyə
bilməyib, «bir başı çömçə, bir
başı incə» saz istəyir, sazı çalıb-dilləndirməklə
dərdlərini bəyan edirlər. Saz qədim musiqi aləti
olduğu kimi, sazı dilləndirmək də ruhani keyfiyyət
daşıyıcısıdır. Yəni ruhən yenidən
dirçələn aşiq obrazı ruhun dilində - sazın
sehrli dilində danışmalı olur. Ona görə də
«butanın gücü ilə aşiq olan» qəhrəman ona
içirdilən eşq badəsinin hesabına da
aşıqlıq mərtəbəsinə yetişir. Elə
buta verilmiş gəncə haqq aşiqi adının verilməsi
də ona Allah-Təala tərəfindən qeyri-adi keyfiyyətlərin
bəxş olunduğuna bir dəlil-sübutdur. Çünki
buta vergisi hər adama nəsib olmur...
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 23 may.- S. 15.