“Bu peşəni seçdiyimə görə heç vaxt
peşmançılıq keçirməmişəm”
Səhnə
arxasında qalanlar
“Səhnə
arxasında qalanlar” rubrikasından növbəti material
hazırlamaq üçün bu dəfə yolumuzu Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
tikiş sexindən saldıq. Tikiş sexində məni
gülərüzlü, xoşsimalı üç xanım
qarşıladı. Sexin rəisi İradə Mirişli ilə
söhbətə başlamazdan əvvəl asılqanlardan
asılmış gözəl, al-əlvan geyimlər diqqətimi
cəlb etdi.
Onların sırasında milli
üslubda olanları daha çox nəzərə
çarpırdı. Bu geyimlərin hansı tamaşalar və
aktyorlar üçün tikildiyi ilə maraqlandım. İradə
xanım böyük həvəslə sexdəki iş prosesi
və sənətə gəlişi haqqında
danışmağa başladı:
- 35 ildir ki, dərzi kimi fəaliyyət
göstərirəm. Uşaqlıqdan bu sənətə
böyük marağım olub. Məktəb vaxtı dərslərimi
yaxşı oxumuşam, valideynlərim də istəyirdilər
ki, ali təhsil alım. Amma bu sənətə marağım
o qədər güclü idi ki, düşünürdüm,
ali təhsil alsam məni bu işlə məşğul
olmağa qoymazlar. Hələ məktəb yaşlarımdan məni
balaca dərzi kimi televiziya və radioya uşaq verilişlərinə
dəvət edirdilər. O vaxtlar tikiş dərnəyinə
gedirdim, bundan əlavə, əmək təlimi dərslərində
sərgilər keçirilən zaman əl işlərim
nümayiş olunurdu. Demək olar ki, 15 yaşımdan bu sahə
üzrə sərbəst işləməyə
başlamışam. 20 ildir teatrda dərzi kimi
çalışıram. Bir müddət Ukraynada
yaşadıqdan sonra 1992-ci ildə Bakıya qayıtdım və
həmin ildən teatrdayam. Bu sehrli aləm elə ilk gündən
məni özünə valeh etdi. Bu günə kimi yüzlərlə
tamaşaya geyim hazırlamışam. İş
yoldaşlarım da uzun illərdir bu sahədə
çalışırlar. Bəhmən Rzayev 40 ildir dərziliklə
məşğuldur, 4 ildir ki, bizimlədir, Tamilla Əliyeva 22,
Esmira Mirzəyeva isə 21 ildir ki, bu teatrda işləyir. Lətifə
Ağahüseynova təzə gələn
kadrlarımızdandır.
Teatra gələndə
çoxları mənə deyirdi ki, buranın işi çox
çətindir. Amma buna əmin idim ki, sənəti sevirsənsə,
onun çətinliyi səni qorxutmamalıdır. Məndən
əvvəl burada çalışan sex rəisimizlə
işləyirdim və onun məsləhətləri ilə
teatr dərziliyinin incəliklərinə yiyələndim. Həmin
vaxta qədər milli geyimlər hazırlamamışdım.
Kitablarda, filmlərdə bu geyimləri görsək də,
bilavasitə bu işlə məşğul
olmamışdım. Sonradan eskizlərlə işləyərək
bu geyimləri də tikməyə başladım. Bu gün
mürəkkəb tamaşa geyimini belə gözümü
qırpmadan işləyirəm. Digər teatrlara da dəvətlər
alıram, eyni zamanda kino sahəsində də işlərim
olur. Şuşa Teatrı bizim binadan köçənə
kimi onların bütün geyimlərini özüm işləmişəm.
Bəzən teatrlar özləri məni axtarıb tapırlar.
Mən də məmnuniyyətlə öz köməyimi əsirgəmirəm.
Son işim “Sübhün səfiri” filminin geyimləri olub.
Bu gün seximizdə öz
işinin öhdəsindən layiqincə gələn əməkdaşlarımız
çalışırlar. Premyeralar zamanı tamaşanın
kostyumları barədə deyilən hər xoş söz bizi
sevindirir. Ötən il əvvəl teatrımızda “Viktoriya”
tamaşası hazırlandı. Moskvadan dəvət
almış rejissor bizim kostyumların şəkillərini
çəkib özü ilə apardı. Bizim işlərimiz
hər obraza və hər aktyora uyğun
ölçülür, bəzən aktyorlar bu geyimlər
üzərində müəyyən dəyişiklik etmək
istəyirlər. Bu zaman, əlbəttə ki, eskizdən kənara
çıxmaq mümkün deyil. Elə buna görə də
rejissor və rəssama müraciət edib kostyum üzərində
yenidən işləyirik.
Bu günə kimi
hazırladığımız geyimlər arasında milli
üslubda olanları daha çox sevirəm. Xalq artisti, rəqqasə
Təranə Muradova üçün bir neçə rəqs
paltarı hazırlamışam. Bəzən olub ki, 30 rəqs
kostyumunu ölçüsüz tikmişəm və tam
uyğun gəlib. Geyimlər üçün
parçaları teatrın direktoru və rəssamla birlikdə
gedib seçirik. Köhnə geyimlərimizdən, demək
olar ki, istifadə etmirik. Bu gün tamaşaçı daha
müasirdir və baxışları da fərqlidir. Buna
görə də hər tamaşaya uyğun gözəl geyimlər
hazırlayırıq ki, tamaşaçıların
zövqünü oxşaya bilək.
Valideynlərimin istəklərini
yerinə yetirməyib dərziliyi seçdiyimə görə
heç vaxt peşmançılıq hissi keçirməmişəm.
Tanrıdan istəyim budur ki, mənə ömür versin,
arzuladığım geyimləri də hazırlaya bilim. Hərdən
istəyirəm yenidən gənclik illərimə
qayıdım və o dövrdə yarada bilmədiklərimi
yenidən işləyim.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 23 may.- S. 11.