Bir kitab var...
...səhifələrində çox arzu, çox sevgi,
çox xitab var
Bu
kitabın “ön söz”ündə deyilir ki: “Hər
kitabın ən ön sözü onun üz
qabığındakı adıdır. “Təvəkkül
Qurban” müəllifliyilə başlanıb, “Kövrələn
vaxtımdı” adlığıyla bitən bu doğal ön
söz Sənə nə deyəcək, nələr söyləyəcək,
oxucu dostum?”
Baxaq, görək nə deyir - 168 səhifəlik “son
söz”lü bu “ön söz”?
“Şirvannəşr”də
işıq üzü görən bu kitabın birinci səhifəsi
ulu Tanrıya açılır, ikinci vərəqi ulu öndərə.
Bəndə-şair birinci səhifədə
Qarabağ illətimizlə bağlı deyir:
Biz nə dəmir, nə də
daşıq,
Nuhdan haqqa tərəfdaşıq,
Ətəyindən
yapışmışıq -
Pənah Allaha, Allaha...
Vətəndaş-şair ikinci vərəqdə
də həmin yurdumuza dair - Qarabağ ...zillətimizlə əlaqədar
deyir, amma bu dəfə öndər - əsgər tandeminə
böyük inam hissi ilə:
Rahat uyu - gələcək haqq,
Torpağımız alınacaq.
Ruhun gəzib şad olacaq,
Hər əsgərin nərdi, baba,
Ulu öndər - Heydər baba!
Mövzu-mətləbcə bu
“çoxfənn”li kitabda “Ana dili”ndən də bəhs edilir.
Dünyanın hər anlamda əzəli, valideynliyin hər mənada
gözəli ANA haqda. Kitabın “ön söz”ünün məlumatına
istinadən desək, tək Təvəkkülünü
üç yaşından tək-tənha
böyütmüş, oğlunun sinif yoldaşları içərisindəki
kimsəsizlərə, kasıb-kusub uşaqlara da əlavə
təlim-tərbiyə, mehribanlıq, pasibanlıq, qanacaq-mərifət
qidaları üyütmüş Sürəyya müəllimə
barədə. İndi görək, cürəbəcürə
əzablar xanası, sular sonası, ellər anası olmuş o
Ana (bizcə, bütün namuslu analar!) - bütün bəndlər
boyu “dayağım, çırağım, mayağım” deyə
xatırlanan o aləm-ələm varlıq bu qələm-varlıq
üçün daha kim imiş:
Məni ürəyinin parası bilən,
Ömrünü-gününü
bütöv pay verən,
El-oba çiynində dünyadan
gedən
Ən doğma, ən əziz
“qonağım” imiş...
Dağlar... Nənə bayatılarımızın
“Çeşməli, sulu...”, Dədə Ələsgərimizin
“Qüdrətdən səngərli, qalalı dağlar”ı...
Bəs, Təvəkkül
Qurbanın işğaldakı dağları?
Təvəkkül Qurbanam - fikrə
dalmışam,
Dərd çəkib, özümdən
qisas almışam,
Dağlara o qədər həsrət
qalmışam -
Heç kimə demərəm
“ahın dağlara”!..
Dünya... “Biz gəldi-gedərik,
sən yaşa”dan başlamış, “...sən nə qəribəsən”ə
qədər vəfasız, sehrli, mürəkkəb bir aləm.
Bəs bu klassik “sənədli” mənzərə Təvəkkülün
çağdaş poetik tablosunda necə canlanır?
Kimi bu dünyada iz qoyub gedir,
Qızıldan
qiymətli söz qoyub gedir,
Kimi neçə sifət, üz qoyub gedir,
Birüzlüdə
üz ağ,
ürək çat olur...
Təvəkkül Qurban övladlarına,
nəvələrinə də
şeirlər qoşub.
Amma əgər bir şeirdə onların hərəsinin başına bir kərə dolanıbsa, Vətən övladlarına,
ölkə nəvələrinə
beş dəfə
qurban olub:
“Hərbi and”a sadiq qalan,
“Əsgər, düzlən!” əmri alan,
Boysırası
sıralanan
Boyunuza qurban olum!
Ömrünüzün
may vaxtıdır,
Yar seçməyin tay
vaxtıdır,
Nişan vaxtı, toy vaxtıdır
-
Toyunuza qurban olum!
Vətən ana, siz - övladlar,
Ona haqq-sayınız var,
Qeyrət, namus payınız var -
Payınıza
qurban olum!
Kitabı vərəqlədikcə, görürsən ki, bu şeirin başqa bir “dərdi”, özgə bir “azarı” da varmış. Dərdi bu ki,
müəllif Füzuli
rayonundan qaçqın
düşüb və
iki həmkarı ilə - tanınmış
şairlər Oruc Səda və Mahmud Qacarla “qürbət”də
özlərinə yer
tapa bilmirmişlər:
Yurdu alıb, görmək üçün ölürük,
Bu sevinci bölmək üçün
ölürük,
Füzulidə
ölmək üçün
ölürük -
Oruc Səda, Mahmud Qacar, bir də mən...
Yox, oxucu, Təvəkkül
Qurban “bədbinliklə
bağlaşma” bağlayıb,
“elə hey ağlaşma”
quran şair deyil. Onun sayca dördüncü
olan bu kitabında
da nər-nər nərildəyib, gur-gur guruldadığı məqamları,
əzəli sevgi-məhəbbətdən
yuxaca-yuxaca bəhs edən nazikcə-nazikcə
şeirləri kifayət
qədərdir. İstəsəniz,
bu kitabı əldə edib, özünüz tanış
ola bilərsiniz. Mənsə,
bu yazımı şairin sənət, musiqi alətləri haqda yazdığı bir şeirdən iki bəndlə davam etmək və məhəbbət nüvəli bir qəzəli ilə bitirmək fikrindəyəm.
Öncə sənət:
Muğam aləmində üçlüyümüz
var -
Könül sərvətini yaşadır
onlar.
Xanəndə,
tar, kaman - canbir olublar,
Qardaş belə olar, dost belə olar.
Üçlüklər
dolanıb gəzir hər yanı,
Yayılır ellərə şöhrəti,
şanı,
Dünyaya tanıdır Azərbaycanı,
Yurddaş belə olar, “tost” belə olar!
Sonca məhəbbət:
Yandım,
Allah, bu qızın nə can alan
baxışı var!
Gözümə gözlərindən şimşəkmisal çaxışı
var.
Yeriş incə, duruş qönçə, saçları
zülmət gecə,
Baxanı matı-məəttəl eyləyən göz-qaşı
var.
“Günah” işlədib gözüm
- o qız mənə
yar olmasa,
Qəlbimin gözlərimə ömrü boyu qarğışı var.
Eşqin ayna bulağında indi-indi daranır o -
Qınamayın naz-qəmzəsin - naşının nə yaşı var?
Deyin, Təvəkkül deyir ki, nə badə,
“yox” söyləməsin,
Yoxsa, vallah, onu da
qərq edəsi göz yaşı var!..
Və nə bilmək
olar, bəlkə şairin vəsf etdiyi bu “üçlük”
üzvlərindən, sənət
ustalarımızdan kimlərinsə
könül quşu bu lirik-aşiqanə şeirlərin də çiyninə qondu?
O zaman müraciəti-xitab
sizdən, kitab bizdən...
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 23 may.- S. 12.